Ötən günə gün çatmaz..., Mədəniyyət, Müsahibə
05.08.2015 / 10:51

Yer üzünə şair göndərilən adam…

Yer üzünə şair göndərilən adam…

“Heç bilməzdim daşım belə ağırdır”

İnform.az-ın “Ötən günə gün çatmaz...” layihəsində şair, Vahid Əzizlə üz-üzə

Zəng edirəm, dünən efirə çıxmış “cücə”lərə deyir ki, “vaxtım yoxdur, işim çoxdur, inciməyin, jurnalistə ayıracaq vaxtım heç yoxdur…”
Bu cavabları alanda hərdən özümdən utanıram, düşünürəm bəlkə buraxım bu işin başını, min üzlü, min xislətli, şou dünyasıyla birdəfəlik kəsim əlaqəni. Deyəsən yavaş-yavaş kəsəcəm, özüm də hiss edirəm ki, daha yorulmuşam bunların “işvə-naz”ından. Nə isə keçək mətləbə, və bu girişi verməyimin səbəbinə.
Vahid Əziz imzasını tanımayan yoxdu. Bu insan mənə də həmişə maraqlı olub. Şou əhlinin mənasız həyat “hekayə”lərindən sonra Vahid Əzizlə həmsöhbət olub, onun iç dünyasına baş vurmaq çoxdankı arzum idi. Bir az tərəddüd içindəydim. Çünki, onun nadir hallarda müsahibə verdiyini, müsahibələrə xəsis olduğunu bilirdim. Amma, səy etdim. Vahid müəllimə telefon açıb müsahibə almaq istədiyimi dedim. Etiraz etmədi.Vaxtı müəyyənləşdirməsini xahiş edəndə: “Vaxtı deyin, mən özüm gələrəm, hava çox istidir, qadınlara hörmət biz kişilərin bir nömrəli borcudur”- dedi.
Əvvəl, düzü inanmadım, düşündüm ki, yetmiş yaşlı insandı sözdü dedi, bəlkə məni sınayır, dedim gözləyim əgər xəbər çıxmasa bir də arayaram.
Çox keçməmişdi ki, telefona gələn zəngdə adını görəndə sevindim.

-Alo, qızım mən aşağıdayam, neçənci mərtəbəyə qalxım?
Bu sözü eşidəndə “ Hə…Demək ziyalı olmaq bu imiş” deyə düşündüm…
Beləcə, ziyalılıq və insanlığın şahidi oldum. Başladıq səmimi söhbətə.

-Salam Vahid müəllim, bu istilərdə əhvalınız necədir?
-Əleykum salam. Yayın bu istisində kefim əladır.Sizə təşəkkür edirəm ki, məni yaddan çıxarmamısınız. Bakının yayı da gözəldir, qışı da. Səhhətim əladır. Dağa-bağa gedirəm, yenədə gedəcəyəm. Əsas odur ki, ağlım da ürəyim də yerindədir.

-Vahid müəllim, niyə bu gün yazanların sayı çoxalır, oxuyanların sayı azalır?
-Bu tək indi deyil ki, hər zaman yazan çox olub. Hər sözü ard-arda düzənə yazar deməzlər ki. Şeir yazan çox olar, amma şair azdır. Son illərdə oxuyanların sayı çoxalıb. Həm də internet bir az kitabı unutdurur. Amma mən düşünürəm ki, yenə də hamı qayıdacaq kitaba. Təzə bazar müvəqqətidir yenə hamı qayıdacaq köhnə bazara. Hamının olan şey əslində heç kimin olmur.

-Vahid Əziz şeirləri ilə çoxlarının zövqünü oxşaya bilirmi?
-Əgər bu gün gənclər mənim xəbərim olmadan adıma sayt açıb, şerlərimi orda paylaşırlarsa, neçə-neçə insanlar orda dostluq atıb sayta abunəçilik edib yaradıcılığımı izləyirlərsə, demək hə, bilirəm.

