Gündəm, Şərhlər
08.08.2015 / 12:15

Bəşəriyyətin din anlayışı və dini dünyagörüşü

Bəşəriyyətin din anlayışı və dini dünyagörüşü

Aydın MƏDƏTOĞLU / İnform.az


(I yazı)


Din, İlahi hökmlərin cəmidir.
Din, Tanrını vəsf etmə elmidir.
Dinin tarixi insanlığın tarixi qədər qədimdir. Başqa sözlə, din insanoğlu ilə yaşdaşdır.
Hər dövrün özünəməxsus dini dünyagörüşü vardır.
Din, insanla Tanrı arasında əlaqə vasitəsidir. Bu əlaqə kəsilərsə, insanlıq məhv olar. Bu anlamda din, Tanrını, Yeri, Göyü yox, məhz insanı mühafizə edir.
Ayrı-ayrı fərdlər dinsiz yaşaya bilsələr də bəşəriyyət və qarşılıqlı olaraq heç bir cəmiyyət dinsiz yaşaya bilməz.
Gücünü bütün varlıq, hadisə və Kainata hiss etdirən yeganə varlıq Tanrıdır. Məhz bu Ulu, Əzəli və Əbədi Qüdrətə tapınmağa, səcdə etməyə, sayğıya, sevgiyə və inama Din deyilir.
Din, insanları Tanrıya tapındıran İlahi hökmlər toplusudur. Dini harada tapırıqsa tapaq, onunla harada və nə zaman qarşılaşırıqsa qarşılaşaq, dinin məqsədi hər zaman müqədəssdir. Nə qədər qüsurlu və nə qədər ibtidai bir din olursa olsun yeri Tanrının hüzurunda, insanın ruhundadır. Tanrı haqqında insanın düşüncəsi nə qədər qüsurlu, nə qədər qüsurlu, nə qədər ibtidai olursa olsun, hər zaman insan ruhunun indiyə qədər ulaşıb qavradığı mükəmməlliyin ən yüksək qayəsini ifadə edir.
Müəyyən mənada hər bir din başlanğıcda doğru bir inam olmuşdur. Bunlar dünyanın çağına uyan, hər nəslin fikirləri, düşüncələri və dili ilə uyumlu, o dövr üçün ağla uyğun inanclar idi. Ona görə də antik dinlərə əsaslanaraq o dövrün insanlarının düşüncə və duyğuları haqqında müəyyən məlumatlar əldə etmək olar. Ilkin insanların inanclarını anlamaq üçün özümüzü onların yerinə qoymalı, onların mərasimlərini, dualarını və dini düçüncələrini anlamağa çalışmalıyıq.
İnsanlığın ilk inancı Tanrıya saf və sadə şəkildə ibadət etmək idi. Sonradan mürəkkəbləşən bu ilk inamın, imanın şəkli dəyişmiş, kahinlərin, xaxamların, papaz və rahiblərin, ruhanilərin mərhələ-mərhələ öz fikir və mülahizələrini bu işin içinə qatmaları ilə əsil din bir çox xüsusda ahəngsiz bir halda gəlmiş, uydurma və yanlış qənaətlərlə üstü örtülmüşdü. Artıq insanlar əsil Tanrıya deyil, onun simvollarına ibadət etməyə başlamış, beləliklə dünyada əsil din pozulmağa başlamışdı. Simvollara tapınmağı ilk öyrədənlər özlərini “Ruhani” adlandıran vicdansızlar zümrəsi olmuş, sonradan ağaca, daşa qurban kəsilməsini “Fetişistlər” devr almışdı.
“Bütün xalqlar bütlərə sitayişlə başlayıb daha sonra sırası ilə çoxallahlıq və təkallahlıq mərhələlərinin keçmək məcburiyyətində qalmışlar”- deyən tədqiqatçılar əslində “insanın meymundan əmələ gəldiyi ” nəzəriyyəsinin müdafiəçiləridir. Biz belə hesab edirik ki, ilk din (adəm Peyğəmbərin dini) təktanrılı din olmuş, sonradan bütpərəstlik və çoxallahlıq və ən sonda yenə də təktanrılı dinlərə dönüşülmüşdü. İlkin insanlar tərəfindən Günəş əsla Tanrı kimi qəbul edilməmişdir. Günəş ilkin insanlar üçün sadəcə ilahi bir simvol olmuş və ona əsla ibadət edilməmişdir.
Günəş ən başlanğıcdan bəri təkallahlığın “Tanrı simvolu” olmuş və Tanrının təktanrıçı kültürdəki simvolu olmaq bütün müqəddəs simvollar arasında ən müqəddəs olmaq anlamına gəlməkdəydi. Bu təktanrıçı “Tanrı simvolu” olan Günəş insanların Misirdə, Babildə, Meksikada, Peruda və s. Yerləşməyə başlamasından on minlərcə il öncəsində belə Türküstanda, Azərbaycanda ən müqəddəs simvol olaraq mövcud idi. Belə olduğu təqdirdə necə ola bilmişdi ki, günəş bu mədəniyyətlərə aid bir dönəmdə üstünlük qazanaraq önə çıxa bilmişdi?!
Bizcə qədim insanların Tanrı üçün bir çox simvollar işlətmələrinin səbəblərindən biri və birincisi onların Tanrının adını anmağın uyğun olmayacağını düşünmələri olmuşdu. Tanrını hər zaman “adsız” olaraq işlətdiklərindən antik insanlar fərqli simvollardan istifadə etmiş, bu simvollar Tanrının fərqli xüsusiyyətlərinin təmsilçisi olmuşdular. Bunu dərk və ya qəbul etməyən araşdırıcılar Tanrını qəlbən, səmimiyyətlə anlamağa çalışan ulu babalarımıza sayğı duymaq yerinə insanların zehnindəki antik dinlərə qara ləkə yaxmaqla məşğul olmuş və bu gün də məşğul olmaqdadırlar.

Baxış sayı: 1254