Gündəm, Şərhlər, Ədəbiyyat
06.08.2015 / 15:47

Sarı düş

Sarı düş

Ruqiyyə Səfəri
Təbriz

İnform.az “Güneydən əsən külək” layihəsində Ruqiyyə Səfərinin yaradıcılığından nümunələri təqdim edir:


(Hekayə)


Bu gələn səs Suçubabanın səsidir:
- Su gətirmişəm bala gəlin alın.
Sankı isti təndirin içindəyəm. Bədənimin hər tərəfindən tər, sel kimi axır. Ağzımı açıb su istəyəndə dilim damağıma yapışdı, bir söz deyə bilmədim. Suçubabanın səsi yenə qulağıma dəyir. Yəqin məhəlləyə su gətirib. Suçubaba adını məhəllənin qadınları onun üstünə qoyublar. Elə biz də onu bu adla səsləyərik. Bir azdan qadınlar başına qomalaşıb əllərindəki vedrələri doldurmaq üçün bir-birlərini itələyib çığır-bağır salacaqlar. Suçubaba isə hər zamankı təmkinini itirmədən eşşəyinin üstündən yerə qoyduğu su qablarını yerdən qaldırıb bir daha eşşəyin belinə çataraq deyəcək:
- Belə eləsəz birizə də su verməyəcəyəm.
Qadınlar məcburən sıra ilə dayanıb, vedrələrini dolduraraq, əllərindəki bir qiran pulu Suçubabanın ovcuna salacaqlar. Suçubaba isə yenidən qablarını doldurub satmaq üçün, üç dayanacaqlıq yolu getməli olacaq. Yenə də Nasir ağzındakı qırx ayaqlı sərdabdan su götürüb, tək başına qırx pillədən çıxaracaq və eşşəyinə çataraq suyu olmayan məhəllələrdə satacaqdı. Məhəllə əhli ancaq içməli suyunu ondan alardılar.Yumalıları isə məhəllənin arxasında, Kəlməmmədin bağından keçən arxın suyunda yuyardılar.
Dirsəklərimi yerə dayaq verib kürəyimi yerdən qaldırdım. Gözlərimi açan kimi işıq qamaşdırdı. Yenə yumdum gözlərimi. Boğazım qup-quru qurumuşdu. Udqundum. Güc ilə “su” deyə bildim. Bir qadın əlləri anlımı oxşadı. Yumuşaqlığından qadın əlinə oxşatdım. Bir əlini kürəyimə qoydu. Ağzıma sərin nəyinsə toxunduğunu hiss etdim.
-İç -dedi.
Suyu bir içimdə içdim. Sonra bir daha yerə uzandım. Bu dönə gözlərimi aça bildim. Başımın üstündəki qadın anam idi. Gözlərinin qıraqları qırışmışdı sanki quyuya batmışdı.
Soruşdum:
- Suçubaba gəlib?
Əlini bir daha alnıma qoydu. Nədənsə başını buladı və ondan sonar baxışları daha da qayğılı göründü mənə.
Yaşar peli dəstə ilə vurub atan kimi arxasıca qaçdım. Mən hamıdan hızlı qaçardım. Nəfəsim kəsilmədən neçə dəqiqəqə ulayaraq qaçardım. Buna görə peldəstə oynayanda, pelin arxasınca daha çox mən qaçardım. Mərziyə yolumun qırağında olsaydı bir iş görüb məni yıxacağını bilərdim. Qıçı axsadığına görə onu oynatmazdıq. Bu üzdən biz qaçan kimi yolumuzda dayanıb yaxınlığından keçəndə ayağımızın altına bir daş atar, ayağını uzadar və ya başqa bir oyun çıxarıb oyunçuları yıxardı. Mən də işimi yaxşı bilirdim. Onu uzaqdan görən kimi yolumu dəyişib ondan ara açardım. Suçubabanı məhəllədə görən kimi susuzluğum yadıma düşdü. Peli tez yerinə çatdırmaq üçün daha hızlı qaçdım. Mərziyənin ayağı ayaqlarıma dolaşan kimi yerə çırpıldım.
- Su gətirin, ürəyi pis olub.
Çeşidli səslər qulağıma dəyirdi. Kasa ağzıma dəyən kimi Suçubabanın kasası olduğunu bildim. Gözlərimi açdım. Suçubabanın saxsı kasasında mənə su gətirmişdilər. Anam başımın üstündə oturmuşdu. Başımı dizi üstünə almışdı. Uşaqlar da bizim başımızın üstünə qomalaşıb, əllərini dizlərinə dayaq verərək iki qat əyilmiş və üzümə baxırdılar. Suyun hamısını içdim. Anam kasanı Solmaza sarı uzatdı:
