Baş xəbər, Müsahibə
06.08.2015 / 15:32

Fəzail İbrahimli: “Azərbaycanı işğala öyrəşdirmək qeyri-mümkündür”

Fəzail İbrahimli: “Azərbaycanı işğala öyrəşdirmək qeyri-mümkündür”

Millət vəkili Fəzail İbrahimlinin İnform.az-a müsahibəsi:

- Fəzail müəllim, bu gün Azərbaycan cəmiyyəti dünyada gedən qlobal prosesləri idarə edən güclərin maraqları fonunda “müşahidəçi və təlqinçi” obrazına salınmaq, “oyunçular” tərəfindən “ofsayt” vəziyyətinə gətirilmə ehtirasları ilə üz-üzə dayanıb. Belə bir vəziyyətdə “meydanda atılan toplar” beynəlxalq aləmi, demokratiya və insan haqları “təlabatçılarını” nə “oyandırır”, nə də işğala məruz qoyulan dövlətə üstünlük verən hallar kimi qəbul edilmir. Ölkəmizin problemlərinə qarşı beynəlxalq laqeydlik, biganəlik özünü göstərməkdədir. Əksinə, bizim üçün prioritet olan Dağlıq Qarabağ və onun işğaldan azad edilməsi məsələləri primitvlik, yaddan çıxarılma və işğala öyrətmə ideologiyaları ilə şüura yeridilir. Sizcə, hazırkı mövcud situasiya nə ilə bağlıdır?

“Beynəlxalq aləmin “haqq haradadırsa, mən oradayam prinsipi yoxdur, istəyim haradadırsa, haqqı orada görürəm” prinsipi var”


- Həmişə super dövlətlər öz istəklərini diqqətdə saxlamaq üçün müxtəlif vasitələrdən istifadə ediblər. Lap qədimdən müxtəlif ideoloji fikirlər, düşüncələr önə çəkilib və onun üzərindən işi realizə etmək mümkün olub. İndi isə beynəlxalq aləmdə “demokratiya” adında ideoloji bir doğma (bütün dövrlər və tarixi şərait üçün dəyişməz bir həqiqət kimi qəbul edilən hökm, müddəa, ehkam) gedir. Guya ki, dünyanın super dövlətləri, dünyada demokratik prosesləri tənzim etmək, dünyanı demokratik yolla aparmaq istəyirlər. Əslində təkləmək üçün edilən cəhdlərin hamısı özü demokratiyadan kənar güc vasitəsi ilə həll olunur. Biz bunu Amerikanın Suriyada, Yaxın Şərqdə, İraqda və sair yerlərdə apardığı siyasətdə çox aydın görürük. Ona görə də beynəlxalq hüququn beynəlxalq gücə təslim olduğu bir vaxtda, artıq Azərbaycanın beynəlxalq hüquq normasına uyğun nə isə əldə etməsini düşünmək çətindir. Bu mənada bizim haqq işimiz “öz yerində sayır”, əsas problemlərimiz kölgədə qalır. Mən bunu Avropa Şurasının işində iştirak edən bir fərd kimi aydın görürəm. Bu gün beynəlxalq təşkilatların məsələlərə yanaşmasında ikili standartlar var. Bu gün beynəlxalq aləmin “haqq haradadırsa mən ordayam, prinsipi yoxdur, istəyim haradadısa, haqqı orda görürəm” prinsipi var.

“Onlar üçün Azərbaycan daima “varlı kişinin gözəl qızına” bənzəyib”


