İqtisadiyyat
04.11.2019 / 23:30

Türkiyəli iş adamları DGK-də/ FOTO

Türkiyəli iş adamları DGK-də/
Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) İzmir şöbəsinin nümayəndə heyəti ilə görüşüb.

DGK Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən İnform.az-a verilən məlumata görə, qonaqları səmimi salamlayan S.Mehdiyev Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq ənənələrinə söykənən strateji əməkdaşlıq münasibətlərindən söhbət açıb, bu münasibətlərin inkişafında hər iki ölkənin gömrük xidmətlərinin də rolunu qeyd edib.

Komitə sədri bildirib ki, son illər regionda Azərbaycan və Türkiyənin təşəbbüsü ilə nəqliyyat və logistika sahələrində həyata keçirilən irimiqyaslı layihələr əlaqələrin inkişafına mühüm töhfə verir.

Vurğulanıb ki, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına yönələn ardıcıl və məqsədyönlü xətt bu gün iki ölkənin dövlət başçıları tərəfindən uğurla inkişaf etdirilir və strateji tərəfdaşlığın dərinləşməsinə nail olunub. Ölkələrimiz arasında bütün sahələrdə səmərəli, işgüzar əlaqələr qurulub, bu əlaqələr gömrük işi sahəsində də sürətlə inkişaf edir.

Komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində gömrük orqanlarında daha çevik, daha modern idarəçilik metodlarının tətbiq edildiyini, beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılması, vətəndaşların maksimum dərəcədə məmnuniyyətinin təmin olunması üçün yeni layihələrin icra olunduğunu bildirib. Hazırda Azərbaycanın dünyanın ən inkişaf etmiş ölkələrindəki gömrük sisteminə sahib olduğunu qeyd edən S.Mehdiyev aparılan islahatların ticarətin asan, sürətli və maneəsiz şəkildə həyata keçirilməsinə münbit şərait yaratdığını diqqətə çatdırıb.

Komitə sədri Azərbaycan və Türkiyə gömrük orqanları arasında əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirib, ötən ay qardaş ölkəyə səfərindən, keçirilən ikitərəfli görüşlərdən bəhs edib, xüsusilə, imzalanan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sadələşdirilmiş gömrük dəhlizi haqqında Anlaşma Memorandumu"nun, eləcə də qarşılıqlı məlumat və təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb.

Səmimi görüşdən məmnunluğunu bildirən MÜSİAD İzmir şöbəsi nümayəndə heyətinin rəhbəri Bilal Sayqılı son illər ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın artırılması üçün mühüm işlərin görüldüyünü diqqətə çatdırıb və gömrük sferasında əlaqələrin inkişafından razılığını ifadə edib.

Nümayəndə heyətinin rəhbəri Azərbaycanda fəaliyyət göstərən iş adamları üçün bütün sektorlarda olduğu kimi, gömrük sahəsində də münbit şəraitin yaradıldığını, Azərbaycan gömrük sistemində aparılan islahatları yaxından izlədiklərini və müsbət qiymətləndirdiklərini diqqətə çatdırıb.

Görülən işlərin iqtisadiyyatın və beynəlxalq ticarətin inkişafına mühüm töhfə verəcəyini vurğulayan MÜSİAD təmsilçisi, eyni zamanda, təmsil etdiyi qurumun fəaliyyəti barədə danışıb. Qeyd edilib ki, MÜSİAD-ın dünyanın bir çox ölkəsində nümayəndəlikləri fəaliyyət göstərir, qurum minlərlə biznes nümayəndəsini birləşdirir.

Sonra görüşdə türkiyəli iş adamlarını maraqlandıran suallar ətraflı cavablandırılıb və bəzi məsələlər barədə fikir mübadiləsi aparılıb.

Türkiyəli iş adamları DGK-də/


Türkiyəli iş adamları DGK-də/


Türkiyəli iş adamları DGK-də/



İnform.az

Baxış sayı: 70