Baş xəbər, Maqazin, Müsahibə
07.08.2015 / 18:51

Qaraqan: "Onları incidəndə, bundan həzz alırlar"

Qaraqan: "Onları incidəndə, bundan həzz alırlar"

Qaraqan ləqəbli yazar, reper Elxan Zeynallının İnform.az-a müsahibəsi:

- Bəlkə dilimiz o qədər iti deyil və arada susuruq, bəlkə qulaqlarımız yaxşı eşitmir və bizə deyilən məsləhətlərin çoxuna əməl etmirik, bəlkə ayaqlarımız da zəifdi, ədalətsizlik görəndə tərpənə bilmirik. Amma Allaha and olsun ki, gözlərimiz hər şeyi görür. Bu sözlərin sahibi sizsiniz. Sonuncu dəfə nəyə göz yummusunuz, amma vicdanınız sizi rahat buraxmayıb. Niyə bu sualı verirəm?- çunki, bilirəm ki, bütün məsələlərə vicdanla yanaşırısınız.

- Ayaqlarım altında tapdalanan qarışqaları görərək edirdim və vicdanım susmurdu. Amma qarışqalar üçün deyəsən xüsusi bir fərq yox idi.

- Mən qarışqanı belə incitməmişəm cümləsindəki "belə" sözü qarışqanı incidir.
Kiçik gözə çarpmayan olmaq ağrı hiss etməmək anlamına gəlir?


- Qarışqalar mazoxistdir, onları incidəndə bundan həzz alırlar - bəzi xalqlar kimi.

- Entomoloqsunuz? Hardan bu qənaətə gəlmisiniz?

- Həyat təcrübəm, müşahidələrim bəs edib. Yazıçının qənaətə gəlməsi üçün düşünməsi də kifayət edir.

- Etiraf edək ki, reper musiqiçi hətta bəstəkar sözü yazar sözünün ağırlığı altında əzilir.
Elə indi sizin yuxarda dediyiniz kimi… özünüzü yazar kimi təqdim etdiyinizdən bu çəkini hiss etmək olur.


- Baxır çəkiyə, Eminem Marağalı Əvhədidən ağırdır, Ray Çarlz Elif Şafakdan, Şopen Qaraqandan. Reper, musiqiçi, bəstəkar, yazıçı - Hər şey nisbidir. Amma çəkisinə və ağırlığına qalsa, məncə ən ağır çəkili məfhum Nyutonun başına düşən alma idi.

- Bu ədalətli müqayisə deyil. Eminemlə Markesi, Rey Çarlzla Kafkanı müqayisə etməliyik, əgər söhbət ən yaxşıların müqayisəsindən gedirsə...
Almaya gəldikdə isə, ən ağır çəkili məfhum olduğunu elə Quran da sübüt etmişdir (Adəmlə Həvvanın tamahı anlamında).
Hər iki hadisə bəşəriyyət üçün önəm daşıyırdı.


- Rep ilə ədəbiyyatı və ya musiqini müqayisə edə biləcək tərəzim yoxdur. Məncə, bunlar müqayisə edilməz məfhumlardı. Nəyin nədən üstün olması, ancaq vəziyyətindən asılıdır.

- Hər halda müqayisə etdiyimiz insanlar, hər biri yaradıcı insanlardır. Düşünürəm ki, onları müqayisə etmək olar.
Almadan sitat gətirdiniz. Quranı, Nyutonu xatırladıq. Bir nəfəri qaldı: bəşəriyyətin texniki inkişafının istiqamətini dəyişən insanlardan biri olan Stiv Cobsun “alma”sıyla Nyutonun “alma”sını müqayisə etmək olar?


- Nyutonun “alma”sının gücü nəticəsində Stivin “alma”sı yerə düşüb çilik-çilik olur.

- Bəli! Bundan ən yaxşı cavabı ancaq Çörçil verə bilərdi.
Gözlərin dərindir. Uzaqlara aparır.
Peşəkar qatildir... çoxları bu dərinlikdə boğulub?


