Baş xəbər, Siyasət, Müsahibə
04.08.2015 / 10:33

Sərdar Cəlaloğlu: "Pis nümunələr cəmiyyəti məhv edir"

Sərdar Cəlaloğlu: "Pis nümunələr cəmiyyəti məhv edir"

"Uzun müddət hakimiyyətdə qalan insanlarda xəstəlik yaranır"

İnform.az Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə ictimai-siyasi vəziyyəti müzakirə etdi:

- Sərdar bəy, ictimai-siyasi proseslərin gedişatı cəmiyyəti qarşıdan gələn parlament seçkilərinə nə dərəcədə hazırlaya bilir?
- Siyasi aktivlik durmadan aşağı düşür. Bunun da səbəbi odur ki, “səhnədə siyasi aktyorlar”yoxdur. Demokratiyadan danışırıqsa, onun olması üçün birinci növbədə “iki aktyor” olmalıdır: onlardan biri iqtidar, biri də müxalifətdir. Əgər biz iqtidarla müxalifəti bir-birinin əksikliyi kimi görürüksə, iqtidar güclənirsə, deməli müxalifət də güclənməlidir, müxalifət zəifləyirsə iqtidar da zəifləməlidir. Nümunə üçün deyim ki, bundan əvvəl iqtidarda olan kifayət qədər intellektli siyasətçilər televiziyalarda müxalifət nümayəndələri ilə elmi-siyasi debatlar aparır, maraqlı fikirlər irəli sürürdülər. Amma bu gün həmin debatlar yoxdur. Çünki siyasi səhnədə nə iqtidar görünür, nə də müxalifət. Baxın, əgər bir ölkədə seçkilərdə iqtidarla müxalifət arasındakı səs fərqi böyük olarsa, demək demokratiya kiçikdir. Amma iqtidarla müxalifətin seçkilərdəki qələbəsi nə qədər bir-birinə yaxınlaşırsa, cəmiyyətin siyasi aktivliyi və dövlətin siyasi gücü bir o qədər də, güclənmiş hesab olunur.


“İndiki geopolitik durum demokratiyanın xeyrinə deyil”


- Bu gün “demokratiya” sözü o qədər çox “çeynənir” ki, az qala “çürüyüb”. Bunu dünyaya demokratiya vəd edən böyük güclərin neqativ ambissiyalarla çıxış etmələri də isbat edə bilər. Sizcə, siyasi demokratiya nədir və o nədən başlamalıdır?
- Siyasi hakimiyyətin demokratikləşməsinin əlamətlərindən biri siyasi qüvvələrin yerdəyişməsidir. Hər bir seçki siyasi qüvvələrin yerdəyişməsinə gətirib çıxarmalıdır. Məsələn, bir parlamentin tərkibi iyirmi il dəyişməz qalmamalıdır. Bir nazir uzun müddət həmin postu tutmamalıdır. Çünki uzun müddət hakimiyyətdə qalan insanlarda xəstəlik yaranır, onun məsuliyyət hissi itir və düşünür ki, əbədi olaraq qalmalıdır. İkincisi, həmin adamlar tutduğu vəzifələri özəlləşdirir, ora qohum-qardaşlarını yerləşdirirlər. Üçüncüsü, o adamlarda yeni, keyfiyyətli məhsul olmur. Kadrların uzun müddət dəyişməməsi cəmiyyətin inkişafında ən ciddi əngəldir. Azərbaycanda da belə bir durğunluq var.
Bu gün dünyada qloballaşma prosesi gedir, hər hansı ölkədə baş verən proseslər yalnız o ölkədəki güclər tərəfindən həll olunmur, eyni zamanda beynəlxalq kontinentallarda həll olunur. Tutaq ki, keçmiş SSRİ məkanında demokratiyanın inkişafının qarşısında duran ən ciddi maneə rus dövləti idi. Yəni, ruslar Putinin rəhbərliyi altında nə özü demokratikləşir, nə də MDB-də olan dövlətləri demokratikləşməyə qoymur. Özləri necə antidemokratikdirlərsə, istəyirlər ki, keçmiş SSRİ məkanında olan digər dövətlər də antidemokratik olsunlar. Beləliklə, indiki geopolitik durum demokratiyanın xeyrinə deyil.