-Yaş fiziki məhfumdur deyirlər. Siz özünüzü neçə yaşda hiss edirsiniz?
-Kefim kök olanda on səkkiz yaşında oluram, pis olanda yüz on səkkiz yaşında.

-Ümid məhv oldusa, ölməyə nə var?
-Daha ağlamaq yox, bu son gilədi!
Mən özü-özünü qurudan çinar,
Eşq məni qurd kimi içimdən yedi.

Bəli, ümid varsa, yaşamağa dəyir. Əgər bir insanın ümidü öldüsə, insan ondan qabaq qəbrini qazır.

-Şairlər ən çox nədən ilham alır?
Eşitdiyimə görə gərək kiməsə vurulasan, kədərlənəsən, gözələ bir mənzərə yaxud xoşagələməz bir hadisə səni duyğulandıra.

-Bu yalan sözdür qızım. Şair heç nədən ilham filan almır. İstedad ilahi vergidir. Şeir Tanrının yazdırdığı inşadır, misraları Allah diktə edir.Mən şeir yazan da içim musiqi ümmanı kimi çağlayır, sözlər bu musiqili dalğaların üstündəki, bəmbəyaz köpüklər kimi aşıb-daşır…

-Vahid müəllim, bilirik ki, Azərbaycan Yazıçılar Birliyi İdarə heyyətinin katibi vəzifəsindən çıxdıqdan sonra heç yerdə işləmirsizniz. Bu il Vahid Əzizin yetmiş yaşı tamam olur. O da məlumdur ki, ölkəmizin çox qarışıq zamanlarında hadisələrin cərəyan etdiyi məkanlarda olmusunuz. Gördüyünüz işlərə rəğmən dövlətin sizə verdiyi dəyərdən razısınızmı? Özünüz işləmək istəməmisiniz, yoxsa hər hansı bir təklif olmayıb? Axı siz təcrübəli insansınız?
-O zaman respublika əhəmiyyəti olan bir dövlət tədbirində fəaliyyətim rəhmətlik Heydər Əliyevin diqqətini cəlb etmişdi. 11 iyun 1982-ci ildə Azərbaycan KP MK birinci katibi olan umummilli liderimiz məni qəbul etdi, mənimlə söhbəti təxminən qırx dəqiqə davam etdi. Həmin söhbətdə MK-nın təşkilat şöbəsinin müdüri olan hörmətli akademikimiz Ramiz Mehdiyev də iştirak edirdi. Həmin gün məni Azərbaycan KP MK təbliğat və təşviqat şöbəsinin təlimatçısı təyin etdilər. Bir ildən sonra oldum həmin şöbənin mətbuat bölməsinin müdüri. 1988-ci ilin sonlarınadək bu vəzifədə çalışdım. Qeyd edim ki, 1988-cilin fevralında erməni millətçilərinin ortalığa atdıqları Qarabağ tonqalı alovlanmağa başlayanda mən artıq o vaxtki, respublika rəhbərliyi və Moskvadan gəlmiş rus ordu generalları ilə Xankəndində idim. Bu hadisələr başladıqdan sonra mənim bilavəsitə iştirakım və rəhbərliyim ilə erməni separatizmini, daşnaqların Azərbaycan xalqına qarşı apardıqları yüzillə davam edən düşmənçiliyin köklərini ifşa edən tarixi kitabların nəşrinə başalnıldı. Bu dövrlərdə on iki adda bu cür kitab nəşr etdirdim. Bu kitabların hamısının müəllifləri rus, yahudi, alman və ermənlərin özləri idi. Kitabların ilk nəşrləri 1893 -1922-ci illər arasında olmuşdur. Axtardıq, tapdıq üzə çıxardıq, yüz min tirajlarla cap etdirib yaydıq. Təkcə onu bildirməyim kifayət edər ki, böyük rus tarixçisi və jurnalisti, car Rusiyası dövründə Zaqafqaziyada nəşr olunan “Kafqaz” qəzetinin baş redaktoru V.P.Veliçkonun 1904-cü ildə Sankt -Peterburqda cap olunmuş “Kafqaz “ adlı kitabını düz üç dəfə, hər dəfə də yüz min tirajla cap edib bütün SSR-i ərazisinə yaydıq.1988-ci ildə respublika rəhbərliyi dəyişdi. Moskva Ə.Vəzirovu MK-nın birinci katibi təyin etdi həmin ilin sonunda mən MK-dan işdən çıxarılaraq Azərbaycan Mətbuat Komitəsi sədrinin muavini vəzifəsinə gönədərildim.

