Gündəm, Din, Şərhlər
03.08.2015 / 11:05

Qurani-Kərim insanın yaradılışı haqqında

Qurani-Kərim insanın yaradılışı haqqında



Aydın MƏDƏTOĞLU / İnform.az


“Allah yaratdığı hər şeyi gözəl yaratdı. İnsanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini mütfədən- bir qətrə zəif dəyərsiz sudan əmələ gətirdi. Sonra onu düzəldib, insan şəklinə saldı və ona öz ruhundan üfürdü. O, insanlara göz, qulaq və ürək verdi” (Səcdə, 7-9).
“Atanız, Adəmi torpaqdan, sonra sizi mütfədən, laxtalanmış qandan yaradan, sonra analarınızın bətnində uşaq olaraq çıxardan Allahdır. Dirildən də, öldürən də odur. O, bir işi qərara aldıqda ona ancaq: “Ol!”- deyər, o da dərhal olar”(Mumin, 67,68).
“Hər bir cütü kişi və qadın yaradan Odur”(Nəcm,45).
“Məgər insan tökülən bir qətrə- müftə deyildimi?! Sonra laxtalanmış qan oldu və Allah onu yaradıb surət verdi. Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cüt yaratdı”(Qiyamə, 37-39).
“Biz Adəmi yapışqan bir palçıqdan yaratdıq” (Saffat, 11).
“Xatırla ki, o zaman sənin Rəbbin Mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam. Mən onu tamamlayıb, öz ruhumdan üfürən kimi ona səcdə edin.” Buna görə də, Mələklərin hamısı birlikdə Adəmə səcdə etdi. Yalnız İblisdən başqa. O, təkəbbür göstərdi və kafirlərdən oldu. Allah buyurdu: Ey İblis, sənə mənim öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun? İblis dedi: mən ondan daha yaxşıyam. Çünki sən məni oddan, onu isə palçıqdan yaratmısan” (Sad, 71-76).
“Allah insana bilmədiklərini öyrətdi” (Ələq,5).
“Biz İnsanı ən gözəl tərzdə yaratdıq” (Tin,4).
“İnsanın nədən yaradıldığına bir baxın. O, axıb tökülən bir sudan yaradılmışdır. O su, kişilərin bel sümüyündən, qadınların isə köks sümüyündən çıxar. Həqiqətən, Allah İnsanı yenidən diriltməyə qadirdir” (Tariq, 5-8).
“Allah insanı müftədən yaratdı, ona biçim verdi. Sonra onun üçün çıxış yolunu asanlaşdırdı. Sonra onu öldürüb qəbrə qoydu. Sonra da onu istədiyi vaxt dirildəcəkdir” (Əbəsə, 19-22).
“Allah insanın özündən həmtayını yaratdı... O, sizi analarınızın bətnində üç zülmət içində yaranışdan-yaranışa salaraq yaradır. Bu sizin Rəbbiniz olan Allahdır. Hökm onundur. Ondan başqa heç bir tanrı yoxdur” (Zümər,6).
“And olsun ki, insanı biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də biz bilirik. Biz insana şah damarından da yaxınıq” (Qaf,16).
“Sizin üçün Yeri məskən, Göyü tavan edən, sizə surət verən, surətlərinizi gözəlləşdirən, sizə təmiz nemətlərdən ruzi verən Allahdır”(Mumin,64).
“Sizi tək bir nəfərdən xəlq edən və onunla ünsiyyət etmək üçün özündən zövcəsini (Həvvanı-A.M.) yaradan Odur. Adəm zövcəsi ilə yaxınlıq etdikdə o, yüngül bir yüklə yükləndi və həmin yükü daşıdı. Həvva ağırlaşdığı vaxt onların hər ikisi Allaha dua edib: Əgər bizə saleh bir uşaq versən, şükr edənlərdən olarıq dedilər” (Əraf,189).
“Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun” (Nisa, 1).
“Sizi palçıqdan yaradan, sonra da bir əcəl müəyyən edən Odur” (Ənam, 2).
“Anaların bətnində insana istədiyi surəti verən Allahdır” (Ali-İmran, 6).
“Allah sizi cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz. Ömür sahibi olan birinin uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da Allah üçün çox asandır” (Fatir,11).
“Allah hər bir məxluqu çox gözəl tanıyandır... Yaradan və bilən Odur! Bir şeyi yaratmaq istədiyi zaman Allahın buyuruğu ona ancaq: “Ol!”- deməkdir. O dərhal olar. Hər şeyin hökmü, ixtiyarı əlində olan Allah pak və müqəddəsdir. Siz də sonda Onun hüzuruna qaytarılacaqsınız” (Yasin, 79,81,82,83).
“Yer üzündə nə varsa, hamısını İnsan üçün yaradan Allahdır... Allah Adəmi yaratdıqdan sonra, ona bütün şeylərin adlarını öyrətdi... Biz Adəmə dedik: Ey Adəm! Sən zövcənlə Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən istədiyiniz kimi bol-bol yeyin, yalnız bu ağaca yaxın gəlməyin. Yoxsa özünüzə zülm edənlərdən olarsınız. Lakin şeytan onları azdırıb qadağan olunmuş meyvədən yedizdirmiş, biz də onlara (Şeytanla Adəm və Həvvaya-A.M.) : Bir-birinizə düşmən kəsilərək buradan kənar olub Yer üzünə enin. Yerdə sizin üçün müəyyən vaxta qədər sığınacaq və yaşayış vasitələri var- dedik. Adəm Rəbbindən bəzi xüsusi kəlimələr öyrənərək Həvva ilə birlikdə tövbə etdi” (Bəqərə, 29, 31, 35, 36, 37).
“İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən Peyğəmbərlər göndərdi. İnsanlar arasındakı ixtilafları ayırd etmək üçün o Peyğəmbərlərlə birlikdə haqq olan Kitab nazil etdi” (Bəqərə,213).
“Ey iman gətirənlər! Biz sizi bir kişi və bir qadından- Adəm və Həvvadan yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi qəbilələrə və xalqlara ayırdıq. Allah yanında ən hörmətli olanınız, Allahdan ən çox qorxaraq pis əməllərdən ən çox çəkinənizdir. Həqiqətən Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır” (Hücurat,13).

Baxış sayı: 1161