Gündəm, Mədəniyyət, Şərhlər
01.08.2015 / 16:10

Sənətin içində sənət yaradanlar

Sənətin içində sənət yaradanlar

Səmra Kərimli / İnform.az


2 avqust Azərbaycan kinosu günüdür

Film əslində həyatın ekranlaşdırılmasıdır. Özümüzə kənardan baxma şansını verir film. Həyati hadisələrin canlandırılması nəyin doğru, nəyin yanlış olduğunu anlamağımıza yardım etmək üçündür film. Filmi film edən isə əlbəttə ki, aktyorlar, aktrisalar, bir sözlə yaradıcı truppadır.

Aktyorluq əslində böyük sənətdir. Aktyorluq ikili həyatı yaşamaq deməkdir. Şəxsi həyatı unutmaq, oynadığın obrazla var olmaq isə hər kəsin işi deyil.
Sənətini sevən, gerçək həyatdakı problemlərdən uzaqlaşıb ruhuyla rolunu ifa edən, eyni zamanda qadın zərifliyini bütün rollarda göstərən Azərbaycan kinosunun bir neçə qadın qəhrəmanlarından söhbət açacağam. Azərbaycan filmləri hələ də öz təsir qüvvəsini saxlayırsa, hələ də tamaşaçıda təkrar-təkrar izləsə də maraq oyadırsa, bu Hökümə Qurbanovanın, Ətayə Əliyevanın, Leyla Bədirbəylinin, Nəcibə Məlikovanın, Münəvvər Kələntərlinin və adını çəkmədiyimiz neçə-neçə sənətkarların peşəkarlığından doğan uğurdur. Kimdir bu insanlar? Bir çoxlarınız üçün adlar bəlkə də yaddır. Çünki siz onları aşina olduğunuz rolları ilə tanıyırsınız. “Ögey ana”nın Dilarəsinimi, “Arşın mal alan”nın Gülçöhrəsinimi yoxsa, “Bəxtiyar”ın Gülzarınımı deyək? Səsləriylə obrazlara bəzən sərtlik, bəzən mülayimlik qatan Hökümə Qurbanovanı və Ətayə Əliyevanı da unutmayaq.
Sənətin içində sənət yaradanlar
Azərbaycan filmoqrafiyasının ən gözəl xüsusiyyətlərindən biri milli dəyərlər mövzusuna toxunulmasıdır. “Ögey ana” filmi də məhz bu tip filmlər silsiləsindəndir. İndinin özündə də davam edən “Ögey ana” ideologiyasının düzgün təbliğ olunmamasından bəhs olunan filmdə aktrisa Nəcibə Məlikovanın peşəkarlığı özünü göstərir. Bu qadın filmdə uşağa sanki doğma balasıymış kimi davranır və filmdə biz ana sevgisinin şahidi oluruq. Rolunu gerçəkmiş kimi ifa edən unudulmaz sənətkar, insanlara filmin ssenarisini, açıqlamaq istədiyi mövzunu da çatdırmağa nail olur. Duruşuyla, baxışıyla, hər hərəkəti, geyimi ilə ideal bir ana obrazını təmsil etməklə bərabər o həm də çox bacarıqlı və mehriban bir həkim kimi də özünü göstərir. Bu sevilən rolun səsləndirilməsi isə Hökümə Qurbanovaya aiddir. Hökümə Qurbanovanın səsindəki o məlahət, qayğıkeşlik bir ana obrazını səciyyələndirir. Əlbəttə hər kəsə öz anası, öz anasının səsi gözəldir. Filmdə isə bu gözəlliyi, bu məlahəti səsləndirən ümumi bir obraza ehtiyac var. Hökümə Qurbanova isə bu işin öhdəsindən layiqincə gəlib.