-Nəyə görə? Məgər Vəzirov erməni millətçilərinə qarşı apardığınız fəaliyyəti dəstəkləmirdi?
-Vəzirova qalsa dəstəkləyərdi. O vaxt yüksək vəzifələrdə erməni millətindən olan və erməni millətindən və erməni “pesa”ları(kürəkən)olanlar az deyildi. Bundan savayı qorxaq mənsəbpərəstlər də az deyildi. Bu adamlar Vəzirovun qulağını doldurdular, məni ipə-sapa yatmayan, davakar bir adam kimi qələmə verdilər. Belə bir fikir yaratdılar ki, mənim MK-da qalmağım Azərbaycan partiya təşkilatını Moskva qarşısında zərbə altında qoya bilər.

-Kimlərlə savaşırdınız? Tutduğunuz hansı işlərə görə SSRİ-nin partiya rəhbərliyi belə bir nəticəyə gələ bilərdi?
Yer üzünə şair göndərilən adam…-1988-ci ildə indiki, Azadlıq meydanında güclü mitinqlər gedirdi. Azərbaycan xalqı bir yumruq kimi birləşərək Sovet rejimi boyunduruğunu atmağı tələb edirdi. İnsanlar yaranmış vəziyyətdə Heydər Əliyevin yenidən Bakıya qayıdıb hakimiyyəti ələ alıb, ölkəyə rəhbərlik etməyini istəyirdilər. O zamanlar artıq satqın M.Qorbacov Heydər Əliyevi Sov.İKP.MK Siyasi Birosunun üzvü vəzifəsindən kənarlaşdırmışdı. Ölkəmizin hələ də davam edən faicələr elə o vaxtdan başladı. Heydər Əliyevin yüksək vəzifədən uzaqlaşdırılmasından cəmisi bir neçə ay sonra məqam gözləyən, pusquda dayanan erməni millətçiləri Dağlıq Qarabağ problemini atdılar ortalığa. Həmin mitinqlər zamanı Azərbaycan Xalq Cəhbəsinin fəalları Moskvadan gəlmiş “Moskovskaya pravda ” qəzetinin foto müxbirinin foto kameralarını əlindən zorla almışdılar ki, onun çəkmiş olduğu qərəzli foto şəkillər cap olunmasın. Moskva jurnalistləri gəldilər mənim yanıma ki, mən onların fotoaparatlarını geri qaytartdırım. O zaman həmin qəzetin baş redaktorunun muavini Xaçaturov familiyalı bir erməni millətçisi idi. Mən həmin ermənini XMA-nın Azərbaycan üzrə xüsusi müxbiri işlədiyim dövrdə tanıyırdım. O, XMA-nın İdarə Heyətinin sədrinin müavini idi. Həmin qəzet Azərbaycan haqqında böhtan və iftiralar dolu ermənipərəst yazılar çap edirdi. Mən Moskva jurnalistlərinə dedim ki, məni öz qəzetlərinin baş redaktoru yaxud məsul katibi ilə birləşdirsinlər. Azərbaycan KP MK-dakı kabinetdən öz məhsul katiblərini yığdılar. Məsul katibə fotoaparatların qaytarılmasını vəd etdim. Amma dedim ki, nə qədər ki, onların rəhbərliyində millətpərəst Karen Xaçaturov kimi daşnaq elementləri var, Azərbaycanla-Ermənistan arasında sülh yaratmaq çətin olacaq! Məhsul katib mənə dedi ki, Vahid Azizoviç, bu gün saat 4-də Sov. İKP MK katibi Medvedyevin yanında müşavirə olacaq. İcazə versəniz mən sizin sözlərinizi həmin müşavirədə səsləndirərəm. Cavab verdim ki, mütləq bunu etsin. Ertəsi gün Azərbaycan KP MK-nın o vaxtkı Təşkilat Şöbəsinin müdiri Vaqif Hüseynov məni yanına çağırıb dedi ki, təcili şəkildə Lənkərana getməlisən. Əlikram Hümbətov İran SSRİ avtomobil yolunu öz dəstəsinin köməyi ilə bağladıb. Dedim ki, Vaqif Aliyeviç mənim Əlikram Hümbətova gücüm çatmaz axı. Əvvəllər mən Vaqif Hüseynovla Bakı şəhər Partiya komitəsində işləmişdim və onun vaxtında MK-ya gəlmişdim. Vaqif Hüseynov dedi ki, dünən elə qələt qırmısan ki, Moskvadan Vəzirovun abrın alıblar. Mənim sənə yaxşılığım o olar ki, səni şəhərdən bir müddət uzaqlaşdırım. Ya səni həbs eləməlidirlər, ya da ki, başını “duzlamalıdırlar”. Görünür “Moskovskaya Pravda” qəzetinin məhsul katibi öz sözünün ağasıymış… On iki gün Lənkəranda qaldım. Ara sakitləşəndən sonra qayıtdım Bakıya. Hə, Aysel xanım, davakar idim. Moskvadakı Partiya rəhbərliyindən göndərilmiş ermənipərəsət və şovinist vəzifə sahibləri ilə savaşırdım. Azərbaycan xalqının çörəyin yeyib, bizi öz içimizdən satan şərəfsiz həmvətənlərimlə savaşırdım, çap etdirdiyim tarixi kitablara görə mənə “Milli ədavəti qızışdıran” damğasını vuraraq MK rəhbərliyinin gözündən salanlarla savaşırdım.

