Siyasət
06.12.2019 / 10:30

Qərbi Azərbaycanlıların 1988-ci il deportasiyasının anım günü keçirilib- FOTO

Qərbi Azərbaycanlıların 1988-ci il deportasiyasının anım günü keçirilib-
Dünən Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Qərbi Azərbaycanlıların 1988-ci il deportasiyasının ANİM GÜNÜ tədbiri keçirilib.

Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, tədbirin açılışından sonra iştirakçılar 1988-ci il deportasiyası qurbanlarının, məzarı Qərbi Azərbaycanda qalan soydaşlarımızın və Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda həyatını itirmiş bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli son iki yüzildə Azərbaycan xalqının məruz qaldığı deportasiya və soyqırımları, xüsusilə sonuncu – 1988-ci il deportasiyasının xronologiyası barədə geniş məruzə edib.

Məruzə ətrafında Qərbi Azərbaycan İcmasının sədr müavinləri Mirfaiq Mirheydərli, Fəqan Bəhrəmov, Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev, Əlil Qadınlar Cəmiyyəti Assosiasiyasının prezidenti Məhluqə Qaramanlı, Qərbi Azərbaycana Dönüş İctimai Birliyinin sədri Səməndər Mehdiyev, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Muxtar Oxçoğlu, Qaraçanta Birliyi Təşəbbüs Qrupunun üzvü İldırım Məmmədov, şair Binnət Əsgər, tədqiqatçı alim Nazir Əhmədli, şair-publisist Nəsibə İsrafilqızı və başqaları çıxış etmiş, 1988-ci il deportasiyası zamanı soydaşlarımızın məruz qaldığı tarixi faciənin mahiyyəti və həmin faciə zamanı şahidi olduqları hadisələrdən bəhs ediblər.

Çıxış edənlər 5 dekabr gününün Qərbi Azərbaycanlıların 1988-ci il deportasiyasının ANİM GÜNÜ kimi rəsmiləşdirilməsinin və hər il bu günün Qərbi Azərbaycan uğrunda mübarizəyə çağırış günü kimi qeyd olunmasının vacibliyini vurğulayıblar.

Natiqlər Qərbi Azərbaycan uğrunda mübarizəni Qarabağ uğrunda mübarizənin tərkib hissəsi hesab etdiklərini, bu mübarizənin Ulu Öndər Heydər Əliyevin deportasiya və soyqırımı haqqındakı tarixi fərmanlarından, cənab Prezident İlham Əliyevin Azərbaycanın işğal altındakı və tarixi torpaqları uğrunda mübarizəyə çağırış nitqlərindən qaynaqlandığını qeyd ediblər.

Tədbirin gedişində Türkiyənin İzmir şəhərindən əslən Qərbi Azərbaycanın Amasiya rayonunun Qaraçanta kəndindən olan tanınmış ictimai-siyasi xadim Murtaza Qaraçanta və həmkarı Camal bəy canlı yayımla tədbirə qoşularaq, tədbir iştirakçıları ilə həmrəyliklərini bildiriblər.
Onlar Qərbi Azərbaycan İcmasının rəhbərliyini dekabr ayının sonunda İzmirdə yaradılan Azərbaycan Cəmiyyətinin açılış mərasiminə dəvət ediblər.

Sonda tədbir iştirakçıları 5 dekabr gününün Qərbi Azərbaycanlıların 1988-ci il deportasiyasının Anım Günü olması ilə bağlı Bəyanat və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ölkədə aparılan kadr və struktur islahatlarına tam dəstək ifadə edən Müraciət qəbul ediblər.
Qərbi Azərbaycanlıların 1988-ci il deportasiyasının anım günü keçirilib-

Qərbi Azərbaycanlıların 1988-ci il deportasiyasının anım günü keçirilib-



Inform.az

Baxış sayı: 218