Ötən günə gün çatmaz..., Müsahibə, Ədəbiyyat
06.08.2015 / 16:46

Seyran Səxavət: “Ziyalılarımız da belə danışanda başımdan od çıxır…”

Seyran Səxavət: “Ziyalılarımız da belə danışanda başımdan od çıxır…”

İnform.az-ın “Ötən günə gün çatmaz...” layihəsində şair, nasir, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, müasir Azərbaycan nəsrinin tanınmış nümayəndəsi Seyran Səxavətdir.

- Necəsiniz Seyran müəllim, səhhətiniz necədir?

- Şükür, yaxşıyam. Təbiət bizə uyğunlaşmır, biz təbiəti yola veririk. Atəşkəsdir, yaxşıdır. Heç nədən şikayətim yoxdur. İstədiyimi torpağın üstündə edə bilirəm. Deməli, yaxşıyam.

- Planlı iş görürsünüz?


- Qətiyyən. Planlı iş təsərrüfatla, toyuq-cücəylə məşğul olanlara aiddir ki, cücəsini payızda saysın. Yaradıcı insanın hər günü qələmdir, işdir. Əlli beş ildir, yaradıcıllıqla məşğulam. Hələ bir dəfə başımda plan qurub onun arxasınca getməmişəm. Məni söz idarə edib, mən sözü idarə etməmişəm. İşlərim həmişə gözlənilməz olub. Gələn hər bir yeniliyi də düzgün qarşılamışam. Həyatda heç nəyi bimək olmur.

- Efirlərdə az-az görünməyinizin səbəbi nədir?

- Mən bu yay mövsümünü qeyri-bir fəsil hesab edirəm… Əslində, bəhanəmdir bu yay fəsli, amma belə getsə ümumiyyətlə, görünməyəcəyəm. Televiziya məkanlarımız şit, bayağı, əttökən, heç kimin baxmadığı verilişlərlə dolub. Hansı verilişə çıxım ki, əlli beş il zərrə-zərrə yığdığım hörməti bir saata qurban verməyim. Çevir tatı, vur tatı. Bezmədilər? Televiziyalarımızda gedən verilişlərin 90 faizi plagiyatdır. Xarici ölkələrdən oğurlanma və dublikartdır. Bilmirsən, şoudur, yoxsa tərbiyəsizlik. Heç əslində şou da deyil, başa düşün. Şou başqa şeydir. İnsan cazibə qüvvəsinin dairəsinə düşəndə, özünü yaxşı hiss edir… Bax, az-az görünməyimin başlıca səbəbi budur.

- Bu gün cəmiyyətin 90 faizi qələm əhli hesab edir özünü. Bəs bu on faiz oxuyan bəsdirmi?

- Qələm tutan çox ola bilər, şair azdır. Oxuyan da, həmişə bütün dövrlərdə az olub. Sənətkar az olub, az da olacaq. Həm də indi internet əsridir, kitabdan əl götürüblər. Ancaq zaman həmişə öz məsələsini vaxtında həll edir. Sadəcə insanlar gecikir. Bütün çətinliklər müvəqqətidir. Kitaba mütləq qayıdacağıq.

- Deyirsiniz ki, ədəbiyyatlarımız Biləcəridən oyana gedib çıxa bilmir. Niyə, səbəb nədir?

- Bayaqda dedim. Hamı qələm alıb əlinə, ancaq keyfiyyət sıfırdı. Lazım olan qapını aça bilmirik. O qapıya çatmaq üçün on beş qapı var.

- Bu gün sizin üçün Qarabağ problemindən də çətin, öndə dayanan dil məsələsidir? Bu məsələnin həlli üçün Seyran müəllim hansı işləri görür?

- Bu gün gözümüzün içinə dik baxıb, ağlayan dilimizdir. İstər efirlər, çıxan qəzetlər, oxunan saytlar, çəkilən filmlər, göstərilən seriallardakı cümlələrin quruluşundan tutmuş səslənməsinə kimi görün nə qədər səhvlər var. Sanki Azərbaycan dili mühasirəyə alınıb, hər tərəfdən məhv edilir. Dəhşətli bir hücum var. Qarşısını almaq üçün səbəblərim, əməllərim çoxdur. Bədbəxtçilik orasındadır ki, xalq da bu axının dalınca gedir. Efirdə deyir: ”görersənmi qurvan olem”. Bilirəm kənd adamı da var, rayonlu da, şəhərli də. Amma ziyalılarımız belə danışanda başımdan od çıxır. Otuz minə yaxın əlimdə fakt var ki, dilimizi nə günə qoyurlar. Lazım gələrsə, hazırladığım otuz min faktı Milli Məclisə göndərəcəyəm ki, konstitusiyamızda dəyişiklik olsun. Bu otuz minlik sayı mən iki ay efirə baxmaqla toplamışam. Qoy cavab versinlər. Yana-yana deyirəm ki, dilimizi qoruyaq, ciddi yanaşaq. Dilimizin qədrini bilməsək, Qarabağ nəyimizə gərəkdir?


Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 924