-Nəticədə Mərkəzi Komitədən getdiniz Mətbuat komitəsinə.
-Bəli, getdim. 1988-ci ilin sonunda Azərbaycan SSR Ali Sovetinin Fərmanı ilə “Azərbaycan Respublikasının Dağlıq Qarabağ və Ətraf rayonları üzrə Respublika Təşkilat komitəsi” yaradıldı. Mən də, artıq Komitə sədrinin müavini kimi bu Təşkilat Komitəsinin altı üzvündən biri oldum. Düz bir il oturdum Xankəndində, Şuşada, Kərkicahanda, Naxçıvanikdə erməni silahlarının nişangahında. Bəlkə hələ də bu nişangahdayam.

-Sonra?
-Sonrası da belə oldu: Ə.Vəzirov “qanl yanvar” gecəsində Bakını tərk etdi. A.Mütəllibov oldu MK-nın birinci katibi. Bir müddət sonra mətbuat komitəsinin sədri rəhmətlik Rəşid Mahmudov istefaya göndərildi. MK-nın o vaxtkı ideoloji məsələlər üzrə katibi məni yanına çağıraraq dedi ki: “Sən ermənistanlısan, həm də ki Heydər Əliyevin qohumusan. Biz səni Mətbuat Komitəsinə sədr təyin edə bilmərik. Sən oradan getməlisən”. Ona dedim ki, Heydər Əliyev səni müxtəlif yüksək vəzifələrə təyin etdi. Nədi, indi Heydər Əliyev düşmən oldu bu millətə?! Əvvəla mən onun qohumu deyiləm. İkinci də ki, sənin kimi adamın tabeliyində işləməkdənsə ümumiyyətlə işləməmək yaxşıdır. Başını pəncərədən çıxart Lenin meydanına bax. Millət ora yığılıb sənin kimilərin əleyhinə şüarlar qaldırır, Heydər Əliyevi tələb edir. Qapını çırpıb çıxdım. Yazıçı Anara göstəriş verdilər və məni 1991-ci ilin yazında Azərbaycan Yazıçılar Birliyinin növbədənkənar Plenumunda elədilər Yazıçılar İttifaqının İdarə Heyyətinin katibi. 1997-ci ildə keçirilən növbəti qurultayda İttifaqın Katibi postunu tərk etdim. Və Bakı Şəhər İcra Hakimiyyəti nəzdindəki Reklam və Şəhər Tərtibatı Departamentində işə düzəldim. Ayda 120 ABŞ dollar maaş alırdım. 8 aydan sonra Kadrlar Şöbəsinin müdiri mənə dedi ki, Vahid müəllim, bir ərizə yazın könüllü olaraq işdən çıxın sizə də iki aylıq maaşınızı verək. Soruşdum niyə? Dedi ki, bəs sizin ixtisasınız, tutduğunuz Azərbaycan dilində olan reklamlar bölməsinin müdiri vəzifəsinə uyğun gəlmir. Siz Politexnik İnstitunu bitirmisiniz, ixtisasca mühəndissiniz. Başa düşdüm ki, yenə də kiminsə gözündə tir olmuşam, ya da başına düşən qara bir daş. Dedim xanım, axı mənim iki diplomum var. Bakı Ali Partiya Məktəbinin Jurnalistika fakültəsini bitirmişəm, beynəlxalq jurnalist olmuşam. Ölkə