Baş xəbər, Siyasət, Müsahibə
04.08.2015 / 11:27

Türkiyə problemlər məngənəsində

Türkiyə problemlər məngənəsində

Elman Nəsirli: “Türkiyə ətrafında çox ciddi oyunlar gedir”

Dünyanın geopolitik mənzərəsi özünün gərginliyi ilə müşahidə olunur. Bu, Yaxın Orta Şərqdə , xüsusilə də Türkiyədə diqqət çəkir. İnform.az-a müsahibə verən politoloq Elman Nəsirli bu istiqamətdə bir çox nüanslara toxunub.

- Elman müəllim, sizcə bu gün Türkiyənin İŞİD, PKK ilə apardığı mübarizələrə “Dirijorluq” edən “çubuqlar” nəyi diqtə etməyə çalışırlar?

- Bu gün beynəlxalq siyasətdə, xüsusilə Yaxın Orta Şərqdə və daha dəqiq desək, Türkiyə ətrafında ciddi proseslər getməkdədir. Haqlı suallar yaranır: Türkiyəyə qarşı olan təzyiqlərin kökündə nə dayanr? Hesab edirəm ki, buna səbəb, Türkiyənin çox sürətlə inkişaf etməsidir. Türkiyə qarşısına konkret hədəflər qoyub. Məsələn, Türkiyə 2023-cü ildə Cumhuriyyətin yaranmasının 100 illiyinə böyük iqtisadi nailiyyətlərlə daxil olaraq, ümumdaxili məhsulun həcmini 2 trilyon dollara çatdırmaq istəyir. Müqayisə üçün deyək ki, bu rəqəm hazırda 800 milyonu ötüb və 2018-ci ildə 1,8 trilyon olacaq. Bu onu göstərir ki, Türkiyə Avropa İttifaqının lokomativləri olan Almaniya, Fransa iqtisadiyyatına yaxınlaşır və onlarla bərabər iqtisadi gücə malik olmaq iddiasındadır. Türkiyə, NATO-da Birləşmiş Ştatlardan sonra silahlı qüvvələrin sayına və döyüş qabiliyyətinə görə ikincidir. Türkiyə regionda sabitləşdirici funksiyanı həyata keçirir. Təbii ki, bunu gözügötürməyən regional və regondankənar, qlobal oyunçular var. Hər vəchlə calışırlar ki, Türkiyə problemlər məngənəsində yaşasın. Bu məqsədlə də ənənəvi üsullardan, terrorçu qruplardan faydalanırlar. Müəyyən dairələr Türkiyəni ciddi cəhdlə PKK-nın, İŞİD-in timsalında iki cəbhədə mübarizə aparmaq vəziyyətinə gətirirlər ki, başı terrorla bağlı problemlərə qarışsın və hədəflərinə çatmasında ciddi boşluqlar yaransın. Bu, tendensiyanı hiss etməmək mümkün deyil. Eyni zamanda terror aktlarını intensivləşdirməklə Türkiyədə xaotik vəziyyət yaratmaq istəyirlər. Bu isə Türkiyəni zəiflədən cəhətdir. Zəifləyən Türkiyə isə daha böyük güclərin qarşısında “sözəbaxan” olacaq.

“Türkiyəyə qarşı bu münasibət ikili standartlardan irəli gələn məsələdir”

Türkiyə indiyə qədər, daha çox İraqın şimalında PKK ilə üz-üzə dayanırdısa, indi Suriyanın şimalında İŞİD-in timsalında açılan yeni “cəbhəyə” qarşı da mübarizə aparmalıır. Faktiki olaraq, Suriya ilə sərhəddə baş verən son hadisələr, 30-dan çox insanın terror nəticəsində tələf olması, PKK-nın Türkiyə polisinə son hücumları və itkilər təbii ki, Rəcəb Tayib Ərdoğanı daha qətiyyətli addımlar atmağa məcbur etdi. Türkiyə bu məsələləri NATO müstəvisinə çıxardı. Artıq NATO-nun Türkiyəyə dəstəyi var. Təssüf ki, bu lazımı səviyyədə deyil və bir çox hallarda NATO ölkələri Türkiyənin yanında olduğunu bəyan etsələr də, PKK-ya qarşı mübarizənin daha sərt hesab edirlər. Hesab edirəm ki, Türkiyəyə qarşı bu münasibət ikili standartlardan irəli gələn məsələdir.
Bu gün Birləşmiş Ştatlar bu prosesdə Türkiyəyə dəstək verməkdədir. Bunlar onu göstərir ki, faktiki olaraq müəyyən dairələr Türkiyə ətrafında çox ciddi oyunlar oynanılmaqdadır. İndiki vəziyyətdə çox təmkinli, düşünülmüş, bütün incəliklərinə qədər dəqiqi hesablanmış siyasi gedişlərə böyük ehtiyac var. Bütün bunlara baxmayaraq Türkiyə regionun fövqəldövlətidir. Türkiyənin öz məqsədlərinə çatması üçün israrlı davranışları var. Azərbaycan da Türkiyənin müttəfiqi olaraq hər zaman ona dəstək verib. Bu da təbiidir, Türkiyə-Azərbaycan qardaşlığı və strateji tərəfdaşlıq mövqeyindən irəli gələn bir addımdır.