Digər milli dəyər mövzusunda çəkilmiş filmimiz isə “Arşın mal alan” filmidir. Mövzusu gənc qızların pul müqabilində özlərindən yaşca böyük, hətta çox böyük olan qocalarla evləndirilməsi olan bu sevilən film musiqili komediya janrında çəkilmişdir. Gənc və gözəl aktrisa Leyla Bədirbəyli filmdə “Gülçöhrə” obrazını canlandırır. Atası onu yaşlı və xəsis Məşədi İbada vermək istəsə də sevginin gücü Sərvərə, yəni Gülçöhrənin həqiqi istəklisinə buna mane olmağa imkan verir. Film göstərir ki, hansı dövr, hansı zəmanə olursa olsun insan həqiqi sevgisini heç nəyə dəyişməməli, onun üçün vuruşmalıdır.
Sənətin içində sənət yaradanlar
Gülçöhrə gənc olsa da, öz hisslərindən əmin və qərarlı bir obrazdır. Sərvərə güvənir və film xoşbəxt sonluqla bitir. Leyla Bədirbəyli satira kimi məsuliyyətli bir mövzuda çəkilmiş filmin baş qəhrəmanıdır. İnsanlara nəyisə çatdırmağın milyonlarla üsulu vardır. Ən təsirlisi isə onları gülə-gülə düşünməyə vadar etməkdir. Fikrimizcə xanım aktrisa ustalıqla bu işin öhdəsindən gəlməyi bacarıb.

Başqa bir sənət ustası Münəvvər Kələntərlidən söz açaq. Ən sevilən obrazlarından biri “Bəxtiyar” filmindəki Gülzar obrazıdır. Öz sevimli hərəkətləri ilə kinoya şən bir ab-hava qatan sənətkarın yəqin ki, rəqsi də hamımızın ağlında qalıb. Vəziyyətdən çıxmağa çalışan iki qeyri-peşəkar insanın gülməli vəziyyətə düşmələrinin şahidi oluruq. Həm musiqi, həm rəqs, həm də filmdaxili hərəkətləriylə tamaşaçılarda gülüş yaradan aktrisa elə buna görə də unudulmazdır. Necə deyərlər insanları ağlatmaq asandır, güldürmək çətin. O isə, çətin olanın öhdəsindən çox gözəl gəlib.
Sənətin içində sənət yaradanlar
“Onu bağışlamaq olar mı?” filmində rol içində rol oynayan istedadlı aktrisa Ətayə Əliyeva sənətindən az da olsa söhbət açmaq istəyirəm. Əslində bu sənətkarlar haqqında cild-cild əsərlər yazılsa belə yenə də azdır.
Filmdə yaşanan cinayət hadisəsinin səbəbini və canini aşkar etməkdən, həmçinin gözləri tutulmuş gənc bəstəkar Sevdaya yardımçı olmaqdan ötrü gizli bir polis kimi Sevdanın yanında yaşayan “Sara xala” özünü sadəcə xeyirxah bir qadın olaraq qələmə verir.
Gerçək isminı unudub, oynanılan obrazı yaşamağın, rol ifa etməyin çətinliyindən artıq danışdıq. Ətayə Əliyeva isə bu çətinliyin iki qatını bacarıb. Film içində film yaratmışdır desək yanılmarıq.
Bu gün kinoteatrlarda çox zaman xarici filmlərə yer verilməsi gənclərin həm dünyagörüşünün artmasına, həm də geniş düşünmə qabiliyyətinə yiyələnməsinə şərait yaradır. Lakin bir çox hallarda aktrisaların, aktyorların min bir əziyyətlə, üstəlik o dövrün şərtləri altında çəkdikləri filmlər unudulur. Bir az diqqət etsək görərik ki, bizim köhnə filmlərin həm ssenarisi, həm montajı heç də xarici filmlərdən geri qalmır. Hətta deyərdik ki, bizim filmlərdə bu hələ müstəqillik dövründən qabaq müşahidə olunduğu halda, bir çox xarici filmlərdə hələ indi yaranır.
Biz inanırıq ki, bundan sonrakı uzun bir dövr ərzində də Azərbaycan filmləri təsir gücünü saxlayacaq və düzgün təbliğat aparılarsa bütün dünyada, “Azərbaycan Filmoqrafiyası” adlı yeni bir tədqiqat sahəsi yaranacaq və seviləcək.

Baxış sayı: 684