mətbuatına yeddi il müddətində ideoloji rəhbərlik etmişəm, beş şeirlər kitabının müəllifiyəm, Yazıçılar Birliyinin rəsmi katibi olmuşam. Sözlərimə yazılan mahnıların bir qismi dillər əzbəridir. Elə “Aman, Tello” mahnısını Məmmədbağır toylarda oxuyanda millət həvəslə şiringilti vurur. Noldu indi ixtisasım uyğun gəlmədi? Başladım şöbə müdirin dolamağa. Dedim kənddə rəsmi mamaça olmayanda bir traktorçu, sağıcı yaxud dülgər 5 il mamaçalıq eliyəndən sonra ona rəsmi mamaça diploma verirlər. Mənim xalq və dövlət qarşısında olan bu qədər xidmətlərim 120 dollara da dəymədi? Ərizə filan yazmıram, ixtisar edin və sənədin bir üzünü verin mənə. Gələcək nəsillər özü bilər kimin sifətinə tüpürəcək. O vaxtdan azad sənətkaram.

-Vahid müəllim, bu qədər sarsıntılara necə dözmüsünüz?
-Sizə bir şey deyim, olsun ki, taleyimin bu keşməkeşli yolları ilə getməyim bədxahlarımın deyil, haqqı nahaqqa verməyən, ulu Tanrının istəyi ilə seçilirmiş. Bu hadisələr başıma gətirilən oyunların çox cüzi bir hissəsidir. Elələri var ki, danışmağa utanıram. Danışsam, millətin bəzi şərəfsiz övladlarını deyil özümü də gözdən sala bilərəm. Və bütün bunlara nəzər saldıqda hərdən özümə hayıfım gəlir. Amma, xeyirlisi Allahdandır. Bu ilin noyabrında mənim yetmiş yaşım tamam olur. Seçilmiş əsərlərimin doqquz cildi çapa hazırlanır. Hər bir cild 450-600 səhifə arasındadır. Bu kitabların altı cildindəki şeirləri işləmədiyim dövrlərdə yazmışam. Bəlkə də hər hansı bir vəzifə sahibi olsaydım, yaddaşlarda adicə bir məmur kimi qalardım. Azərbaycanın çox istedadlı şairi və publisisti olan rəhmətlik Səyavuş Sərxanlı 1988-ci ildə “Azərbaycan” jurnalının 12-ci sayında mənim barəmdə on üç səhifəlik böyük bir oçerk çap etdirmişdi. Adı da belə idi: “Vahid Əzizlə bir payız günü, yaxud Yer üzünə şair göndərilən adam”.
Keçdiyim həyat yoluna ədəbi yaradıcılığıma ciddi nəzər yetirən Səyavuş Sərxanlı bu oçerkdə maraqlı bir fikir söyləyib: “Bu gün cəsarətlə deyə bilərəm: Bu günkü iqtidar Vahid Əzizi Prezident Aparatından aralı saxlamaqla, millətə Vahid Əziz kimi təzədən doğulmuş qüdrətli bir şair bağışladı…” o ki qaldı yetmiş illiyimin ərəfəsində dövlətin mənə verəcəyi dəyərlərə-bu, dövlət başçısının köməkçilərinin insafından, daha doğrusu ona çatdıracaqları informasiyadan asılı olacaq.