Azərbaycan, ümumiyyətlə, Qafqaz geosiyasi mövqeyinə görə daim diqqət mərkəzində olub. Burada müəyyən dövr üçün reallıq görünür: Tutaq ki, Ermənistan ikili mövqedən çıxış edir, erməni lobbiləri Amerika “demokratiyasına”, Avropaya söykənərək Ermənistanı müdafiə edirdilər. Digər tərəfdən də, Rusiyaya söykənərək, işğalçılıq siyasətinin üzərində dayanmağı bacarırdılar. Amerika Gürcüstanın “barmağına bir üzüyü taxdı”, amma bu “nişan” axıra qədər davam etmədi. Onlar üçün Azərbaycan daima “varlı kişinin gözəl qızına” bənzəyib. Bir qrup dövlətlər, bir qrup siyasətçilər bu “kişinin” var-dövlətinə, neftinə, qazına görə, digərləri isə qızın gözəlliyinə, kişinin mövqeyinə nəzər yetirib daim onu öz caynağında saxlamaq istəyiblər. Azərbaycan daima geosiyasi mövqeyinə görə, böyük dövlətlərin bir ideoloji müharibə meydanına çevrilib. Okeanın o tayından, Avropadan, Rusiyadan ona göz dikilib. Hər biri burada öz istəyini Dağlıq Qarabağ “kartından” istifadə edərək reallaşdırmaq istəyiblər. Azərbaycanın haqq işi necə həll oluna bilər ki, taleyi həmin dövlətlərin iştirak etdiyi ATƏT-in Minsk qrupuna tapşırılıb. Ataların misalı var, deyir: Bağa yeriyə bilmir, dayısı oğlunu da kürəyinə götürür. Minsk qrupu dövlətləri artıq dünyada bir gərginlik yaradıblar. Amerika-Rusiya, Avropa-Rusiya münasibətləri və sair. Bunlar özlərinin problemlərini həll edə bilmədiyi bir vaxtda, region problemlərinə necə kömək edə bilərlər. Əksinə, region problemləri bu gərginliyin fonunda kiçik görünür. Bütün bunları bilmək üçün xüsusi araşdırma, yaxud siyasətçi olmaq tələb olunmur. Adi insanların hər biri bunu öz həyatında, öz dövlətində aydın görür, hiss edirlər.

“Bu köpəyin arxasında duran qüvvələr var, ona görə də Azərbaycanın haqq işinin müdafiə olunmasında ikinci variant isə müharibədir. Təbii ki, dünya bunu qəbul eləmir. Ermənistanın arxasında duran xüsusi güclər var. Amerikanın apardığı güc siyasəti qəbul olunmasa da, buna qarşı çıxan yoxdur, təmkinlə hərəkət edir. Bu gün Azərbaycanın müharibə yolu ilə öz haqq işini həyata keçirməyə gücü də var, imkanı da. Ölkəmiz əhalinin sayına, iqtisadi qüdrətinə bugünkü potensialına görə işğalçı dövlətdən üstündür. Dünyaya da yaxşı məlumdur ki, Ermənistan Azərbaycanın qarşısında dura bilməz. Amma deyir, “arxalı köpək qurd basar”. Bu köpəyin arxasında duran qüvvələr var və ona görə də Azərbaycan təmkinlə hərəkət edir. Düşünürəm ki, haqq işimizin belə bir nöqtədə dayanması, ciddi uğurlarımızın olmaması bu səbəblərdəndir. Amma haqq nazilər, üzülməz. Avropa dövlətlərinin, prosesi törədənlərin düşüncələrində məsələnin uzadılmasının məqsədi işğalla barışdırmaqdırsa, digər tərəfdə də Azərbaycanın qətiyyətli mövqeyi var. Azərbaycan bu qəti mövqeyini həmişə ortalığa qoyub. Bir faktı deyim: ötən il iyun ayında Avropa Şurasında Azərbaycan Prezidentinin çıxışı oldu. Prezident üzünü 47 ölkənin nümayəndələrinə tutub bəyan etdi: “Siz bilməsəniz də, Ermənistan tərəfi çox yaxşı bilir ki, onların bu gün yerləşdiyi, yaratdığı dövlət qədim Azərbaycan torpaqlarının İrəvana güzəşt olunması hesabınadır. Azərbaycan bir dəfə öz torpaqları hesabına bu dövləti yaratmağa rəvac verib, amma ikinci dəfə Azərbaycan ərazisində ikinci bir dövlətin yaranmasına heç vaxt rəvac verməyəcək”. Bu dünyaya bir mesaj idi. Bu, bir jurnalistin, tarixçinin, təəssübkeş bir insanın deyil, dövlət başçısının dünyaya bəyanatı idi. Bütün bunlar avropalılarda bir sual yaratdı: Doğrudanmı, Ermənistan Azərbaycan əraziləri üzərində qurulub. Təbii ki, müəyyən tarixçilər bilsələr də, dünyanın 47 ölkəsinin parlamentləri bundan xəbərsiz idi və bu da bir xəbərdarlıq oldu. Bütün bunları ümumiləşdirsək deyə bilərik ki, Azərbaycanı işğala öyrəşdirmək qeyri-mümkündür.

“Heç bir sükut, heç bir laqeyd yanaşma Dağlıq Qarabağ məsələsində həlledici rol oynaya bilməz”


- Sanki başlar ideoloji olaraq qarışdırılır, problemə yanaşmada bir ictimai laqeydlik yaradılmasına cəhdlər var və hadisələrin inkişafında bir qığılcım, bir tramplin hiss olunmur.