“Beynəlxalq situasiya Azərbaycanda demokratik dəyişilmələr üçün əlverişsizdir”


- Bu prosesdə Azərbaycanın payına nə qədər demokratiya düşür?
- Bu gün bir tərəfdə münaqişələr var. Eyni zamanda yerləşdiyimiz siyasi coğrafiyada demokratik super güc yoxdur. Mövcud kontinental güc demokratiyanın əleyhinədir. Belə bir vəziyyətdə Azərbaycanda nə dərəcədə demokratiya əldə etmək olar? Beynəlxalq situasiya Azərbaycanda demokratik dəyişilmələr üçün əlverişsizdir. Yaranmış beynəlxalq qüvvələrdən sui-istifadə edənlər fürsətdən istifadə edib bir qədər də öz maraqlarınadan çıxış edərək, cəmiyyətin və dövlətin inkişafının qarşısında müəyyən əngəllər yaradırlar.


“Narazılar siyasiləşməyəndə başqa ölkələrə xidmət etməkdə maraqlı olurlar”


- Sərdar bəy, bu gün opolitik bir vəziyyətin olduğunu qeyd edirsiniz. Siyasi qüvvələrin buna qarşı hansı dirənişi, gücü var?
- Opolitik vəziyyətin olması, həm də cəmiyyətin müqavimət gücünün aşağı düşməsidir. Dünyada cərəyan edən təhlükəli tendensiyalar olmasa, Azərbaycandakı indiki durum məni narahat etməzdi. Təhlükəli xarici faktorların inkişaf səviyyəsinin əksi olaraq bizdə siyasi təşkilatlar zəifləyir. Halbuki güclənməliyik ki, sabah, rus, İŞİD bizə müdaxilə edə bilməsinlər. Məsələn, Amerika bəyanat verib ki, İŞİD növbəti hədəf kimi Azərbaycanı seçib. İŞİD Suriyada, Əfqanıstanda olduğu kimi bizdə də fəaliyyətə başlasa, Azərbaycan cəmiyyəti buna necə müqavimət göstərəcək?! İraqda İŞİD ona görə nailiyyət əldə etdi ki, əhalinin böyük əksəriyyəti hakimiyyətdən narazı idi. Ola bilməz ki, hər hansı cəmiyyətlərdə hamı hakimiyyətdən razı olsun. Təbii ki, narazı kəslər çoxdur. Amma bizim faciəmiz odur ki, narazı kütlə siyasiləşməyib. Əgər siyasiləşsə, hökumətdən narazı olsa belə millətin, dövlətin əleyhinə çıxmayacaq. Bu gün bizim bəzi partiya liderləri səviyyəsində olan elə adamlar var ki, “erməni hakimiyyətə gəlsə bu iqtidardan yaxşıdır”-deyir. Bu onun siyasiləşməməyini göstərir. Narazılar siyasiləşməyəndə başqa ölkələrə xidmət etməkdə maraqlı olurlar. Baxın, Rusiyadan bir dənə bəyanat verilən kimi Bakı küçələrində hamı rusca danışmağa başlayır. Bu qeyri-siyasiləşməklə bağlıdır. Eyni zamanda öz dilinə məhəbbət yoxdur. Çıxın Bakıya, bütün restoranların, biznes strukturlarının adı ingilis dilindədir. Niyə, Nadr Şahın, Şah Qacarın adına şadlıq sarayları yoxdur? Çünki xalqda yarımçıqlıq kompleksləri çoxdur. Bizim xalq özünü kiçik, cılız, digər xalqlardan məsələn, rusdan, ingilisdən zəif bilir. Bu da həmin opolitik vəziyyətlə bağlıdır.


“Azərbaycan televiziyaları əxlaqsızlıq aşılayır, həm də xalqa lazım olmayan məsələləri təbliğ edirlər”


