Gündəm, Şərhlər
04.08.2015 / 12:15

Türkiyə indi ağrısını çəkir

Türkiyə indi ağrısını çəkir


Xanəmir Telmanoğlu / İnform.az


Ey Tanrının tükənməz sevdasını qanının qızartdağında dağlara, daşlara yazan bir ulusun ulartıya çevrilmiş səsi...

Qardaş Türkiyə Cümhuriyyətinin yaxın tarixində o qədər göz görəsi yanlışlıqlar baş verib ki, adam bu faktlarla tanış olanda, az qalır ödü ağzından gəlsin. Zəki Vəlidi Toğanı tanımayan yoxdur. İkinci dünya müharibəsi ərəfəsində Türkiyədə dəhşətli faktlarla tutuqlanan, 10 il həbsə və 4 il sürgünə göndərilənlərdən biri də bu millət mürşidlərindən olan kişidir. Onunla bağlı qısa bir tanıtıma ehtiyac duyuram. Kimdir o? Başqurt türklərindən bir elm adamı. Rusiyanın Ali Məclisinin 1917-ci ildə idarə heyətinin üzvü. Sovet Başqırtıstan Cümhuriyyətinin müdafiə naziri oldu. 1920-ci ilə Cümhuriyyətin başına gətirilən birisi. Leninlə və Stalinlə milli məsələlərdə fikir ayrılığına görə, Başqırtıstanda dura bilməyib Orta Asiyaya gəlir. Oradan İrana və Əfqanıstana, oradan Hindistana, oradan da Misir yoluyla Parisə, Parisdən Berlinə keçir. Berlin universitetində elmi araşdırmalarına başlayır. 1925-ci ildə Türkiyəyə dəvət edilir. Türkiyədə əvvəlcə Ankara təlif və tərcümə heyətində, sonra isə İstanbul universitetində türk tarix kürsüsündə gənclərə türk tarixini öyrədir. 12 mayda türk polisi Zəki Vəlidi Toğanın bu tarix müəlliminin evindəki kitabxanada türk tarixinə aid olan kitabları araşdırırlar.
Zəki Vəlidi Toğan günahını bilmək istəyir. Məhkəmədə ərz edirlər ki, guya Türkiyənin almanların yanında yer alaraq, İkinci Dünya müharibəsinə sövq etmək planı varmış. Digər bir günahı isə, kitabxanasındakı kitabların əksəriyyətinin Türk tarixinə aid çeşid-çeşid kitablardan ibarət olmasıymış. Bu haqda danışmaq o qədər gülünc və absurtdur ki, bu barədə heç nə yazmaq istəmiyəcəm. Çünki Türk tarixi üzrə bir elm adamının, professorunun, ali məktəb müəlliminin kitabxanasında hansı kitablar yer almalıdır ki?
Doğrudan da, bəzən elə insanları elə günahlarla suçlayırlar ki, adam dəhşətə gəlir. Əgər Zəki Vəlidi Toğan nəhəng Türkiyə dövlətini bu qədər vurhavurların qabağında müharibəyə sövq edəcəksə, o dövlət, o ölkə doğurdan da dağılmalıydı.
Siz bilirsinizmi, o dönəmlərdə Türkiyə məhkəmələri kimlərin həyatını altını üstünə gətirmişdi. Türkiyənin əsl vətənpərvər, elmli, şəxsiyyətli, onurlu nə qədər düşünən beyinləri vardı, hərəsini bir adla yarqılayır, işgəncələrə çəkir, uzun illərin həbslərində çürüdürdülər. Zəki Vəlidi Toğanı da bu zülmü görən, təhqir edilən, yuxarıdan aşağı baxılan birisidir.
Zəki bəyin günahının kökü nədədir? İkinci Dünya müharibəsi ərəfəsinə Zəki bəy, öz dostlarıyla bir araya gələrək belə qərar verirlər ki, almanlar döyüşlərdə xeyli əsr alırlar. Onların əksəriyyəti rusların xaricində qazax, qırğız, türkmən, özbək, başqırd, tatar, çuvaş, qaraçay, qaraqalpaq, uyğurlar və bir sözlə türk əsilli insanlardır. Sadəcə olaraq, almanlar əsir götürdükləri yəhudiləri sünnət olmalarından tanıyır və aparılan propaqandanın lazımınca alman zabitləri onları həmən öldürürdülər. Əsirlər içərisində sünnət olunmuş türk əsilli əsgərlər də olduğundan və onların da yəhudilərin güdazına getməməsindən dolayı Zəki Vəlidi
