Gündəm, Şərhlər
10.08.2015 / 10:34

Bəxt

Bəxt
Ceyhun ÇİNGİZOĞLU / İnform.az


“Sağlam düçüncənin bəxtə ehtiyacı yoxdur”
Əlisa Nicat


Onun yaşadığı ölkədə demək olar ki, heç kim düşünmək və dərk etmək iqtidarında deyildi. Sanki hamı düşünmək kimi ağır bir yükün altına girməkdən imtina etmişdi. Ona görə də bu ölkədə şüurlara yeni bir şeylər verilmirdi. Yalnız O, gecə-gündüz yorulmadan çalışırdı. O, büyün ömrünü kitablara və təfəkkürə həsr etmişdi. Xalqının uzunmüddətli yuxuya daldığı zamanlarda O, daim axtarışlarda olmuş, özü üçün nadir nüsxələr tapa bilmişdi. İndi isə bunun nəticəsində sakit və firavan həyat sürürdü. Bütün günü çayxanarlarda vaxtını öldürən xalqından fərqli olaraq, o, camaat arasında az olur, küçədə görünmür və demək olar ki, gözəgörünmədən yaşayırdı. İllər ərzində mütaliə etməsi onu insanlardan uzaqlaşdırmışdı. İndi insanların arasına girsə belə, bir nəticə verməyəcəkdi. Çünki o, artıq çox uzaqlarda idi. O, xalqını və ətrafındakıları bir neçə yüz il qabaqlamışdı. Bütün bunları anladığından mümkün qədər insanların gözündən uzaq bir yerdə yaşamağa çalışırdı.
Onun yaxşı yaşamasını görənlər və ona yaxşı bələd olmayanlar elə düşünürdülər ki, həyatda onun bəxti gətirib. Ancaq, əslində heç də belə deyildi. Yəni, həyatının heç bir dönəmində onun bəxti filan gətirməmişdi. Həyatının bəzi dönəmlərində Tanrıdan da küsən bu adam, çox keşməkeşli və mərhumiyyətli bir həyat tərzi keçirmişdi. Yaşadığı ölkədə despotizm hakim olduğundan, o, uzun müddət yaradıcılıqla məşğul ola bilməmişdi. Yaratdığı gözəl əsərlər isə lazımsız kağız parçası kimi bir kənara tullanmışdı. Tapdığı nadir inciləri xalqına vermək istəsə də, xalqı bu incilərdən imtina etmişdi. Onun xalqının gözlərini kor etdiklərindən, xalqı yaxşı ilə pisi ayıra bilməz vəziyyətə düşmüşdü. O, xalqı üçün hər şeyindən keçsə də, xalqı onun üçün heç nəyindən keçmək fikrinə düşməmişdi. Bütün bunlara baxmayaraq, o, ruhdan düşməmiş, nə vaxtsa zamanının gələcəyinə inanaraq, daim gözəl əsərlərini yaratmaqda davam etmişdi.
İndi isə onun zamanı gəlmişdi. Zamanının gəldiyi üçün, cəmiyyətdə ona ehtiyac olduğu üçün artıq firavan yaşamağa başlamışdı. Ölkəsində hamı onun bəxtinin gətirməsindən danışırdı. Bütün danışılanlara cavab verməyən bu adam, ömrünün sakit və firavan dövrünü yaşamaqda davam edirdi. O. hamının ona qibtə etdiyini bilirdi. Dərin düşüncəsi, parlaq zəkası, məntiqi və ağlı sayəsində o, yaradıcılığının pik nöqtəsinə çatmışdı. Uzun illərdən sonra nəhayət ki, hamı onun tərəfə can atır, hamı onun yanında olmaqdan qürur duyurdu. Ancaq artıq gec idi. Çünki o, ona tərəf gələnlərdən çox uzaqda və əlçatmaz yerlərdə idi.
Ölkəsində onu sevməyənlər və ona nifrət edənlər də az deyildi. Ona nifrət edənlərin bir qismi bu nifrəti paxıllıqdan, bir qismi isə onun kimi ola bilməməkdən dolayı edirdi. Ətrafına yığılan çoxlu sayda gəncin ondan nəsə öyrənməsinə qətiyyən mane olmurdu. O, gənclərin ona ünvanladığı saysız-hesabsız həmişə gülümsəyərək, aramla cavab verirdi. Bütün bildiklərini və uzun illər topladığı inciləri indi bir neçə gənclə paylaşmaq ona başqa ləzzət verirdi. Bu ləzzəti isə onun özündən başqa heç kim dada və duya bilməzdi.
Uzun illərin mütaliəsi, təcrübəsi və təfəkkürü onda onda sağlam düşüncə, dərin zəka, gözəl məntiq və düşünülmüş addım atmaq istedadı formalaşdırmışdı. Ona görə də onun heç kimə və heç nəyə, hətta bəxtə də ehtiyacı yox idi. Artıq onun firavan həyatını heç kim və heç nə poza bilməzdi.

Baxış sayı: 708