- Elman müəllim, bir çox yerli ekspertlər Azərbaycanın Türkiyəyə yardımı məsələsini ortaya qoyurlar. Dağlıq Qarabağ münaqişəsi kimi kifayət qədər ağır problemi olan Azərbaycan Türkiyəyə hansı dəstəyini verə bilər?

- Söhbət heç də hərbi yardımdan getmir. Qeyd etdiyim kimi, Türkiyə NATO-nun 28 dövləti içərisində silahlı qüvvələrin sayına görə ABŞ-dan sonra ikincidir. Eyni zamanda Türkiyə özü F-15, F-16 hərbi qırıcıların istehsalı ilə məşğuldur. Bəzən Türkiyəni ittiham edirlər ki, o, yeni Osmanlı siyasətini həyata keçirir. Amma, Türkiyə rəhbərliyi dəfələrlə qeyd edib ki, belə bir niyyəti yoxdur. Sadəcə, Türkiyə güclü dövlətdir və bu xətti də həyata keçirirlər. Bu mənada Türkiyənin hərbi baxımdan bizə ehtiyacı yoxdur. Bununla yanaşı, biz Türkiyəyə həm mənəvi, həm diplomatik dəstəyik və onu həm ikitərəfli, həm çoxtərəfli formatlarda müdafiə edirik. Bu ilin sentyabr ayında BMT Baş Məclisinin növbəti sessiyası olacaq. Azərbaycanın BMT-nin Baş Məclisi səviyyəsində də Türkiyəni dəstəkləyəcəyi indidən bəllidir. Yəni, bu kimi səviyyələrdə Azərbaycanın Türkiyəyə dəstək vermək imkanları genişdir. “Müəyyən qüvvələr Türkiyə, Suriya, İran və İraq ərazisində Kürd dövlətinin yaradılması ideyasını reallaşdırmaq istəyirlər”

“Müəyyən qüvvələr Türkiyə, Suriya, İran və İraq ərazisində kürd tövlətinin yaradılması ideyasını reallaşdırmaq niyyətindədir”

- Kürd dövlətinin yaradılma məsələsi nə dərəcədə proseslərin içərisində cərəyan edir?

- 2004 cü ildə, Kandaliza Rays ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri olarkən belə məsələ var idi ki, Böyük Yaxın Şərq planı reallaşdırılsın. Böyük Yaxın Şərq planı çərçivəsində Kürd dövlətinin yaradılması ideyasından da söhbət gedirdi. Həmin plan təxminən 23 regionu əhatə edirdi. Bu region daha çox xaotik proseslərin getdiyi bir region kimi təqdim olunurdu.. Amma Buş Admnistrasiyası bu məqsədini reallaşdıra bilmədi. Çünki İraq modeli Yaxın Şərqdə tətbiq edilməli idi, amma baş tutmadı. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, ondan imtina edilsə də, istənilən vaxt dirçəldilə bilər, sanki karantinə qoyulub zamanını gözləyir. Münasib şərait və imkanlar yaranan kimi müəyyən qüvvələr Türkiyə, Suriya, İran və İraq ərazisində kürd tövlətinin yaradılması ideyasını reallaşdırmaq niyyətindədir. . Bu əslində həmin o, 4 dövləti zəiflətmək və təsir altında saxlamaq üçün böyük güclərə lazım olan bir “silahdır.” Amma hər bir dost dövlət, xüsusilə də Türkiyə və İran bu məslələrdə çox qətiyyətli mövqeyə malikdirlər. Hesab edirəm ki, belə bir ideyanın reallaşma əmsalı sıfıra vərabərdir.

- “Azərbaycan Kürdləri” İctimai Birliyinin sədri Tahir Süleymanov Türkiyədə baş verən olaylarla əlaqədar bildirib ki, Kürd xalqının varlığı tanınarsa və Türkiyənin daxilində özünü idarə etmə üsulu Rusiyada, Almaniyada, Fransada olduğu kimi həyata keçirilərsə bu mənasız müharibəyə son verilə bilər. Belə olmazsa itirən Türkiyə dövləti və orda yaşayan xalqlar olacaq. Sizcə bunu hansı aspektdə izah etmək olar?