- Yəqin anaları ataları vaxtında deməyib ki, çox dərin yerə getməsinlər, yıxılarlar. Mənlik bir şey yoxdur.

- Sevgi dolu repləri hansı hisslərlə yazmısınız bilmirəm, amma yaxşı yazırsınız. Ən azından Elxan hissləri dərinliyinə kimi yaşayır fikrini yaradırsınız.
“Salam Can”, “Adəm və Həvva”, “Dekabr” treklərini buna misal gətirmək olar.


- Təbii ki, hissləri dərinliyinə kimi yaşayıram. Yaradıcılığım ilk növbədə özüm üçündür, daha sonra dinləyicilər üçün. Ümumiyyətlə, həyatı bütün çalarları ilə yaşamağı sevirəm.

- “Baş rolda özüm” trekində yazdığınız kimi, gizli əlçatmaz bir hiss yaşamısınız?

- Qəribədir, ya taleyim elə gətirib, ya da zövqüm elə olub ki, heç vaxt belə bir vəziyyətdə olmamışam. Və əldə edə bilməməyin nə olduğunu bilmirəm.

- Yaradıcı insanlar yaşamadığı hissi yazmaqda daha ustaddır, yoxsa yaşadığı?

- Hər ikisində. Amma yaşamadığı bir hissi belə yaratdığı əsər içində yaşaya bilər. Və təbii ki, necə ki, hisslər yaradıcılığa təsir edir, eləcə də yaradıcılıq hisslərə təsir edir. Məncə bir mühasibin, biznesmenin sevgisi ilə bir yaradıcı insanın sevgisi arasında xeyli fərq var.

- Bəziləri hesab edir ki, biznesmenlə fiziki toxluq mənəvi aclıq içində yaşayırsan, yaradıcı insanla isə adətən fiziki aclıq mənəvi toxluq.
Ümumiyyətlə həyatdan istədiyin nədir?


- Çox gənc yaşlarımdan məşhur oldum, mənəvi və maddi bir çox istəklərim yerinə yetib, iş qrafikim azaddır, həyatımın böyük bir hissəsi səyahətdə keçir, sevgi və hörmət artıqlaması ilə üstümə tökülüb - eqom çoxdan doyub mənim.
Sübut etmək, uğur qazanmaq - bunlar artıq keçmişdə qalan şeylərdi. İddiallarım özümlə bağlıdır, insanlarla, ətrafla deyil.

- Mən özünlə bağlı iddialarını sual edirəm: hər halda həyatda müəyyən uğur qazanan insanın ətraf vecinə də dəyil. Həyatda tamamlanmamış hansı missiyanız var?

- Burada artıq "iddia" sözünü "kəşf", "dərk", "mənəvi qida" ilə əvəz etməli oluram. Tamamlanmamış missiyalarım çoxdur. Onları açıqlamaq istəmirəm hələ. Amma, eqomla heç bir əlaqəsi yoxdur bunların.

- Amerikanın hansı ştatındasınız?

- Nyu –York.

- Böyük şəhərlərdə yaşamaq asandır yoxsa kiçik?

- Əgər həyat yolunu və istəklərini müəyyənləşdirmisənsə hər ikisi asandır. Nyu - York Vəhşi Təbiətlə meqapolis arasında olduğu üçün daha gözəldir. Bir tərəfdə toxunulmamış meşələr, okean, 500 km-likdə Niaqara şəlaləsi, digər tərəfdə Brodvey, Manhattan, Wall-street. Bu baxımdan Nyu - Yorkda təbiət, kənd, kiçik şəhər və böyük şəhər mədəniyyəti birləşib.

- Amerikalılar haqqında nə düşünürsünüz?

- Zəhmətkeş, gülərüz, cəsarətli, ailəcanlı və azad insanlardı.