Toğan bir təşkilatın varlığına ehtiyac olduğunu dərk edir. Bir dövlətin bir şəxsi deyil, bir təşkilatı eşidə biləcəyinin avantajını anlayır. Nəticədə bu işi açıq-aşkar, hətta o dönəmin dövlətin ən üst düzeyində işləyən Türkiyənin dövlət böyüklərinə də məsələni açır, bildirir. Yazılı və şifahi müraciətlər edir, görüşmələrdə tapılır. Təəssüf ki, bu böyük insanın, alimin bütün səyləri boşuna gedər. Elə insanlarla qarşılaşır, onların elə cavablarını eşidir ki, dəhşətli dərəcədə peşman olur. 3 may 1944-cü ildə nəhayət onu başqaları kimi həbs edirlər. Dəhşət bundan ibarətdir ki, o dönəmin türk məhkəmələrində işləyən heç bir məsul şəxsi beynlərini gücə salmadan gülməli faktlar səsləndirirlər. Guya bu dərnək gizliymiş. İkinci, nəhəng Türkiyə dövlətinin İkinci Dünya müharibəsinə qatılmasına səbəb olacaqmış. Doğrudanmı, müharibəyə qatılmaq bu qədər bəsit və çilik ağac oyun qədər sadədir. Nəticədə, Zəki bəyə 10 il ağır həbs, 4 il də sürgün cəzası verilir. Adam az qalır ağlasın. Zəki Vəlidi kimi bir şəxsiyyətə 1 il yarım ağır işgəncələr verdikdən sonra, 10 il həbs edəcəksən. Bu böyük alimə qarşı edilən pisliklər əbəs yerə getdi elə bilirsiniz. Xeyr, bu gün Türkiyənin hər qarışında partlayan bombalar, ölən insanlar, qanı su yerinə axan türkiyəli gənclər bir zamanlar, yaxın tarixlərdə Türkiyə dövlətinin öz dəyərli elm adamlarına qarşı apardığı gerçək soyqırımın nəticələri olaraq üzə çıxır. O zamanlar nə qədər türk elm adamı, düşüncə insanı, vətənpərvərləri nəyin ucbatından həbsxanalarda işgəncələrə məruz qalırdı. Nihal Atsızın başına hansı oyunları gətirmədilər. Hələ ondan əvvəl Əhməd bəy Ağaoğlunu saldıqları vəziyyət ürək parçalayıcı deyilmi? Bunu kimlər edir, bunu niyə edirdilər? Bu sualların bir cavabı vardı – öz övladlarına qarşı ağılalmaz bir zorakılıq, zülm tətbiq edən bir dövlət xalqın, millətin dövləti ola bilməz, və bilməzdi. Dövləti idarə edən quldar zehniyyət sahibləri öz millətinə, xalqına, ölkəsinə heç vaxt sahib çıxabilməz. Xarici güclərin boyunduruğununa girən bir ölkə və onun idarə üsulu nəticədə öz sevimli vətən övladlarına qənim, yağı kəsilərək, onların toxumlarını yerli dibli silib süpürəcəkdi. Məncə, Türkiyə Cümhuriyyəti bir zamanlar o böyük insanlara qarşı həyata keçirdiyi ağılalmaz zülmlərin əvəzini indi bu şəkildə ödəyir. Bir zamanlar kitablara, düşüncələrə, mütərəqqi fikirlərə sıxılan qurşunlar, atılan güllələr, haqsız yerə həbsxanalarda çürüdülən, təhqir olunan ziyalılara qarşı sərgilənən tavrlar, 50-60 il sonra Türkiyənin hər qarışında vətən övladlarının qanını su yerinə axıdılacağı şəklində qarşılarına çıxır. Qorxaq, satqın, ikiüzlü idarəçilərin pozuq zehniyyətlərinin ölkəyə vurduğu zərərləri nə vaxtsa düzəltmək, bərpa etmək ağılalmaz qurbanlar tələb edir. Üstəlik bu zərbə alim düşünür və genetika üzərindən vurulursa, bu heç mümkün olmur.

Baxış sayı: 674