Gündəm, Şərhlər
05.08.2015 / 10:26

Torbadan mandat gözləyənlər

Torbadan mandat gözləyənlər

Aqil CAMAL / İnform.az


Parlament seçkisi yaxınlaşdıqca, deputatlığa namizəd olmağa könül vermişlərin sırası sanki, fontan vurur. Doğrudur, parlament seçkisi daha çox insanın iddiaçı kimi qatıla biləcəyi bir kampaniyadır. Ancaq, burada da “Məscidin qapısı açıqdır” məsəli yada salınmalıdır. Amma, nə olsun ki, yada salınmır.
Əvvəllər belə deyildi. İstər partiya siyahısından, istərsə fərdi şəkildə namizədliyi irəli sürülən şəxslər cəmiyyətdə az-çox tanınan, ictimai çəkisi olan, həmçinin, parlament fəaliyyəti ilə qanunvericilik orqanına öz töhfəsini verə biləcək mütəxəssislər idi. Bu seçkidə də yəqin ki, həmin təbəqədən insanların namizədlikləri olacaq. Amma son günlər müşahidə etdiyim tendensiya, belə deməyə əsas verir ki, yenə də hər dairədən 20-30 nəfərin namizədliyi qeydə alınacaq. Seçki təşviqatı üçün keçirilən teledebatda dəyirmi masa arxasında oturmağa yer olmayacaq… Son günlər rastlaşdığım, bir neçə seçki bloku haqqında xəbərlər belə düşünməyə əsas verir.
Təsəvvür edin, qonşularının belə düz-əməlli tanımadığı, cəmiyyətdə isə heç tanınmayan gənclər dostyana toplaşır və seçki bloku “yaradaraq” öz aləmlərində dairələr üzrə namizədlər irəli sürürlər. Həm də daha çox dairədən namizəd müəyyənləşdirir.
Yeni vüsət almağa başlayan “namizəd irəli sürmə” prosesində xeyli sayda jurnalist həmkarımız da fəallıq göstərir. Hətta bəziləri dairə seçimi ilə bağlı minnətli açıqlamalar verir. Sanki, seçicilər onlara yalvaracaqlarmış ki, “gəl, namizədliyini bizim dairədən ver”.
Klaviaturada iki hərfi dalbadal yazan, “facebook”da şəkli olan deputatlıq sevdasına düşür.
Ola bilsin, bu iddianı onların ürəyində cücərdən, təcrübədə gördükləri bəzi nümunələrdir. Yəni, “bəs, filankəs necə gedib deputat oldu?” deyə… Ancaq, heç kim deputatlığa namizəd olmaq istədiyi dairəyə gedib insanlardan soruşmaq istəmir ki, “ay bacı, ay qardaş, mən adda adam tanıyırsınızmı?”. Etməzlər. Çünki, alacaqları cavabı əvvəlcədən bilirlər.
Axşam yatıb, sabah deputatlığa namizəd olmaq iddiası ilə qalxanları Novruz bayramında bacadan papaq sallayanlara bənzətmək olar: “Hamı papaq sallasın, hər halda birinin içərisinə pişik (mandat) qoyulacaq. Bəlkə, o bəxtəvər mən oldum…”.
Az-çox ictimai fəal insanlar üçün nədənsə bu ölkədə son hədəf bir dəfə deputat mandatı əldə etməkdir.
Azərbaycanda keçirilən bütün seçkilərdə namizəd olmaq hər bir vətəndaşın hüququdur. Amma bu hüquqdan istifadə, seçiciyə, cəmiyyətə hörmətsizlik üzərində baş verməməlidir.

Baxış sayı: 403