- Azərbaycanlılarla amerikalıları müqayisə etdikdə hansı çatışmazlıqlar hiss olunur?

- Müqayisə edilməyəcək dərəcədə fərqlər var.

- Bu fərqlərdən sonra amerikalı kimi yaşamaq çətin deyil ki?

- Belə bir deyim var, daxili dünyası olan insanların evi içlərində olur. Ona görə hara getsələr evlərini özləri ilə aparırlar.

- 10 il əvvəlki evinlə indiki evin arasındakı fərq nədir? Daxilində nəyi özünlə daşıyırsan?

- Dünyagörüşüm və fikirlərim ildən ilə metamorfoz edir, dəyişir. Bu daxili dünyaya da yansıyır. O qədər nəsnə dəyişir ki, keçmiş sahildə buraxdığımız ayaq izləri kimidir. Əgər hər dəfə çevrilib izlərə baxacamsa, onların qeydinə qalacamsa, indini itirmiş olacam. Özümlə heç nə aparmıram, amma nə gəlir ardımca özü gəlsin.

- Yeri gəlmişkən, amerikalı yazarları yəqin ki, oxumusunuz? Hal-hazırda ən diqqət çəkəni sizin üçün kimdir?

- Yəqin ki, son illər məni daha çox maraqlandıran Hovard Filips Lavkraftdır.

- Belə çıxır ki, Elxan miflərə inanır, mistika janrını sevir?

- Buna tam mistika demək olmaz. Daha çox mifologiyadır. Amma, müasir və şifahi yox, yazılı mifologiyaya. Lavkraftın əsərlərində mifoloji elementləri daha çox sevirəm.
Realistəm, elmə və məntiqə əsaslanıram. Amma, bir gün elm və məntiqlə sübut olunsa ki, mif əslində mif deyil, reallıqdır, təbii ki, inanacam. Daha sadə desək, əjdahalara inanmıram, amma dinozavrların olduğuna inanıram.
Və son nəticədə ortaq bir məxrəc var.

- Filmlərlə aranız necədir?

- Filmlərlə aram adətən bir iki metr olur, və mütləq bu "arada" dadlı nəsə olmalıdır. Yeyərək baxmağı sevirəm.

- Sizi təsirləndirən bir neçə film adı çəkin.

- Çox heyf ki, son zamanlar filmlər təsirləndirmir. 18-20 yaşlarımda belə filmlər daha çox olub. Fellini, Kurosava, Kassar, Tarantino, Kubrik, Ford, Koppola, Almodovar son illər Vaçovski və Nolanların filmləri. Amma məni təsirləndirəcək filmlər deyəsən elə o illərdə qaldı. İndi daha çox elm təsirləndirir. Araşdırmalar, elmi konfranslar. Fizika, Astronomiya, Genetika

- Kimi nə qədər düşünürsən düşün, "düşüncələrin ən dərini, başına yastığa qoyduğun anda başlar”. Yastığa başınızı uzatdığınızda adətən nə haqda düşünürsünüz?

- Yastığı necə fırladım ki, rahat olsun. Şimal qütbündə ən soyuq nöqtəni axtaranlar kimi, yastığın ən sərin yerini axtarıram illərdir - düşünürəm görəsən Yaponlar nə zaman içindən sərinlik gələn yastığı düzəldəcəklər, gedim alım.

- Deməli praqmatiksiniz...

- Demək olar ki.

- Qaraqan və yaxud da, Elxan Zeynallı! Hər ikiniz çox sağ olun səmimi söhbətə görə.

- Təşəkkürlər, jurnalistlər arasında çox az olur belə suallar verən.
Minnətdaram.

- Təşəkkür edirəm.
Bu gecə əminəm ki, başınızı yastığa bu müsahibəni düşünərək qoyacaqsınız, yapon sərinləşdirici yastıqlarını düşünərək yox.


Xəyalə ƏLİHEYDƏR / İnform.az

Baxış sayı: 4804