Baş xəbər, İqtisadiyyat, Müsahibə
07.08.2015 / 13:36

İran – Azərbaycan əlaqələrində yenilik

İran – Azərbaycan əlaqələrində yenilik

İlham Şaban: “Bu, növbəti 10 illiyin ortasına qədər gedib çatan bir prosesdir”

İranın nüvə proqramı üzrə əldə olunmuş razılıq bu ölkə ilə iqtisadi- ticari əməkdaşlığın inkişafı üçün yeni imkanlar yarada bilər. Ekspertlər belə hesab edirlər ki, bundan öz “tikəsi”ni götürə bilənlər yaxşı dividentlər gətirə bilərlər. İqtisadçı ekspert İlham Şaban İnform.az-a müsahibəsində bu istiqamətdə vacib olan bir sıra mübahisəli məqamlara toxundu.

“Buna eyforiya dili ilə deyil, açıq başla baxmaq lazımdır”


- İran Azərbaycan neftinin Fars körfəzi regionuna "svop" şərtlərlə tədarükünü həyata keçirməyə hazır olduğunu bildirib. Yəni nefti Tehran NEZ-ə İranın Xəzər dənizində yerləşən Neka limanından nəql etmək olar, əvəzində Azərbaycan İranın cənub sərhədlərindəki nefti əldə edəcək və sair. İranla qurulan bu əməkdaşlıq əlaqələrini necə dəyərləndirirsiniz?

- Qeyd edim ki, bundan öncə İranın nümayəndə heyəti Azərbaycana səfər etmişdi və onun qarşılığı nəticəsində İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Azərbaycan nümayəndə heyətinin başçısı kimi İrana səfər etdi. Bunlar kəşfiyyat xarakterli səfərlərdir. Ardınca bu ilin sonuna qədər hər iki ölkənin iqtisadi qurumları və təsərrüfat subyektləri, o cümlədən regionlar arasında hansısa sahələrdə iş birliyinə dair sazişlər imzalanacaq. Hələ ki, hansısa əməkdaşlığa dair heç bir niyyət protokolu da imzalanmayıb. Çünki, hələ İran üzərindən sanksiyaların götürülməsi üçün müəyyən zamana ehtiyac var. Buna təqribən 3 ay vaxt lazımdır. Söhbət ondan gedir ki, ortada konkret layihələr üzrə də məsələlər yoxdur. O ki qaldı neft – qaz layihələrinə, onlar yaxın illər üçün nəzərdə tutulan məsələlər deyil. Məsələn, söhbət İranın neft və qaz resurslarının , Azərbaycan infrastrukturu vasitəsilə Avropa bazarına çatdırılmasıdır. Buna eyforiya dili ilə deyil, açıq başla baxmaq lazımdır. Çünki İranın qazı TANAP-a qoşulandan sonara onun vasitəsi ilə TAP-a getməlidir. Ancaq TAP 2020- ci ilin 4-ü rübündə istifadəyə veriləcək. Bir məsələ də var ki, bu ancaq “Şahdəniz 2” mərhələsində qazı qəbul etmək üçündür. Yəni, layihənin genişləndirilmə imkanı olmalıdır ki, o İran qazını da qəbul etsin. Nəinki İran, ola bilər ki, İraq qazını da. Bəli, bu artıq 2-ci mərhələyə baxır. O cümlədən də TANAP. Yəni bu, növbəti 10 illiyin ortasına qədər gedib çatan bir prosesdir. Elə İranın özündə adicə qaz hasilatınn artırılması, İranın cənubundan Türkiyə sərhəddinə qədər yeni qaz kəmərinin çəkilməsi, infrastrukturun yüksəldilməsi tələb olunur. Çünki hazırda İranla Türkiyə arasında olan qaz kəməri məhdud buraxıcılıq gücünə malikdir. Bununla, ancaq Türkiyənin idxalı üçün nəzərdə tutulan qaz verilir. Yəni, bunlar elə özü 2020- ci ildən sonrakı dövr üçün hesablanmış işlərdir.

“İranın Azərbaycanın qaz anbarlarından istifadə etmə imkanları daha realdır”


Başqa bir məsələyə - İranın Azərbaycanın qaz anbarlarından istifadə etməsi imkanlarına nəzər salaq. Bax bu daha realdır. Hesab edirəm ki, bu daha realdır. Çünki bunun üçün böyük zamana ehtiyac yoxdur. Əsas məsələ, Hacıqabul - Astara qaz kəməri imkanlarının genişləndirilməsidir ki, Azərbaycan tərəfi qısa müddətdə bunu həyata keçirə bilər. Yəni söhbət artıq İran tərəfinin real alıcılıq imkanlarından gedir. Yəni qazın Azərbaycan tərəfdə müvafiq qiymətdə alınmasından gedir. Belə layihələr ola bilər. Amma başqa məsələlər uzaq məsafələri nəzərdə tutur.
İran bizim cənub qonşumuzdur. Bir məsələni xatırladım ki, sanksiyalar tərtib edilməzdən öncə 2010-cu ildə Azərbaycanla İranın ticarət dövriyyəsi 550 milyondan çox idi. Ancaq ötən ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 200 milyon dollara qədər azalıb. Bu fakt onu göstərir ki, iki ölkə arasında geniş imkanlar var ki, bu da qeyri-neft sektoru isiqamətində olan əlaqələrdir. Ancaq Naxçıvana ötürülən qazın hesabına enerji sektorunda əməkdaşlıq var. Təxminən 20 milyon dollar həcmində elektrik enerjisi mübadiləsi baş verir. Enerji sektorunda başqa layihələr həyata keçirilmir. Qurulan əməkdaşlıqlar hamısı qeyri-neft sektorudur. Müxtəlif insanların ticarəti, bundan əlavə, İrandakı müxtəlif malların ölkəmizə gətirilməsini əhatə edir. Yəni bütün bunları yenidən canlandırmaq olar.