-Yəqin ki, yetmiş yaşınızla bağlı bir gecə keçirərsiniz?
-Aysel xanım, ya yaradıcılıq gecəsi olacaq, ya da ki, xatirə gecəsi. Bunu yalnız ulu Tanrı bilər.

-İnşallah yaradıcılıq gecəsi olacaq, belə bədbin notlara köklənməyin.
Vahid müəllim, Eldar Mansurovun sözlərinizə bəslədiyi “Əzizim” mahnısındakı bu misarları xatırlatdınız mənə: “Heç bilməzdim daşın belə ağırdı, bəxtim belə biçarədi, fağırdı.” Gedəcəyəm, göylər məni çağırdı, daha yerdə gəzmək olmur, əzizim. Vaxtılə bir nəşriyyat yaratmışdınız. İndi də ara-sıra bu nəşriyyatda çap etdiyiniz kitabların adları hallanır.
-Bəli, 1993-cü ildə “Ergün” adlı bir nəşriyyat yaratdım. Rəhmətlik Arif Mansurovun yazdığı “Tarixin ağ ləkələri” kitabını azərbaycan, rus və ingilis dillərində çap etdim. Yenə də onun müəllifi olduğu Xəzər dənizinin ekologiyası ilə bağlı ingilis və rus dillərində iki kitab çap etdim. 1993-1997-ci illər ərzində görkəmli Amerika iqtisadçısı Filip Kotlerin çox sanballı “Marketinqin əsasları” adlı əsərini nəşr etdim. O zaman hələ bazaar münasibətləri ilə bağlı azərbaycan dilində belə bir əsər yox idi. İndiki İqtisad Universitetinin tələbə və müəllimləri bu kitabdan yetərincə bəhrələndilər. Təxminən on beş il ərzində o nəşriyyatdan bu nəşriyyata atılan Azərbaycanca-Rusca lüğətin yeddi yüz səhifəlik üçüncü cildini, “Azərbaycan, rus, ingilis dillərində tibb lüğəti”ni , Ə.Topçubaşovun “İstanbulda diplomatik söhbətlər” kitabını, xeyli sayda başqa müəlliflərin əsərlərini nəşr etdim. Onu da qeyd edim ki, bu işləri o vaxt ağılsızlıq edib bankdan götürdüyüm kreditlər hesabına edirdim. İndiki Slavyan Universiteti o zamanlar M.F.Axundov adına Rus dili İnstitutu sayılırdı. Təkcə bu institutun müəllimlərinin xeyli sayda kitablarını nəşr etdim. Həm “Azərbaycanca-rusca lüğət”in üçüncü cildinin, həm də digər kitabların nəşrinə görə institutun rəhbərliyi 1997-ci ilin sentyabrında mənə “M.F.Axundov adına Azərbaycan Rus dili Pedaqoji İnstitutunun Fəxri Doktoru” adının verilməsini qərara aldı. Türkiyədə İnstitutun verdiyi nümunə əsasında “Fəxri Doktor” diplomunu çap etdirdim, Azərbaycan Opera Teatrının dərclərinə “Fəxri Doktor Mantiyasını”hazırlatdım. Bəzi mənsəbpərəst adamların xoşuna gəlmədi bu iş, tədbiri pozdular, bir müddətdən sonra institutun rektoru Firidun Hüseynovu işdən çıxartdılar. Görünür bu ada layiq görülsəydim, kimlərinsə yerini dar edəcəkdim. Heç bir fəxri adım yoxdur, amma mən Dağlıq Qarabağda göstərdiyim fəaliyyətimə görə rəsmən Qarabağ müharibəsi veteranıyam. Hələ 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti dövründə “Latın əlifbasını öyrənirik” adlı rəngli əlifba kitabı tərtib etdim və onu “Şərq-Qərb” nəşriyyatında kütləvi tirajla çap etdirdim. Ümumiyyətlı nəşriyyatçılıq fəaliyyətimin zirvəsi “Ömrün üç günü” adlı kitabdır. Tərtibçi-müəllifi olduğum bu rəngli kitab Ümumilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılışına və bu tədbirdə Ulu Öndərin ölkə prezidenti kimi iştirakından bəhs edir. Bu kitabı mən Türkiyədə latın və kiril əlifbalarında çap etdirdim.