- Bir çox hallarda böyük güclərin kürdlərin dövlətini yaratmaq ideyası, heç də onlara etimaddan, rəğbətdən və xüsusi mehribançılıqdan, onların halına acımaqdan irəli gəlmir. Böyük siyasətdə bu məsələlərdən danışan qüvvələr həmin kürd xalqının taleyinə biganə yanaşan qüvvələrdir. Vaxtilə onlar Səddam Hüseynin kürdlərə qarşı kimyəvi silah tətbiq etməsinə də göz yummuşdular. Çünki o zaman Səddam Hüseyn onlara lazım idi. Amma lazım gələndə həmin faktordan bu və ya digər rejimə təzyiq göstərmək üçün istifadə edirlər. Ona görə də kürdlər də bilməlidir ki, böyük güclərin, dövlətlərin kürdləri müdafiə etməsi onlara canıyananlıqdan irəli gəlmir. Türkiyə dövlətinin kürdlərlə bağlı rəsmi mövqeyi var. Həmin mövqe Türkiyədə aparılan islahatlar kontekstində də tətbiq olunur.Türkiyə kürdlərin dil, təhsil, onlara efir vaxtının ayrılması məsələsində ardıcıl olaraq islahatlar həyata keçirir. Amma dövlətin yaranması məsələsi Türkiyənin milli maraqlarına ziddir. Bu böyük güclərin Türkiyəni parçalamaq niyyətindən başqa bir şey deyil. Ona görə də kimin hansı mövqedən çıxış etməsindən asılı olmayaraq Türkiyənin ərazi bütövlüyü məsələsi prioritet məsələdir. Azərbaycan bu mövqeni dəstəkləyir. Ərazi bütövlüyü məsələsi danışıqların predmeti ola bilməz, bu artıq aksiomadır.

- Elman müəllim, Türkiyənin sabiq Avropa İttifaqı işləri üzrə naziri Egemen Baxışın “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankaranın Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tamhüquqlu üzvü olmaq istəməsi ilə bağlı bəyanatı o demək deyil ki, Türkiyə bu strukturda Avropa İttifaqına (Aİ) alternativ axtarır”- sözləri Avropaya hansı mesajı vermiş olur. Türkiyəyə qarşı güclənən təzyiqlərin səbəblərindən biri də alternativ güc axtarışı ilə bağlı yaranan qorxu hissi ola bilərmi?

- Türkiyə artıq 40 ildən artıqdır ki, Avropa İttifaqına (Aİ) daxil olmaq üçün mübarizə aparsa da, müxtəlif bəhanələrlə quruma qəbul edilmir. Avropa İttifaqına elə ölkələri qəbul edirlər ki,( Rumuniya, Bolqarıstan kimi) ümumiyyətlə onları Türkiyənin standartları ilə müqayisə emək mümkün deyil. Lakin onlar xiristian ölkəsi olduqlarına görə qəbul edilirlər, Türkiyə isə müsəlman ölkəsi kimi kənarda qalır. Rəcəb Tayyib Ərdoğan da qeyd etmişdi ki, Avropa İttifaqı sanki bir Xiristan klubudur. Ona görə də Türkiyənin indiki halda Şanxay Əməkdaşlıq Təşkilatına maraq göstərməsinin motivlərini başa düşmək olar. Qeyd etdiyim kimi, Türkiyə hədəfləri olan dövlətdir. Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin inkişaf etdirilməsi, dünyanın Çin kimi nəhəng bir güc mərkəzi ilə əlaqələrinin inkişafı deməkdir. Yeri gəlmişkən, Türkiyə prezidentinin Çinə səfərinə də bu nöqteyi-nəzərdən əhəmiyyətli səfər kimi qiymət vermək olar. Eyni zamanda bu Rusiya ilə əlaqələrin genişlənməsi deməkdir. Söhbət iqtisadi əlaqələrdən gedir. Çünki NATO ölkəsi olan Türkiyənin adı çəkilən tərəflərlə hərbi-strateji əməkdaşlığı prioritet ola bilməz. Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq etməklə nəticə etibarilə, iqtisadi potensialını xeyli genişləndirə, regionda fövqəldövlətə çevrilə bilər. Bu, Türkiyəni Avropa İttifaqında görmək istəməyən qüvvələrin növbəti dəfə qısqanclığına səbəb olur. Yəni onlar bir tərəfdən Türkiyəni öz tərkiblərində qəbul etmək istəmir, eyni zamanda onu daha perspektivli təşkilatda görmək də “yuxularına haram qatır”. Lakin bu addımlar Türkiyənin manevr qabiliyyətini gücləndirir. Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə yenidən baxması və onu genişləndirmək xəttini seçməsi rəsmi Bürüsseldə həyəcanla izlənməkdədir.

- Türkiyəyə qarşı yaranmış bu gərginlik Azərbaycan üçün nə dərəcədə təhlükəlidir?

- Azərbaycan üçün ən böyük təhlükə Dağlıq Qarabağ münaqişəsidir ki hələ də həllini tapmayıb. Biz bu təhlükənin aradan qaldırılması, torpaqların işğaldan azad edilməsi istiqamətində fəaliyyət göstəririk. Ümumiyyətlə, multikulturalizmin əleyhdarları, onun iflasını istəyən bütün qüvvələr Azərbaycanın düşmənidir və ona təhlükə mənbəyi kimi baxır. Cənab Prezident dünyadakı erməni lobbisinin bizim bir nömrəli düşmənimiz olduğunu xüsusilə vurğulayıb. Bu kimi antifaşist, islamafob, ksenafob və sair qüvvələr var ki, onlar dünyanın yeni təhdidləridir. Ona görə də bu gün Azərbaycan bütün təhdidləri nəzərə alıb özünün daxili və xarici siyasətini həyata keçirir.

Tahirə QAFARLI / İnform.az

Baxış sayı: 542