- Cəmiyyət hansı güzgü ilə dediyiniz eyibləri görə bilər?
- Xalqın ictimai şüurunun formalaşmasında televiziya, radionun böyük rolu var. Lakin Azərbaycan televiziyaları da dünyada ən aşağı televiziyalardır. Həm əxlaqsızlıq aşılayır, həm də xalqa lazım olmayan məsələləri təbliğ edirlər.
Baxın, xalqı məhv etmək üçün onu iki şeyə cəlb etmək lazımdır. İdmana və ucuz şouya. Vaxtilə Kolumbiyanın prezidentinə demişdilər ki, sən bu ağılla dövləti 5 il necə idarə elədin? O demişdi ki, küçələrdə pulsuz konsert verməklə, bir də idmana cəlb etməklə. Düzdür, idman xalqın fiziki sağlamlığı, bayrağının yüksəldilməsi baxımından yaxşı şeydir. Amma bu bir oyundur. İdman dövlət siyasətinin hədəfinə çevrilirsə, bu xalqın əleyhinə yönələ bilər. Çünki xalqın başı oyunlara qarışır. Ucuz şou isə insanların şüurunu korlayır, insanlar getdikcə aşağı varlıqlara çevrilirlər və həmin ucuz zövqə sahib olanlar siyasətdə də ən cılız insanları seçirlər. Axı seçilən adamların kimliyini də seçici müəyyən edir.


“Seçici seçmə qabiliyyətində olmadığına görə, hətta seçkilər demokratik keçirilsə belə ən pis variantı seçir”


- Deməli, seçkilərin şəffaf və ədalətli keçirilməsi əsas etibarilə seçicinin öz əlindədir?
- Deməli, biz seçicinin keyfiyyətini artırmalıyıq. Seçicinin zövqü, siyasi şüuru yüksək olmalıdr. Bu zövqü də siyasi hakimiyyət təmin etməlidir. Maraqlıdır ki, seçkilərdə ucuz şouya, ağılsız, mənasız söhbətlərə daha çox maraq göstərilir.
Məsələn, tutaq ki, iki nəfər namizədliyini verənlərdən birinin xalqın qarşısında xidmətləri, intellekti var. O biri isə “iki eşşəyin arpasını bölə bilmir”. Amma seçici özü seçmə qabiliyyətində olmadığına görə, hətta seçkilər demokratik keçirilsə belə ən pis variantı seçir. İctimai-siyasi hadisələrdə belə bir qanunauyğunluq var: sən irəli getmirsənsə, geri gedirsən. Bizim cəmiyyətimiz mənəvi deqradasiyaya məruz qalıb. Bunlar hamısı siyasətə təsir göstərir. Siyasətlə yüksək intellektli, təminatlı, zövqlü insanlar məşğul ola bilər. Amma hansı millət vəkili daha cox gicliyirsə, camaat ona daha çox fikir verir. Bir nəfər çıxıb televizora daha çox təlxəklik edəndə ona daha çox nəzər yetirirlər. Amma, ağıllı söz danışana qulaq asan azdır.


“İqtidar- müxalifət dialoqu varsa, bu artıq cəmiyyətin inkişafında irəliyə doğru addımdır”


- İqtidarla dialoq prosesinin iştirakçısı kimi bunun davamını necə dəyərləndirirsiz?
- Siyasi dialoq da bir demokratik prosedurdur. Cəmiyyətdə nə qədər demokratik prosedur varsa, bu o deməkdir ki, cəmiyyətin inkişafında bir o qədər alternativlər var. İqtidar-müxalifət dialoqu varsa, bu artıq cəmiyyətin inkişafında irəliyə doğru addımdır. Bəzi adamlar demokratik proseslərdən nəhəng nəticələr gözləyirlər. Məsələn, elə düşünürlər ki, bir dəfə görüş keçirilirsə, bütün siyasi məhbuslar azad olunmalı, tutaq ki, hakimiyyəti verib getməlidir. Bu elə deyil. Siyasi dialoq digər demokratik proseslərdən fərqli olaraq çox ləng və çox az nəticə verən prosedurdur. Məsələn, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar neçə illərdir, ATƏT-in vasitəçiliyi ilə aparılır. Nəyə nail olunub?- heç nəyə. Siyasi dialoqun bu tərəfi də var. Deyək ki, bir sıra beynəlxalq güclər buna maneə olurlar. Amma biz istəyiriksə, daxildə problemimiz həll olunsun, siyasi dialoq yolu ilə nəyəsə nail ola bilərik. Bu baxımdan siyasi dialoqun mövcudluğunu yüksək qiymətləndiririk. Bunun davamlılığı da bizdən asılı deyil. İqtidar bu prosesi davam etdirəcəksə, biz də tərəf kimi qatılacağıq. Siyasi dialoqlarda gündəmdə duran ən aktual məsələləri müzakirəyə çıxarırlar. Gələcəkdə qabaqdan gələn seçkilərlə bağlı və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı görüşlər keçirilə bilər.


