Gündəm, Araşdırma, Şərhlər
05.08.2015 / 11:46

Türklərin yaradılış anlayışı

Türklərin yaradılış anlayışı

Aydın MƏDƏTOĞLU / İnform.az


“Yaradılış”la bağlı ən çox məlumat Türk dastanlarındadır. Türk dastanlarında Yerin, Dünyanın yaradılışı ilə bağlı əfsanələr də mövcuddur. “Yaradılış”la bağlı Yakut (Saka), Altay və Lebed Tatar Türkləri ilə yanaşı, “Alp Ər Tonqa”, “Su”, “Oğuz Xaqan”, “Bozqurd”, “Ərgənəkon”, “Törəyiş”, “Köç”, “Satuk Buğra Xan”, “Çingiz Xan”, “Manas” və “Dədə Qorqud” kimi məşhur Türk dastanlarında da xeyli məlumatlar vardır.
Bu dastanlardan “Yaradılış”la bağlı topladığımız məlumatlar aşağıdakılardır:
“Tanrının əmri ilə Yer yaradılmışdır. Tanrı üç böyük balıq yaradıb üzərinə Yeri qoymuşdur. Tanrı tərəfindən dünya yaradıldığında, Yer üzündə qolsuz-budaqsız bir ağac zühur etmişdi. Tanrı bu ağacın 9 budağının olmasını əmr etmişdi. Tanrı bu ağaca 9 budaq verib hər budağından bir insan yaratmışdır. Tanrı ağacın 9 budağından 9 insan yaratmışdı. Tanrı ağacın 4 budağından meyvə yeyilməsini qadağan etmiş, lakin Ejə və Törüngey yasaq meyvədən yemişlər. Ejə və Törüngey yasaqlanan meyvədən yeyincə tükləri tökülmüşdü. Tanrı öncə kişini yaratmış, şeytan onun köksünə toxununca bir sümük düşüb, böyüyərək qadın meydana gəlmişdir. Ülgən qızıl fincan içərisinə göy çiçək qoyaraq insan yaratmışdır. Tanrı insanların yeyəcəklərini tapa bilmələri üçün çalışmaları gərəkdiyini söyləmişdir. Tanrının oda atdığı körük qadın, qadın da əti yeyilməyən bir quş olur. Tanrı çəkici atəşə atır, çəkic kişi, kişi də əti yeyilməz bir quş olur. Tanrının atəşə atdığı körük və çəkic bir qadın ilə bir kişi, onlar da birər quş olurlar. Tanrı dünyanı yaratdığı zaman bir müddət yerdə yaşamışdı. Tanrı insanları yaratdıqdan sonra Göyə çıxmışdır. Tanrı insanın çıxardığı torpağı su üzərinə çıxararaq, “Yer olsun” demiş və Yer meydana gəlmişdir. İnsanın su dibindən çıxardığı bir ovuc torpaq böyüyərək, Yer üzünü meydana gətirmişdir. Tanrının yaratdığı insanın ağzından fışqıran torpaqlardan qaya və təpəciklər meydana gəlmişdi. Tanrının əmri ilə Quş düz torpağı qarışdırıb dağ və vadiləri meydana gətirmişdir. Manqdeşirə ilə Yerliyin döyüşündə Göy parçalanaraq dağ, uçurum və meşələr yaradılmışdı. Bütün möcüzələri Tanrı yaratmışdır. Tanrı ilahi qüvvətlərə sahibdir. Dünya yaradıldığında sadəcə Tanrı və Şeytan vardı. Şeytan ətrafı ilə birlikdə Tanrı tərəfindən Yerin altındakı qaranlıq dünyaya göndərilmişdir. Tanrı şeytana qalib gələr, hər şeyi O yaradır. Tanrı insanlara yardım etməsi üçün Maytərəni göndərir. Tanrı Maytərənə insanları idarə etməsini söyləyir. Yardımçı ruhlar Tanrının əmri ilə insanlara yardım edərlər. Erlik, Tanrı tərəfindən cəza olaraq Yer altına göndərilmişdi. Tanrı, Erliyi qaranlıq dünyaya- Yer altına göndərərək oraya həbs etmişdi. Tanrının yer altına göndərdiyi Yerlik əgər yaxşı olarsa, onu təkrar yanına alacaq. Tanrı insanlara yasaq meyvəni yedirən şeytanı üç qat yerin altına göndərir. Dünya yaradılmadan öncə, Tanrı vardı. Tanrı Göy üzündə oturmaqdadır. Tanrı yardımçı ruhlarına müxtəlif nəsihətlər verir. Erlik Tanrının Yer yaratmasını qısqanaraq, o da ağzında torpaq gizləyir. Qara Xan özünə bənzər bir varlıq yaradıb ona “adam” adını verir. Tanrının əmri ilə şeytan suyun dibindəki torpağı atınca Yer üzü meydana gəlir. Dünyanın yaradılışı 6 (altı) gündə tamamlanmışdı. Dünyanın yaradılmasının 7 (yeddi)-ci gününü Ülgən dincəlmək üçün yatmışdı. Doqquz ay palçığın üzərinə külək əsmiş, insan meydana gəlmişdi. Tanrı “Kürbustan” adını almış, insana da “Erlik” (Yerlik) adını vermişdir “(Bax: Altayların “Yaradılış Dastanı”, Yerin və insanın yaradılışı ilə bağlı digər bir Altay Dastanı)”
“Adəm torpaqdan yaradılmışdır. Allah Cəbrayılın oturması üçün dənizdən qübbəni çıxartmışdı. Cəbrayıl Allahın yaratdıqlarını tanımadığı üçün Allah qübbəni yox etmişdi. Cəbrayıl bundan sonra, 70 il dənizin üzərində dolaşmışdı” (Manisadan toplanan “Yaradılış Dastanı”)
“Şeytan tərəfindən sudan çıxarılan torpaq sürətlə böyüyərək, Yer üzünü meydana gətirmişdir.”(Yakutların “Yaradılış Dastanı”)
“Qırmızı dimdikli Quğu (Qu quşu) dimdiyindəki toz zərrələrini səpələyincə bunlar böyüyərək Yeri meydana gətirmişdir. Düz ərazilər şeytanın xoşuna gəlmədiyi üçün meşə və bataqlıqları meydana gətirmişdir.”(Quğu Tatar Türklərinin “Yaradılış Dastanı”)
“Qədim Türklər uşağı bəsləyən Qurdu Tanrının simvolu saymışlar. Qurdun 10 (on) oğlu evlənib, hər oğlundan bir boy törəmişdir. Tanrının göndərdiyi qızlar ilə evlənən gəncin ən böyük oğlunu xalq Xaqan seçərdi. Qurddan doğulan gənc yay və qış Tanrının göndərdiyi qızlar ilə evlənmişlər. Bozqurd yaralı uşaqla evlənmiş, ondan 10 (on) uşaq dünyaya gəlmişdi. (“Bozqurd Dastanı”) və s.”

Baxış sayı: 908