Gündəm, Şərhlər
08.08.2015 / 12:40

“Qəbələ”nin qələbəsindəki siyasət

“Qəbələ”nin qələbəsindəki siyasət

Aqil CAMAL / İnform.az


“İdman həm də siyasətdir”. Bu fikir bizim üçün əvvələr o qədər də aktual deyildi. Dünyada idmanın şahı sayılan futbolda insanlarımızın emosiyaları daha çox tərəfdarı olduğu komandanın qalibiyyəti və ya məğlubiyyəti əsasında ortaya çıxırdı. Bu günsə dünyanın futbol fanatlarının çeşidli səbəblərdən doğan hiss-həyəcanları Azərbaycan gənclərinə, futbol azarkeşlərinə də sirayət etməkdədir. Bu gün artıq bizdə də, siyasi mülahizələrlə, siyasi təəssübkeşlik hissi ilə futbol arenalarına axışan azarkeşlər var. Sonuncu “Qəbələ”-“Apollon” oyununda olduğu kimi...
Hazırda mediada, sosial şəbəkələrdə ciddi müzakirə olunan bu oyuna dair bir neçə nüansa vurğu salmaq istəyirəm.
Birincisi, “Qəbələ”-“Apollon ” qarşılaşması səbirsizliklə gözlənilirdi. Çünki, Kiprdə keçirilən qarşılaşmada Azərbaycan bayrağı və başqa milli atributlarımız kiprli “Apollon” azarkeşləri tərəfindən təhqir olunmuşdu. Bunun hesabını sormaq istəyən xeyli sayda gənc həmvətənlərimiz vardı.
Amma bəlli olduğu kimi, burada keçirilən oyunda nə rəqib komandaya, nə də Kipr dövlətinə qarşı hər hansı aşağılayıcı hərəkətə yol verilmədi. Sadəcə, gənclərimiz tərbiyəli davranaraq Azərbaycan, Türkiyə və Quzey Kıbrıs Türk Cümhuriyyətinin bayraqıarını dalğalandırdılar, milli şüarlar səsləndirdilər. Bu kiprli azarkeşlərin hərəkətlərinə verilən ən layiqli cavab idi.
İkincisi, oyunda vurulan yeganə qolun sahibi Cavid Hüseynovun oyunun sonunda Türkiyə və Azərbaycan bayraqlarını stadionda dalğalandırması... Məncə, bu sıradan bir jest deyildi. Əvvəla, Cavid Hüseynov Kiprdəki oyunda da “Appolon” tərəfdarlarına onlara yaraşan tərzdə cavab vermişdi. Sonuncu oyunda bayraq qaldırması əvvəlki jestinin davamı idi.
Öyrəndim ki, Cavid Huseynovun atası Cəbrayilda batalyon komandiri olub, 1993-cü- ilin sonlarında Qarabağ döyüşlərində şəhid olub. Yəni, onun istər Kiprdə, istərsə burada keçirilən oyunlarda nümayiş etdirdiyi belə deyək, dəliqanlılıq, ailədən, gendən gələn bir duyğudur.
Azərbaycan və Türkiyə idmançılarının, sənət adamlarının ayrı-ayrı arenalarda, yarış meydanlarında, dünyanın gözü qarşısında bu iki qardaş bayrağın birgə dalğalandırılması artıq bir ənənəyə çevrilib.
Cavid oyunun sonunda iki qardaş ölkənin bayrağını dalğalandırmaqla dünyaya bir daha qardaşlıq mesajı verdi. Bütün idmançılarımızda Caviddə olan milli hissi, milli qüruru görmək xoş olardı.
Və sonda, “Qəbələ”-“Apollon” oyununda yaşanan gərgin anlarla bağlı. Polisin yerli azarkeşlərə qarşı həyata keçirdiyi hədsiz zorakılığın videosuna baxdım. Qeyri-adekvat, gərəyindən artıq hərəkətlər idi. Sadə, heç bir təxribatçı planı və ya xarakteri olmayan, sevimli komandasına azarkeşlik etmək üçün stadiona gəlib, öz dövlətinin bayrağını qaldıran gəncləri bu cür əzmək, gözünü qırmaq olmaz. Sabah, o oturacaqları boş görsəniz, nə edəcəksiniz? Futbolda fanat çılğınlığı qəbul edilmiş bir tərzdir. Bu tərzi sərgiləyənlərə qarşı zorakı hərəkətlər heç kimə başucalığı gətirmir.

Baxış sayı: 662