Baş xəbər, Mədəniyyət, Müsahibə
01.08.2015 / 13:53

Ramiz Məlikov: “Azərbaycanlı rolunu erməni aktyoru oynayıb”

Ramiz Məlikov: “Azərbaycanlı rolunu erməni aktyoru oynayıb”

Bunun qarşısı alınmalıdır

İki avqust Azərbaycan kinosu günü ilə bağlı Respublikanın Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məlikov İnform.az saytına ilə öz təəssüratlarını bölüşdü.
İlk olaraq bütün Azərbaycan xalqını təbrik edirəm. Bu tək biz aktyorların, rejissorların bayramı deyil, xalqımızın bayramıdır. Həmkarlarımı təbrik edirəm. Allah ömür versin. Hər birinə işlərində uğurlar və yeni-yeni zirvələri fəth etməyi arzulayıram.


- Ramiz müəllim Azərbaycan kinosunun dünəni və bu günü haqqında nə deyə bilərsiniz?

- Müqayisədə təbii ki, dünənin ürəyimcə olmasını deyirəm. Amma heyfslənirəm bu sözü deməklə. Böyük fərqi hiss etmək məni üzür. Mən istəyirəm ki, bu günüm dünənimdən yaxşı olsun, həm həyatımda, həm də işimdə. Ancaq maddi sıxıntı inkişafı gecikdirir. Mən pullu məmurlara, pullu iş adamlarına deyirəm və xahiş edirəm ki, qorxmasınlar, kinoya pul qoymaqda əliaçıq olsunlar. Dünya miqyasına çıxmaq üçün gərək dünyaya səs salacaq iş göstərəsən. Bu da özbaşına ərsəyə gəlmir. Bu sahəyə maddi tərəfdən müsbət yanaşılmalıdır. Pul olmasa, yaxşı film çəkmək mümkün deyil. Kinoya diqqət daha çox olmalıdır ki, sərhədlərdən kənarda da biz kinomuzu tanıda bilək. Bu gün kino var, amma layiqli yerində deyil. Bir də dönə-dönə deyirəm, istedadlı aktyorlarımızdan yararlanaq. Allah rəhmət eləsin Adil İsgəndərova. Onun dövründə heç kim gedib xaricdən aktyor gətirmirdi. O, istedada dəyər verməyi bacarırdı.
İndi hər şey dəyişib. Gəlin bu məsələyə həssas və dəqiq yanaşaq. Azərbaycanlı rolunu xarici oynaya bilməz. Günümüzə baxın siz Allah, hətta azərbaycanlı rolunu erməni aktyoru da oynayıb. Bunun qarşısı alınmalıdır. Onda biz dünyaya öz sözümüzü keyfiyyətli filmlərimizlə daha ucadan deyə bilər, Azərbaycan kinosunun dünya miqyasında daha çox tamaşaçısı olmasına nail olarıq.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 875