“Ermənilər İran-Azərbaycan layihələrindən maksimum yararlanmağa çalışacaqalar”


- Qeyd etdiyiniz kimi, bunlar müəyyən dövr üçün nəzərdə tutulsa da, artıq Azərbaycan-İran arasında neft-enerji sektoru ilə bağlı layihələrdə birgə iştirakın nəzərdə tutulması təbii olaraq, hər iki qonşu dövlət üçün sərfəli şərtlər yaradır. Eyni zamanda boru layihələrinə qoşulan İran, regionda yaxından əməkdaşlıq etdiyi Ermənistanı da öz arxasınca aparmalı olacaq. Bu kimi məsələlər necə nizamlana bilər?

- Əvvəla hesab edirəm ki, qonşular arasında ticarət əlaqələri həmişə xeyirlidir. Ermənistana gəldikdə isə, müstəqilliyini qazanandan bu yana İranla müxtəlif spektrləri əhatə edən əməkdaşlıq əlaqələri olub. Bir şeyi qeyd etmək lazımdır ki, istər Ermənistanın prezidenti olsun, Xarici işlər naziri, istər Baş naziri olsun, o Tehrana gedəndə həmişə protokola görə onların ayağının altına qırmızı xalça sərilib. İran diplomatiyası ona önəm verib ki, Ermənistan qonşu ölkə kimi onun sanksiyalar dövründə bir çıxış nöqtəsi olub. İran erməni lobbisinə də faydalanma yeri kimi yanaşıblar. Bunu heç gizlətməyiblər də. Bir şeyi nəzərə almaq lazımdır ki, Buşehr Atom elektrik stansiyasının tikintisində də Rusiya öz mütəxəssislərini geri çağıranda belə Metsamor elektrik stansiyasında erməni mütəxəssisləri ora dəvət edib, bir ildən çox istifadə elədilər. Bu günə qədər də, bütün Ermənistanın enerji resursları, avtomobil yanacağından tutmuş təbii qazına qədər ucuz qiymətə İrandan gəlir. Bu ölkənin ərzaq məhsulları da İarandan gəlir. Bu da real faktır ki, onlar Rusiyadan, yaxud İstanbuldan özlərinə yanacaq, ərzaq gətirmirlər ki. Ermənilər İranda çox çevikdirlər və mənə elə gəlir ki, onlar İran-Azərbaycan layihələrindən maksimum yararlanmağa çalışacaqlar. Elə şeylər var ki, biz onları açıq şəkildə söyləməli, təhlil etməliyik. Çünki bir şeyi nəzərə almaq lazımdır ki, ermənilər həmişə yaxşı maliyyəçidirlər. Məsələn, Dubayda nə qədər erməni varsa, onlar hamısı Yaxın Şərqdəki maliyyə məsləhətçi və sair xidmətləri göstərirlər. İkincisi, Avropa və Qərb İranla münasibət yaratmaq istəyir. Bunun içərisində bu gün faktiki olaraq bağlı olan İrana daxil olurlar. Bu ölkəni bilən mütəxəssis, maliyyəçilərin ermənilər olduğu ortaya çıxacaq. Sovetlər birliyində ən yaxşı iranşünaslar ermənilər olublar. Azərbaycanda daha çox ərəbşünaslar çoxluq təşkil edirsə, bütün Moskvada, İrevnada iranşünaslıq ermənilər üzərində inkişaf edib. Bu çox maraqlı nüansdır. Özü də təkcə bu təkcə ədəbiyyat sahəsində deyil, kəşfiyyatda da belə olub.

“Sanki, İran-Azərbaycan arasında yaradılan düşünülmüş baryerlər bu ölkələrin bir-birini öyrənməsinə imkan vermir”


- Get-gedə İran -Azərbaycan arasında mövcud olan soyuqlaşmada bir istilik yaranır. Artıq İran-Azərbaycan münasibətləri hansı səviyyədə ölçülə bilər?

- Bu gün Azərbaycan birinci növbədə öz qonşularını yaxşı öyrənməlidir, o cümlədən İranı. Dünya 1 ildir buna hazırlaşır. Azərbaycan televiziyalarında, mətbuatında isə İran iqtisadiyyatı ilə bağlı bir dənə də olsun material yoxdur. Azərbaycanda İranla bağlı institutlar yaradılmalıdır. Təkcə “cır-cındır” satmaqla ikitərəfli iqtisadi əlaqələrin yüksək inkişafı mümkün ola bilməz. Bizdə İranı öyrənən mütəxəssislər olmalıdır. Soruşanda niyə yoxdur, deyirlər; yaxşı iranşünaslar var idi, amma çox təəssüf ki, onlar özlərini dərk edəndə “Boz qurd” oldular. Eyni zamanda sanki, İran-Azərbaycan arasında yaradılan düşünülmüş baryerlər bu ölkələrin bir-birinə yaxınlaşmasına, bir-birini öyrənməsinə imkan vermir. Niyədə yox. Məsələn, Rusiya istəyərmi ki, Azərbaycanla İran strateji baxıdan yaxınlaşsın. Göründüyü kimi, İran Azərbaycan münasibətləri də çox bəsit şeylərlə başqa səmtlərə yönəldilib. Amma başımızı aşağı salıb iqtisadi əlaqələrin genişlənməsi ilə məşğul olsaq, bu bir qədər sonra pasionarlığı artırar, daha sonra istənilən halda siyasətə gətirib çıxarar. Bizdə isə birinci siyasəti ortaya atırlar. Bunlar aradan qaldırılmalıdır.

Tahirə QAFARLI / İnform.az

Baxış sayı: 484