- Məsələnin həlli ilə bağlı komanda verəcək tək şəxs dövlət başçısıdır. Komanda veriləcəksə, hamı səfərbər olacaq. Qeyd etdiyim kimi, digər variant müharibədir və bu gün onun qarşısını alan elementləri sadaladım. Hesab edirəm ki, heç bir sükut, heç bir laqeyd yanaşma Dağlıq Qarabağ məsələsində həlledici rol oynaya bilməz. Əminəm ki, siyasi mövqeyindən, maddi durumundan, həyat tərzindən asılı olmayaraq hər bir Azərbaycan insanı üçün bir müqəddəs iş var; bu da torpaqların işğaldan azad edilməsidir. Bu məsələdə Azərbaycanın yekdil olduğu bilinir. O ki qaldı, məsələnin ideoloji tərəflərinə, biz bu gün ideoloji müharibə aparırıq. Əslində bu, 3 mərhələdən keçib. Birinci mərhələdə dünyanı inandırmağa çalışdıq ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Bunun üçün 10 illiklər sərf etdik. İkinci mərhələdə sübut etməyə çalışdıq ki, erməni tərəfi işğalçıdır. Bütün dünyada qəbul olunmasa da, artıq Avropa Şurası kimi mötəbər təşkilatda, İslam Konfransı Təşkilatında qəbul edilib. Avropa Birliyi Azərbaycanla bağlı istənilən mövqedə olmasa da, müəyyən maddələri var ki, Ermənistan tərəfinə təsir vasitəsidir. Eyni zamanda BMT-nin 4 qətnaməsi var və sair. Bütün bunlar göz qabağındadır. Dünya da bilir ki, torpaqlarımız işğal olunub. Sizin sualın məntiqi ondan ibarətdir ki, Azərbaycan insanı, hər gün, hər saat, hər an, hər addımında bütün gücünü ideoloji müharibəyə qoymalıdır ki, millətin, dövlətin, xalqın ruhu buna köklənsin. Hesab edirəm ki, bu məsələdə belə bir bədbinlik yoxdur.

“Arzum budur ki, iqtidar-müxalifət münasibətləri bir Amerika düşüncəsi fomasına gəlsin”


- Siyasi partiyaların iqtidarın, müxalifətin demokratiyanın inkişafı niyyəti ilə “dəyirmi masada” bir araya gəlməsi nəyi ifadə edir?

- Ən böyük arzum budur ki, iqtidar-müxalifət münasibətləri bir Amerika düşüncəsi fomasına gəlsin. Bizdə iqtidar-müxalifət münasibətlərində fərqli çalarlar, özünəməxsus münasibətlər var. Biri var, parlamentə iştirak edib, səs qazanıb xalqın əhval-ruhiyyəsini ifadə etmək, biri də var sadəcə, o adın xatirinə edilən çabalar. Bu gün müəyyən cərəyanlar gedir. Bunlar istər parlament çərçivəsi daxilində, istərsə də digər sahələrdə ölkənin iqtisadi qüdrətinə kömək edə bilmir. Ukrayna gözümüzün qarşısında ən böyük dərddir. Siz onu da bilirsiniz ki, qardaş Türkiyədəki siyasi durum, onun tarixi üçün kifayət qədər problem yarada biləcək situasiyadır. Ölkəmizdə məsələlərin bu formaya keçməsini istəməzdim. Müxalifət düşərgəsində gedən proseslər də bizə məlumdur. Deyir, dünən dövran sürən, bu gün can verir. Çox müəmmalı şeylər baş verir. Mən deputatlığımı, professorluğumu bir kənara qoyuram. Tanrıdan istəyim budur ki, bugünkü situasiyada əldə etdiyimiz sabitlik əbədi olsun. Gecə saat 2-də anam, bacım iş yerindən rahat evinə gəlirsə, bu ən böyük nemətdir. Bizi daim üz-üzə qoymaq, Azərbaycanı vətəndaş müharibəsinə sövq etmək, əldə etdiyi uğurları əlindən almaq istəyirlər. Mən istəməzdim, Azərbaycanda bir vətəndaş qarşıdurması olsun. Təmsil olunduğum partiyanın ideoloji katibiyəm. Partiyamızın ideoloji xətti də vətəndaş həmrəyliyidir. Bu gün düşmən qapımızı kəsibsə, Qarabağ problemimiz varsa, biz bütün düşüncələrimizi ölkənin siyasi sabitliyinə yönəltməliyik. Digər tərəfdən, xaricdən, qonşudan gətirilən demokratiya əsl demokratiya olmur. Çünki o demokratiya bayrağıdır, onun altında mürtəce ambissiyalar yatır. Məsələn, necə ola bilər ki, Avropa, Amerika ayrı-ayrı fərdlərin hüquqları üçün sinəsini “cırır”. Mən də onun tərəfdarıyam ki, hər bir fərdin hüquqları yaşadığı cəmiyyətdə qorunmalı, tapdanmamalıdır. Bunu müxalifət də istəyir, iqtidar da, ayrı-ayrı təşkilatlar da. Söhbət bu tələbləri irəli sürənlərin nə dərəcədə səmimi olmasındadır. Bu gün millətin, dövlətin hüququ pozulub. Bir milyon insanımız 20 ildən artıqdır ki, tərkivətəndir. Necə olur, bir milyon insanın taleyi heç vaxt gündəmə gəlmir, amma bir-iki nəfərin hüquqları üçün “can yandırırlar”. Torpaqlarımız işğal olunub. Mən o vaxt o fərdi hüquqları qoruyanları alqışlayardım ki, bu kütləvi hüquq pozulmaları ilə paralel getsin. 100 il qabaq Balkanlarda müsəlmanların qırılmasına münasibət necə idisə, indi də həmin münasibət var. Biz unutmamalıyıq ki, Azərbaycan müsəlman dünyasının bir hissəsidir. Qafqazda isə 3 dövlətdən biri müsəlmandır. Sovet dönəmində də bizə ikili yanaşma olub. Bakı alman faşistləri ilə müharibədə həlledici rola malik olasa da, “Qəhrəman şəhər” adı verilmədi. Ona görə də Avropanın bizə ixrac etdiyi o demokratiyaya inamım sarsılıb. Əgər Avropanın Azərbaycana qarşı ədalətli yanaşması olacaqsa, o zaman Avropanın qarşımıza qoyduğu tələbləri haqlı sayacam.

