Gündəm, Araşdırma, Ədəbiyyat
03.08.2015 / 11:17

Platonun məktubları

Platonun məktubları


(Müdriklər və korifeylər silsiləsindən)

Bütün zamanların böyük mütəfəkkiri Platonun fəlsəfi görüşlərini əks etdirən çoxlu dialoq və traktatlarından başqa 13 məktubu da bizim günlərə qədər gəlib çıxıb. Bu məktublar əsasən bioqrafik və tarixi əhəmiyyət daşısa da, bunun Sicilya tiranı Dionisi ilə bağlı macəraları və başqa siyasi hadisələr və ümumiyyətlə hakimiyyətlər haqqında düşüncələrini əks etdirir. Həmin məktublardan birini saytımızın oxucularının diqqətinə təqdim edirik. Bu, filosofun makedoniya çarı Perdikkə imzalanmış bir məktubdur. Perdikk məşhur Makedoniya çarı və Makedoniyalı İsgəndərin atası II Filippin qardaşı idi.

Məktub təxminən eradan əvvəl 365-ci ildə Platonun Sicilyaya II səfəri ilə III səfəri arasındakı dövrdə yazılmışdır.
Perdikk 5 il,- 365-360-cı illərdə hakimiyyət sürmüş və cəmi 20 yaşından bir qədər çox yaşayıb, İllriyalılarla döyüşlərdə həlak olmuşdur. Məktubda adı çəkilən Evfey Platonun şagirdlərindən biridir. Filosof onu Perdikkin yanına məsləhətçi kimi göndərmişdir.


V məktub


PLATON PERDİKKƏ FİRAVANLIQ ARZULAYIR

Mən sənin tapşırdığın kimi Evfreyə məsləhət gördüm ki, o vaxtını sənin işlərinin həllinə həsr etsin. Mənim sənə bir dost kimi müqəddəs bir məsləhət verməyimə və sənin mənə deyəcəyin başqa işlər barədə və həm də Evfreydən necı istifadə etməyin barədə sənə ixtiyarım çatdığını düşünməyə haqqım vardır.
Bu adam bir çox cəhətlərdən, xüsusilə sənin yaşınla bağlı olaraq bu gün daha çox ehtiyac hiss etdiyin məsələlərdə faydalıdır və həm də ona görə ki, bu məsələlərdə cavan adamların çox az məsləhətçisi olur. Axı, doğurdan da, hər hansı siyasi quruluşun müxtəlif canlı varlıqlarda olduğu kimi öz xüsusi dili vardır: demokratiyanın bir cür, oliqarxiyanın bir başqa, monarxiyanın da daha başqa bir dili vardır. əlbəttə çoxları deyə bilərdi ki, onlar bu dilləri bilirlər, lakin çox az adam istisna olmaqla bu dilləri anlayıb, mahiyyətlərini dərk edənlər barmaqla sayıla bilər. O dövlət quruluşu ki, Allahlar və adamlar öz dilində danışır və buna uyğun olan işlər görür, həmin dövlət daim çiçəklənir və heç bir təhlükəyə məruz qalmır, o dövlət ki, özgələrinin dilini təqlid edir, onlıar gec-tez məhv olur. Və bu mənada da Evfrey sənin üçün çox faydalı olardı, hərçənd ki, başqa cəhətdən də o çox mərd adamdır. Ümid edirəm ki, o monarxiyaya səni əhatə edənllərdən heç də pis haqq qazandırmayacaq. əgər sən bu işdə ondan istifadə etsən həm özün fayda götürərsən, həm də ona çox kömək etmiş olarsan.
Əgər kimsə mənim bu sözlərimi eşidib,-“Platon deyəsən özünü elə göstərir ki, guya demokratiya üçün nəyin faydalı olduğunu bilir, amma ona xalq yığıncağında danışmaq və xalqa ən yaxşı şeyləri məsləhət görmək imkanı verilir, o isə bircə dəfə yerindən qalxıb bir kəlmə də söz söyləməyib.”- deyərsə, buna belə cavab vermək olar: “Platon öz ölkəsi üçün həddindən artıq çox gec doğulub. Xalqı ilə onun qocalığında rastlaşdı, üstəlik artıq xalqı onun fikirlərinə uyğun olmayan işlərlə məşğul olmağa alışıb. Əgər Platon belə hesab etməsəydi ki, müvəfəqiyyətə heç bir ümid olmadan özünü əbəs yerə təhlükəyə məruz qoyur, o xalqına doğma atası kimi kömək edərdi. Elə düşünürəm ki mənə verilən məsləhətlə də eynilə bu cür olardı. Axı əgər, məsləhətçiyə elə gəlsəydi ki, mən sağalmaz xəstəyəm, o mənə aid məsləhətləri və mənim işlərimi bir kənara qoyub mənimlə xudahafizləşərdi. Xoşbəxt ol!”
Tərcüməçidən kiçik bir şərh:
məktubda bir neçə cəhər məni yaxşı mənada heyrətləndirdi. Əvvələn Platon kimi bir adamın xalq məclisində heç vaxt çıxış etməməsi, ikincisi filosofun hələ yunnaların bu cür çiçəklənmə dövründə öz xalqını artıq qocalmış və pozulmuş hesab etməsi, üçüncüsü də özünü xalqının taleyində gecikdiyini sayması. Doğurdanda Platon ki, Platon! Ruhən nə qədər nəhəng olmalısan ki,-“xalqımla onun qocalığında rastlaşdım”- kimi bir ifadə işlədə biləsən.
Platon böyük, parlaq bir sivilizasiya yaradıb əsrlərdən bəri həm bir birilərilə həm də yadlarla müharibələr aparıb qələbələr qazanan yunanlara belə qiymət verirsə indi gör biz uşaq muşaqlar nə çəkirik.

Tərcümə və şərh edəni ƏLİSA NİCAT

Baxış sayı: 618