- Apar Süçübabaya ver kasanı. –dedi.
Solmaz kasanı tutan kimi uşaqlar əllərini uzadıb qızın əlindən qapdılar. Kasa Yaşarın əlinə düşdü. Ağzına dayayıb başını yuxarı qaldırdı.
– Gedə hammısın içib! - dedi və kasanı Solmaza qaytardı.
Məhəllənin uşaqları o kasada su içməyi çox xoşlayardılar. Suçubaba küçədə yıxılan uşağı gördükdə öz kasasını doldurub uşağa verərdi. Pul verməyib su içmək canımıza yatardı. Buna görə yıxılanda o qədər də inciməzdik. ayağım parçalansa da üzümə gətirmədim. Mərziyə qapılarının böyründən başını uzadıb mənə baxırdı. Üzünə baxıb dilimi çıxardım. Suyun dadı hələ damağımdan çəkilməmişdi. Mən oynamasaydım uşaqlar oyunu kəsərdilər. Anam qolumdan yapışıb evə apardı.
Havanın istiliyi ürəyimi darıxdırırdı. Əlimi qaldırıb üstümə çəkilənləri qırağa atdım. O qədər də sərinləmədim. Böyrüm üstə döndükdə ayağım dönmədi. yaman acışdı. Yadıma düşdü. Küçədə yıxılanda parçalanmışdı. Otaqdan səslər gəlirdi. Gözlərimi açmağa incarım yox idi. Ancaq eşidə bilirdim. Birisi anamın səsi idi. Deyirdi:
- İki gecə-gündüzdür yerində sayaxlayır.
Bir də kişi səsi eşidilirdi:
- Ayağındakı qurşun (güllə)-un yeri çirk edib. Yarası ağırdı. Dərmanların yerində verin, inşallah sağalar.
Kimə qurşun dəymişdisə soruşa bilmədim.
Kəlməmmədin bağındakı arxın qırağına gedəndə qızları aparmazdıq. Bağın yuxarısına gedib, soyunub suya düşərdik. Bağın yuxarısında kimsə olmazdı. Yayın istisində arxın sərin suyu bədənimizə dəyən kimi diksinib içimizi çəkərdik. Bir azdan sərinliyə alışardıq və Kəlməmməd bağbanın hay-küyü və söyüşlərini eşitməyənə qədər bir-birimizi sulayardıq. Kəlməmməd arxamızca düşəndə məndən başqa hamısını neçə dönə tutub döymüşdü. Mən hamıdan hızlı qaçdığıma görə əli çata bilməmişdi, ona görə məndən yaman acıqlı idi.
Oğlanları başıma toplayıb arxın qırağına getdik. Bədənimizin təri köynəklərimizi islatmışdı. Arxın geniş olan çimməli yerinə birinci mən çatıb, suya düşdüm. Ayaqlarım suyun lehinə quylandı. Lehin içərisində nəsə məni içəri somururdu. Gölməçənin qırağındakı otları tutub ucadan çığırdım. Uşaqlar qaçdılar. Dedim:
- Olan (oğlan) məni çıxardın. Hara qaçırsız.
Arxalarına baxa-baxa uzaqlaşdılar. Uzaqdan Kəlməmməd belin əlinə alıb mənə sarı qaçırdı. Suyun dibindəki lehə quylanıb çıxa bilmirdim. Sanırdım əllərimi də buraxsam lehə cumaram. Çığırtıma özüm də yerimdən daşlanıb qalxdım.
Anam mənə sarı qaçırdı. Pəncərədən eşik qap-qara görünürdü. Anam mənə çatıb üstümdəki yorqanı qırağa atdı. Ayağıma bağlanmış ağ sarığa qan ləkələri dəymişdi. Bağlanmış qıçımı dizimdən sıxdım. Anam dizləri üstə oturub əllərini oğuşdururdu. Üzünə baxdım. Qırışlar üzünü bürümüşdü. Yadıma düşdü, deyirmiş neçə gecə-gündüzdür sayıqlayır. Qurşunun yarasındandır şübhəsiz. Böyrümdəki güyümün suyunu bir içimdə başıma çəkdim. Suçubabanın suyunun dadında idi.

Baxış sayı: 590