“Zaman gələr bu problemlərdən də xilas olarıq”


- Fəzail müəllim, gəlin kənar qüvvələrin təsiredici yanaşmalarını qoyaq bir kənara və görək ölkə daxilində özümüzün-özümüzə münasibətində nələr var. Biz bu gün daha çox hansı təsirlərə baş əyirik, daha çox nələrdə aşınma var. Azərbaycan ictimaiyyəti üçün mənfi olan nümunələr nədir və daha çox hansı dəyərlərin qorunmasına ehtiyac var?

- Siz gəlib çıxdınız, “Ana, mənim dərdim, vətən dərdidir” misalına. Mənə elə gəlir ki, dünyanın ən imkanlı dövlətlərinin özünün daxilində də kifayət qədər problemləri var. Problemsiz cəmiyyət, dövlət, insan olmur. İnsan bəlkə öləndə problemi olmur, o da borcu olmasa... Qüdrətli ABŞ-da ən demokratik prezidentlərdən olan Klinton ikinci seçkidə iş yerlərinin açılması vədi ilə seçilmişdi. Yəni, ideal cəmiyyət yoxdur. Ona ideal cəmiyyət fonu vermək üçün hər kəs cəhd etməlidir. Azərbaycanın da özünəməxsus problemləri var. Bu problemləri hər kəs yaxşı bilir. Ona görə də, bunları önə çəkmək istəməzdim. Soruşarsan niyə, çünki ölkədə inkişaf, daha çox demokratikləşmə gedir və zaman gələr bu problemlərdən də xilas olarıq.

“Qulağında sırğa olan bir aparıcı kişi, müğənni Azərbaycanın milli əxlaqından danışırsa, bu çox qorxulu bir şeydir”

- Fəzail müəllim, qəbul olunmuş bir aksioma var: Problemləri həll etmək üçün birinci növbədə onu göstərmək və üzərinə getmək lazımdır. Ən azı birlikdə müzakirə olunaraq həlli və səhvlərin təkrarlanmaması üçün müəyyən maarifləndirmə, təbliğat işinə ehtiyac var. Bu istiqamətdə əsas aparıcı tramplin olan televiziyaların rolu yetərlidirmi?