-Vahid müəllim, sonuncu sual, sözlərinizə xeyli mahnılar bəstələnib. Təkcə Briliant xanım Dadaşovanın ifasında olan Eldar Mansurovun bəstələdiyi “Bayatılar” mahnısı bütün dünyanı dolaşır. Bir müəllif kimi hüquqlarınız qorunurmu?
-Bu məsələ həm müəllifləri, həm də Azərbaycanda müəllif hüquqlarını qoruyan ən ağrılı məsələsidir. Mən türk şairi olsaydım bu qədər mahnı sözləriylə milyonçu olardım, vallah!

-Problem nədədir ki?
-Azərbaycanda fəaliyyət göstərən teleradio şirkətləri demək olar ki, bu rəsmi dövlət agentliyini saymırlar, onunla hesablaşmırlar. İstifadə etdikləri əsərlərin pulunu agentlik hesabına keçirmirlər. Bildiyim qədər bu işdə bir və yaxud iki teleradio şirkəti nisbətən səliqəlidi. Digər tərəfdən əsərlərimiz ifa olunanda adlarımızı çəkmirlər. Elə fikir yaranır ki, elə mahnını doğan da onun göbəyini kəsib bələyən də müğənnidir. Nə bəstəkarın adı çəkilir, nə də şairin. İldə beş-altı dəfə yüz minlərlə insan yığılır bulvardakı hündür simvolik qazma buruğunun ətrafına müğənnilər oxuyur. Bu konsertləri Yer kürəsində yaşayan milyonlarla insan izləyir. Amma bəstəkar və şairlər yada salınmır. Sonra deyirik ki, bədnam qonşular filan mahnımızı çırpışdırıb çıxıb adına. Əgər konsert təşkilatçıları şair və bəstəkarların konstitusiya hüquqlarını pozaraq bizim adımızı çəkmirlərsə, xaricdə yaşayan vətəndaş hardan bilsin bu əsərlərin müəllifləri “Hayrapetyanlardır”, yoxsa soyadları “Yan”la bitməyən Azərbaycan vətəndaşlarıdır. Qəribədir, elə bil ki, adlarımız efirdən çəkiləndə kimlərinsə “əksiyi çıxır”. Bəllidir ki, dövlət vergilər nazirliyi müğənnilərdən toylardan və konsertlərdən qazandıqlarından vergi tutur. Bu vergilərin əsər müəlliflərinə zərrə qədər xeyri yoxdur. Keçmiş SSRİ dövründə müğənnilər əlaqədar dövlət qurumuna “Raportiçka” deyilən bir siyahı təqdim edirdilər. Bu siyahılarda restoranlarda və toylarda bir ay ərzində oxuduqları əsərlərin və onların müəlliflərinin adları göstərilirdi. Bu sistem bərpa olunmalıdır, vergi ödəyicisi olan müğənnilər ifa etdikləri əsərlərin siyahısının bir surətini vergilər nazirliyinə, o birisini isə müəllif hüquqları agentliyinə təqdim etməlidirilər. Vergilər Nazirliyi müğənnilərdən tutduğu verginin bir qismini müəllif agentliyinə keçirsin, Azərbaycan vətəndaşları olan müəlliflər də şad və xürrəm yaşaya bilsinlər.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 1096