Şərhlər, Ədəbiyyat
04.08.2015 / 13:00

Susuzluqda Şəffadır hər şey...

Susuzluqda Şəffadır hər şey...

Murad AHİZ / İnform.az


Yeraltı (Undergraund) ədəbiyyatı araşdıranda, bu ədəbiyyat nümayəndələrinin bir “heç”dən yazdığı həmişə diqqətimi çəkir nədənsə. Əslində bu “heç”, var olanın var olma səbəbini axtarışlarla ortaya qoyur. Əski mifoloji mətnlər necə ki , insanların “Yaradan “ axtarışıyla doludursa , yeraltı ədəbiyyat nümunələri varlığın “çöldən qayıdış”, “axtarışdan dönüş” , artıq öz iç dünyasında varlığını axtarmaqla doludur. Bu əsərlərdə fərqli psixoloji vəziyyətlərdə ortaya çıxır.Bəzən adama elə gəlir ki, bütün ədəbiyyat Samuel Beckettin “Godot” unu axtarır. Və ya gözləyir. Gözləyişlər “heç” dən yazma formasında gün işığına çıxır. Eləcənə Samuel Beckettin özünün “Heç üzərinə mətnlər” toplusu kimi.

***

Bu gün ətrafımızda söz-söz, cümlə-cümlə fərqli bir ədəbiyyat yaranmaqdadır. Bizlər bəzən bunu hiss edə bilirik. Şərt o deyil ki bu insanlar hamısı Nizaminin “Xəmsə” si kimi böyük toplular ortaya qoyacaqlar, əksinə, kiçik yazılarla hər biri bir kərpici qoyaraq bu divarı tamamlayacaqlar...
Yazı səmimiyyətdən hamilə qaldıqca daha çox gözəlləşir. Yetişkinlər arasında tanıdıqlarımızdan öz gəncliklərində yazdığı şeirlərlə yadda qalanlar da var ki, artıq demək olar ki , ədəbiyyat aləmindən çox uzaqdalar. Amma nə zamansa yazdıqları o səmimi şeirlər, esselər öz tamı, dadıyla damağımızda qalıb, xatırlanır. Bunlardan Ruslan Ələkbərlinin beş bəndlik şeirini tez-tez xatırlayıram. Nədənsə həmişə şeirinin bir bəndi dilimdə öz özünə dolaşır:

Nə bu dünya, nə o dünya
Dərd aparan, dərdə gedər
Yaxşı olsa tabut nədir?
Adam elə yerdə gedər...


Səmimiyyətdən doğulan “övlad” yaraşığıyla göz çıxarır.
Bu şeirin içərisində yorğunluq, beyin içərisindəki təlatümləri dilə gətirir. Bu qədər. Başqa heç nə...

***


Ədəbiyyatı olduğu kimi yaşaya bilmək, özünü-öz varlığını bütün təziqlərdən qoruyub özün kimi yaşaya bilməkdir. Ədəbiyyat həm də bir azadlıq, iç dünyanın həbsdən qurtulma, yaşanma hayqırışıdır. Kiçik kütlə içərisində” yazılmamış qanunlar” çox sərt üzə çıxır. Bunu qırmaq, dağıtmaq çətin olur. Adət-ənənə, mentalitetdən başqa “dedidedilər” , çökməkdə olan bir ölkə üzərinə ağırlaşdırılmış vergi kimi təsir edir. Bu sərhədləri ötüb keçmə cəhdlərini yenə də, şeir və fotolarda, esselərdə, kiçik hekayələrdə izləmək mümkündür. Kimiləri artıq öz diliylə desək, oyunun içində olduğunun fərqindədir. O oyun ki, axtarışlarla başlayır, “baş götürüb getməklərlə” səni yolundan azdırır, iç sıxıntılarıyla süstləşdirir. Amma bu oyunda tək qalib olur - Ədəbiyyat!

Kimiləri öz bədənlərinin arxasında gizlənir
Kimiləri əllərinin qabar-qabar olmağından yanadı.
Kimiləri üşümək üçün geyinmir
Kimiləri geyinir saxta libasları
Amma onlar yenədə üşüyür.
Kimiləri qalib ayrılmaq istəyir bu oyundan
Kimiləri isə heç bu oyunda yoxdu...

(Rafael Rzayev)

Oyunda olmayanlar bəlkə də heç nəyin fərqində olmadan robotsal yaşamın axarına qapılanlardır. Klassik ev, ailə, uşaq və onlara vaxt ayıraraq həyatı gözəlləşdirməklər yerinə, davamlı iş yorğunluğu içində xroniki yaşama sürüklənən “xoşbəxtlərdir”. Amma insan olma instikti zaman-zaman onların da “gözlərinə yol çəkdirir” . Hansı ki, artıq “kimiləri o yolda irəliləyir”.

... Kimilərinin gözləri yol çəkir
Kimiləri o yolda irəliləyir.
Getmək dəyişmir uzaqlıqları
Qalmaqsa uzaqdakını yaralayır
əlində olanlardan yana sevinir bəzən kimsə
əlində qalanları görməzdən gələrək...


(Rafael Rzayev)

Qədim xalqların bəzilərində yaranmış mifologiyalarda insan nəyəsə çevrilirdi, hansısa varlığa filan. Ya əjdəhaya və ya ilana... bu çevrilmə zamanı insan əzabların ən dözülməzini çəkərək içindən – tən ortadan parçalanıb hayqıraraq çevrilirdi. Bu, “öz içindən çevrilib getməy” in ilkin versiyasıdı bəlkədə... çünki bu sıyrılmanın, getmənin qarşılığı başqa bir varlıq kimi həyatını sürdürməkdir.
...Susuzluqda şəffafdır hər şey
Aclığın qırtım qırtımlığında susarkən
Dərindir yaranın izi
Basdığında qan axmayır əzabdan
Üryan bədən, qarın düşüşünü
Həsrətlə gözlərkən,
Damcılar çoxalır gözlərində
Ölmək ucuz və keyfiyyətsiz...
Qalmaqsa özünü aldatmaqdır...


(Rafael Rzayev)

***


Kənarda, cəmiyyətin gözünün önündə, amma bir o qədər də uzaqda fərqli ədəbiyyat yetişməkdədir. Bu hər cür absurdluqdan, egozimdən, özünüreklamdan, bayağılıqdan sıyrılmış, “nədən yazmaq? “sualını geridə buraxmış, hisslərini yazmaq çəkingənliyini aşıb keçmiş insanların təməl daşlarını çiyinlərində tozlu-torpaqlı yollarda daşıdıqları ədəbiyyatdır.
Ədəbiyyatdan yoğrulmaq üçün hər şey var. Çatışmayan tək şey ədəbiyyatda xoşbəxt yazıçılardı. Təssüf ki, ən çox ehtiyacımız olan şey yoxdu ədəbiyyatımızda. Ədəbiyyatımızda xoşbəxt sonluqla bitən əsərlərin yaranması üçün xoşbəxt yazıçılara ehtiyacımız var. “Bomj” var, “bədbəxt”lərimiz var, hətta, “yarımxoşbəx”tlərimiz belə var. Amma xoşbətlərimiz yoxdu...

Baxış sayı: 747