- Dini kitabımızda var: deyir, min şəhidin görə bilmədiyi işi bir mürəkkəb damlası görür. Bu gün televiziyalar kifayət qədər cəmiyyətin ruhuna təsir etmək gücünə malikdir. Ona görə də, bu sahədə böyük islahatlara ehtiyac var. Bir halda ki, soruşdunuz deyim. Azərbaycanın Avropaya inteqrasiyasında elə şeylər var ki, onları qəbul etməmək olmaz. Məsələn, axşamlar küçələrdə, bağlarda idman, yaxud sadə geyimlərdə insanların hərəkət etdiyi görünür. Vaxtilə hamı yemək-içməyə, piylənməyə meyl edirdi. İndi isə bir az antropoloji quruluşunu normaya salmağa fikir verir. Amma 15 il bundan qabaq bir adam bağda, stadionda bu yerişi yerisəydi gülüş mənbəyi olardı. Bu çox yaxşıdır. Amma mənəvi, tarixi, milli şeyləri özündə əks etdirən tərəflər də var ki, onu heç nəyə qurban vermək olmaz. Əgər bu gün qulağında sırğa olan bir aparıcı kişi, müğənni Azərbaycanın milli əxlaqından danışırsa, bu çox qorxulu bir şeydir. Çünki televiziya ekranı qarşısında oturan uşaq həmin müğənninin özünün professor atasından çox qazandığını görüb onun yolunu seçmək istəyəcək. Çünki o görür ki, televizora çıxan bu müğənni, kişi qırığı öz maşınından, həyat tərzindən danışır. Axı o uşağın təfəkkürü o dərəcədə formalaşmayıb ki, ona əks münasibət verə bilsin. O düşünür ki, məhz onun kimi olsa firəvan yaşaya bilər. Yaxud bir müğənni bir toyda 4 saata 10 min manat pul alırsa və bu, professorun bir neçə ildə aldığı məvacibdirsə, yenə də müğənninin işi üstün tutula bilər. Bu cəmiyyətdə çox böyük qüsurdur. Toylarda süfrəyə ifrat dərəcə səpələnən yemək-içmək də qsurdur. Bu qüsurlar aradan qaldırılmalı, tənzimlənməlidir. Tutaq ki, yasdır, cavan oğlu ölüb. O, bu itkidən çox yası yola vermək haqqında düşünür, ağlamağa vaxtı olmur. Yas mərasimlərində “Naxçıvan təcrübəsi”ni tətbiq etmək kimi mütərəqqi bir şey var. Bu hansısa qərar və əmrdən yox, yalnız özümüzdən asılı olmalıdır.

“O adamlar televiziyaya dəvət olunmalıdırlar ki, onların ailəsi, düşüncəsi sağlamdır”


Məsələn, televiziya ekranında ailə məsələsi müzakirə olunur və görürsən ki, ora 3-cü ərindən boşanmış biri dəvət olunub. O da bizə ailə dəyərlərindən, əxlaqdan danışır. Yaxud biri 3 dəfə evlənib, hər bir arvadının“qoltuğuna” bir uşaq verib, hələ 4-cünü axtarır, gəlib bizə ləyaqətdən danışır. Bunlar yığışdırılmalıdır. O adamlar televiziyaya dəvət olunmalıdırlar ki, onların ailəsi, düşüncəsi sağlamdır. Tutaq ki, jurnalist veriliş aparır. Bu veriliş aparanın antropologiyası, yaxud gülərkən ağzının böyürləri çoxlarında qıcıq yaradır. Bəyəm televiziyaların rəhbərləri bunu görmür? Bu mənada İTV-ni çox nümunəvi telekanal kimi misal çəkə bilərəm. Ona ailəcə oturub baxmaq olar. AzTv böyük məsuliyyət daşıyır və onu şərəfli şəkildə yerinə yetirir. Bir adam deyə bilməz ki, hansısa bir verilişdə cəmiyyətin qəbul etmədiyi hansısa qadını, yaxud kişini çıxarıb xalqa əxlaq dərsi verdiriblər. Televiziya insan əxlaqına, düşüncəsinə kifayət qədər təsir etmək imkanı olan mətbuat, ideoloji vasitədir. Ona görə də bu sahədə çox ciddi islahatlara ehtiyacımız var.

- Fəzail müəllim, parlament seçkisi yaxınlaşır, iştirak edəcəksinizmi?


- Aktivlik seçki başlayanda görünəcək. Təmsil olunduğum Vətəndaş Həmrəyliyi Partiyası özünün siyasi şurasını çağırdı və seçkiyə getməklə bağlı qərar verdi. Amma proporsional siyahı olmadığı üçün, belə bir qərar oldu ki, partiya üzvlərinin hər biri seçkidə müstəqil iştirak edə bilərlər. Mən də partiyanın bir üzvü kimi seçkidə iştirakla bağlı qərar verəcəyimi düşünmüşəm.


Tahirə QAFARLI / İnform.az

Baxış sayı: 448