Mədəniyyət
22.06.2015 / 01:41

Bu gün unudulmaz Bülbülün doğum günüdür

Bu gün unudulmaz Bülbülün doğum günüdür
Murtuza Məşədi Rza oğlu Məmmədov (Bülbül adı ona xalq tərəfindən qeyri-adi dərəcədə məlahətli səsinə görə verilmişdir) – (22 İyun 1897, Xanbağı, (Şuşa) – 26 Sentyabr 1961, Bakı) – Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı.Murtuza Məmmədov 22 İyun 1897-ci ildə Şuşa yaxınlığında, Xanbağı adlanan yerdə anadan olub. Səhnə fəaliyyətinə 1916-cı ildən başlayan Bülbül 1920-ci ildən Azərbaycan Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti kimi fəaliyyət göstərib. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” (İbn Salam), “Əsli və Kərəm” (Kərəm), Z.Hacıbəyovun “Aşıq Qərib” (Qərib) operasında rol alıb.1927-ci ildə Bakı Konservatoriyasını bitirən sənətkar təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə göndərilib. 1931-ci ildə Milan Konservatoriyasını (Delliponti və R. Qraninin sinifini) bitirib vətənə geri dönür və Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.1932-ci ildə Bülbülün təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti yaradılıb. 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğuldur. 1938-ci ildə SSRİ Xalq artisti adına layiq görülən Bülbül,1940-cı ildə Konservatoriyanın professoru seçilib.1950-ci ildə SSRİ Dövlət Mükafatına layiq görülür.Hal-hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır, onun adına Konservatoriyanın nəzdində musiqi məktəbi fəaliyyət göstərir.
Azərbaycan SSRİ Ali Sovetinin deputatı seçilən Bülbül, SSRİ – nin 2 dəfə Lenin Ordeninə, 2 Qırmızı Əmək Bayrağı ordeninə, “Şərəf nişanı” ordeninə, İtaliyanın Qaribaldi ordeninə və müxtəlif medallara layiq görülüb.
Sənətkar 26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat edib. Hazırda Bülbülün ev muzeyi onu sevən insanların tez-tez ziyarət etdikləri məkandır.
Məkanı cənnət, ruhu şad olsun.
İnform.az

Baxış sayı: 410