“Dağılma prosesi getdiyinə görə siyasi qüvvələrin bir araya gəlmə şansı yoxdur”


- Son dövrlərdə partiyalar arasında əməkdaşlıq layihələri yoxdur, niyə?
- Mexanizm nə qədər dəqiqdisə, onun sıradan çıxma ehtimalı o qədər böyükdür. Mexanizm nə qədər kobuddursa, onun sıradan çıxma ehtimalı azdır. Məsələn, bel, lom, kuvalt asanlıqla sıradan çıxa bilməz. Amma kompyuter çox asanlıqla sıradan çıxa bilir. Çünki bunun mexanizmi çox incədir. Cəmiyyətdə siyasi təşkilatlar incə strukturlu olduqları üçün, dağılma başlayanda birinci onlardan başlayır. Biz hazırda birinci mərhələdəyik. Dağılma prosesi getdiyinə görə, siyasi qüvvələrin bir araya gəlmə şansı yoxdur.


“Müxalifətdə bir intellektli adam görən kimi qarğa –quzğun kimi onun başını deşirlər”


- ADP seçkidə hansı formatla və hansı namizədlə qatılacaq?
- Biz ötən seçkilərə “Qarabağ” bloku ilə getmişdik, parlament seçkilərinə də bir yerdə gedəcəyik. İnsanların müəyyən prosesə qatılması ümidlə bağlıdır. Dövləti düşünən insan ağıllı, lazımlı adamları Mili Məclisə seçmək üçün çalışar. Orta əsrlərdə müharibənin bir nömrəli qənimətləri alimlər və sənətkarlar sayılırdı. Şah İsmayıl Çaldıran döyüşünə gedəndə nə arvadını qorudu, nə uşağını, nə sarayını. O, iki dənə sənətkarını yemək-içməyi ilə bir yerdə bir mağaraya qoyub gizlətdi. Müharibədə uduzandan sonra buraxdı. Arvadı Tacdı xanım əsir düşdü. Dövlət ölkəsinə lazım olan insanlara bu cür münasibət bəsləməsə, güclü dövlət ola bilməz. Bizdə isə, sanki intellektli adamlara müharibə elan olunub. Müxalifətdə də bir intellektli adam görən kimi qarğa –quzğun kimi onun başını deşirlər. Diqqət yetirin, bir partiya dağılarkən birinci intellekt sahibləri gedir. Məsələn, Müsavat Partiyası, AXC dağılanda oradan birinci intellekt sahibləri getdi. Azərbaycan dövlətini tərk edib xaricə gedənlərin doxsan faizi intellekt sahibidirlər. İntellekt itkisi vəbalı xəstələrin qısa müddətdə maye itkisinə bənzəyir. Beləliklə də, cəmiyyət intellekt itkisindən zəifləyir. Məsələn, biz televiziyalarda qlobal düşünən, dünya səviyyəsində düşünən, daşınan yeni bir ideya ortaya qoya bilən alimləri görmürük. Əvəzində adını yaza bilməyənlər alim kimi təqdim olunur, mədəniyyəti olmayan adamlar mədəniyyət işçisi kimi və xalqın gözü qarşısında əxlaqı olmayan insanlar etalon və imic kimi təqdim olunurlar. Bu yaxınlarda baxıram ki, cinayətdə ittiham olunan bir meyxanaçını axtarırlar. Axı sən onu bu günə qədər imic nümunəsi kimi təqdim edirdin... Yaxud, artist çıxıb televizora küçədə danışılan söhbətləri danışır. Sonrada baxırıq ki, aşağılarda ailələr dağılır. Beləcə pis nümunələr cəmiyyəti məhv edir.
Həyasız adam, mundar adam, qaba adam özünü qoruya bilir. Alim, mədəni, yüksək intellektli adamlar özlərini qorumaq qabiliyyətinə malik deyillər. Onları qorumağa ehtiyac var.
Vaxtilə dünyanı tutan bir fateh, Əmir Teymur öləndə öz müəlliminin ayağı altında basdırılmasını vəsiyyət edib. Bu gün isə Azərbaycanda müəllimlər –öyrətmək istəyən insanlar hamısı ayaq altındadır. Təkcə məktəbdə dərs deyənləri demirəm. Siyasi şüur, mədəniyyət aşılayan insanların çoxu... belə olmamalıdır!...

İnform.az

Baxış sayı: 596