Gündəm, Şərhlər
06.08.2015 / 09:59

Danışan kitab - Aybəniz Kəngərli

Danışan kitab - Aybəniz Kəngərli

Səmra Kərimli / İnform.az


İnsanların həyatda məqsədləri, arzuları, inancları olur. Müqəddəs, mənəvi inanclar və s. Haqqında bəhs edəcəyimiz xanımın isə inancı özündə hər ikisini birləşdirir. Kitabdır onun inancı...
Bu dünyada insanın sahib olacağı ən ali dəyərlərin müəllifidir, səbəbi-varlığıdır kitab. Bu xəzinənin dəyərini anlamaq üçünsə ağıldan əlavə duyğuya, hissə ehtiyac var. Çünki bir ananın övladına olan sevgisinin sonsuzluğu qədər, bir kitabın da mənası dərindir və bunu anlamaq üçün sadəcə hiss etməlisən. Fəlsəfədə belə bir fikir var: “Ətraf-aləm insan şüuru ilə dərk olunmayacaq qədər mürəkkəb anlayışdır. Onu qismən anlamaq üçün duymalısan.” Eləcə də kitabları...
Anladıqca sevilən bu ali nemət onu Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə aparır. İllərlə vaxtını kitablarla keçirən, onlarla dərdləşən, onlarla sevinən Aybəniz xanım Kəngərli kitablardan uzaq qalmır. Müxtəlif vaxtlarda, müxtəlif vəzifələrdə olsa da, kitaba sevgisinin qarşılığını son illərədək çalışdığı Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına direktor təyin olunaraq alır.
Kitaba aşiq xanım üçün bu işə təyin olunmaq əvəzolunmaz bir hədiyyə olub desək bəlkə də yanılmarıq...
Bir kitabxana dolusu kitab artıq onun nəzarətində olacaqdı, özü də gününün çoxunu bu kitabların arasında keçirəcəkdi. Bundan gözəl nə ola bilər? Yer üzündə sevginin saysız-hesabsız növləri var. Allah sevgisi, övlad sevgisi, vətən sevgisi, işinə olan sevgi, ailənə, dostlarına, təbiətə, təhsilə, insanlığa, sevdiyinə, heyvanlara və KİTABA.
Kitabı sevən insan ətrafdakı hər şeyi gözəl görər və sevər. Aybəniz xanımın simasında bu fikrimizi təsdiqləyə bilərik. Bu xanım ailəsinə qarşı nə dərəcədə mehribandırsa, səmimidirsə işində də bir o qədər mülayimdir. Düzdür mən onunla həmsöhbət olmamışam və ya yaxından tanışılığım da yoxdur. Lakin uşaqlıq xatirələrimdən yadımdadır ki, bibim hər dəfə onun haqqında kitab aşiqinin bariz nümunəsi olaraq danışırdı. Yaşımın az olduğuna görə, düşünürdüm ki, görəsən kitabda nə var ki, belə kitab vurğunudur? İnsan da kitabxanada işlədiyinə görə xoşbəxt olarmı?
Əlimə bir kitab aldım və başladım oxumağa, sonra birini də və növbəti... Onda başa düşdüm ki, bu qadın xoşbəxtliyin sirrini tapan qəhrəmanlardandır. Etiraf edim ki, mən kitaba olan hörmət və sevgimi də onun sayəsində qazanmışam.
Danışan kitab - Aybəniz Kəngərli
Aybəniz xanım Azərbaycan kitabxanaçılıq sahəsində yeni cığır açmışdır desək yanılmarıq. Universitetlərdə kitabxanaçılıq fakültəsinə qəbul olan tələbələr onu örnək almalı və bu işdə necə maksimum zirvəyə çatmaq olar, ondan öyrənməlidirlər. Hərdən adama elə gəlir ki, kitablarla nəfəs alır bu xanım. Kitab onun ən etibarlı dostu, ən yaxın məsləhətçisidir. Onun düşüncələri qələmində parlayır. Yazdığı əsərlərin hər sətrində şahid oluruq ki, bu qadın danışan bir kitabdır.
İncə ruhlu, kitab qədər böyük və müdrik ürəyə sahib olan, dodaqlarından ilıq təbəssümü əskilməyən Aybəniz xanım, öz əməkdaşları və işçiləri üçün də əziz və unudulmazdır. Vaxtilə onunla bir yerdə çalışan işçiləri bu gün də ondan ağızdolusu danışırlar...
Kitab sevən insan, xüsusilə də bir xanım zərif və dəqiq olur. Bu dəqiqliyi öz işinə olan məsuliyyətində, zərifliyi isə insanlarla davranışında aydınca hiss olunur, Aybəniz xanımda olduğu kimi.
Ən yaxşı kitablar əsrlər boyu qorunur, saxlanır, oxunur və dəyəri gün keçdikcə artır. İllər keçir, yeni-yeni əsərlər yazılır, lakin baxırsan ki, nə qədər kitab oxuyursansa oxu, o kitabların ləzzətini vermir. Demək onun təkrarının bir də olmayacağını anlayırsan. Aybəniz xanım da kitab kimidir. Mənə elə gəlir ki, nə qədər vaxt keçir keçsin, onun kimi ikinci bir kitabsevər olmayacaq.
Onun haqqında rəsmi, tərcümeyi halına istinad edib, şablon, quru yazı yazmağı bacarmadım. Azərbaycan ziyalı təbəqəsinin layiqli xanım nümayəndəsi haqqında içimdən gələn, səmimi fikirlərimi qələmə almağı üstün tutdum.
Sadəlik və səmimiyyət Uca Yaradanın sevdiyi, quluna bəxş etdiyi ən böyük nemətdir. Vəzifəsindən, maddi imkanlarından, kimliyindən asılı olmayaraq sadə və səmimi olan insan hər zaman sevilir.
Aybəniz xanımdan da Yaradan bu iki gözəl neməti əsirgəməyib. Özünəbaxımlı, kübar, əməkdaşlarına və dost-tanışlarına, ümumiyyətlə, çevrəsində olan insanlara qarşı diqqətli və səmimi olan bu xanım haqqında ən layiqli əsəri yazmaq kaş ki, mənə nəsib ola....

Baxış sayı: 1005