Qonağımız var..., Baş xəbər, Müsahibə
01.08.2015 / 13:15

Xalidə Xalid “Üç valet”lə iki ildən sonra...

Xalidə Xalid  “Üç valet”lə iki ildən sonra...

QONAĞIMIZ VAR...


III hissə


Onlarla iki il öncə tanış oldum. ETTELAAT-ın mənfur zindanından azad olduqdan sonra, vətəndə mənə həsr edilən ilk efir verilişlərindən birində- APA TV-nin “Üç valet” layihəsində.
Dəyərli dostumuz, həmin dönəmdə APA TV-nin rəhbəri olan Eldəniz Vəliyevin dəvəti ilə baş tutmuşdu o görüş.
Çox maraqlı və səmimi bir şəraitdə keçən proqramda qonaq mən olsam da, ev sahiblərini demək olar ki, daha yaxından tanımaq imkanı əldə etdim. Və o gündən bu “ Üç valet” mənim həyatıma üç dost, üç qardaş kimi daxil oldu...
Xalidə Xalid  “Üç valet”lə iki ildən sonra...Həmin görüşdən sonra, həmişə arzulayırdım nə vaxtsa mənim media qurumum və ya efirim olsa, mütləq “Üç valet”-i “duel”ə çağıracağam. Çünki bu üçlük o qədər maraqlı, o qədər səmimi təsir bağışladı ki, onlara mən də müxtəlif mövzulu suallarla müraciət etməyi arzuladım.
Beləcə, iki il ötdü...Və mənim arzum gerçəkləşdi...İki ildən sonra “Üç valet” mənim suallarımı cavablandırası oldu...


Əvvəli burada

Qabil Abbasoğlu: -Razıyam mən də. Demək olar ki, hər iki dostum demək istədiklərimi dedi. Başqa deyəcəyim bir şey var ki, burda üç mümkün yol var- deməli, birinci mənasız müharibə bitməlidir, ikinci mənasız sülh heç kimə lazım deyil, üçüncü isə, işin ən çətini və ən vacibi bu ağıllı yolla həll olunmalıdır.
Müharibə bəyanatı vermək o qədər asandırki, mən şəhidlərimizin ruhundan üzr istəyirəm, bəzən belə şeylər mücərrəd pafoslu, namus, qeyrət kimi anlayışlara dayanır. Çünki onda ağlın funksiyası itir, gərək ağılla düşünəsən ki, müharibə istəmək ölüm istəmək deməkdir.
Əgər yeganə yol müharibədirsə, yenə də olası müharibə bizim ərazimizdə olacaq “Yox mən müharibə istəmirəm” demək də doğru deyil, onun da eyni dərəcədə əleyhinəyəm.
Və üçüncü hədd-insanlar erməni doğulmur. O insan kimi doğulur sonra isə erməni tərbiyəsi alır. Erməni cəmiyyətinin , erməni kilsəsinin tərbiyəsini alır. Bu tarixi genetikanı, filanı əfsanə hesab edirəm. İnanmıram bele şeylerə. İnsanıq, erməni də bizim kimi insandı, o da doğulur, Eçmedzin oğlu olaraq kilsə onu başqa cür, öz kitabları başqa cür tərbiyə edir.
Bizim ölkənin başçısı erməni idmançısının kürəyinə vurur, zalı sakitləşdirir. Erməni ölkəsinin başçısı isə ermənilərlə başqa cür rəftar edir, bizi onlara başqa cür təqdim edir. Yəni o cəmiyyətin tərbiyə etdiyi erməni döyüşçüdən getmir söhbət. O cəmiyyətin tərbiyə etdiyi Sarkisyandı, bu cəmiyyətin tərbiyə etdiyi ilham Əliyevdi.
Bunların hər ikisi insan doğulub, amma, biri orda, biri burda tərbiyə olunub.
Ona görə də bu ona nümunə ola bilər. Onun buna nümunə olması mümkün deyil. Çünki o komplekslərlə ki, o tərbiyə alıb, o komplekslərdən çıxıb belə böyüklüyü göstərmək mümkün deyil.
Erməni anlayışına bir az “hürrey”lə yanaşmağın tərəfdarı deyiləm. Bir az düşünmək lazımdır bu məsələdə. Torpaq itən torpaqdı, üzərində müharibə gedən ərazi bizimdir. Tarix boyu Azərbaycan dörd-beş dəfə böyük mərhələdə torpaq itirib. Amma ilk dəfədir ki, Azərbaycan itən torpaqalarının arxasında bayrağıyla, ordusuyla, dövlətiylə, qanunlarıyla dayanıb. Faktiki itirsə belə, hüquqi olaraq itirməməyə çalışır və mübarizə aparır.
1920-ci ildən bu yana itirə-itirə getmişik, susmuşuq. 1930-da susmuşuq, 1948-də susmuşuq, 1950-də yenə susmuşuq. Elə hey susmuşuq, amma, indi daha susmuruq. Bizə deyirlər dayan, biz dayanmırıq torpaq bizimdir, haqq da, ədalət də bizimlədir.
Erməni oralarda nə tikir, nə edir, etsin o ərazilər bizimdir və bunun da bir sonu olacaq. Biz konstitusiyasını özü quran ölkəyik. Bizim ziyanımıza işləyən heç nəyə qol çəkməyəcəyik. Bu məsələni bu qədər inamla davam etdirməyi bacarsaq deyə bilərəm ki, bu toplumların və insanların problemi olmaqdan çıxıb siyasət problemi olub. Siyasət problemini də həll etmək, elə də cətin olmayacaq.

Xalidə Xalid: -Dostlar, mən sizin vaxtınızı çox alıram, sizləri tez-tez bir yerdə tapmaq çətin olduğu üçün bu imkandan istifadə edirəm. Ona görə, sualları bir az çox verirəm. Bu ölkənin ziyalısı olaraq, şəxsən mənimçün bu sualları cavablandırmağımız çox önəmlidir. Bilirəm ki, oxucularımıza da maraqlıdı bu suallar və cavablar.
Dördümüzün də oğul övladımız var. Hər birimizin evində əsgər var, vətəni qorumağa hazır olan igidlər var.
Bayaq siz gəlmədən öncə, İlqar Əlfioğluyla da bu söhbəti etdik, yaxın günlərdə mediada bir mövzu atılmışdı ortalığa. Hansısa məmurun oğlu əsgər gedib. Bunu elə sensassiyaya çevirdilər ki, çox iyrənc bir formada.

İlqar Əlfioğlu: -Pah, elə bilki ərə gedir (gülür) əsgər getməlidir, gedir də...

Xalidə Xalid: -Qələm əhlisiniz, illərdi mətbuatda külüng vurursunuz . Bilmirəm mənim bu fikrimi təsdiq edərsiniz yoxsa yox, amma, deməliyəm. Təsdiqi də, inkarı da artıq sizin öz ixtiyarınıza buraxıram. Sizcə bu sadəcə reytinq xətrinə şişirdilmiş bir mövzu deyilmi?
Hər bir məmur övladının əsgərlik çəkməsi onun vətəndaşlıq borcu deyilmi?

İlqar Əlfioğlu: -Mən deyim... Gəlin bundan sonra suallara qısa cavab verək.

İlqar Rəsul: -Bayaqdan qısa cavab vermək lazım idi. Mən bayaqdan düşünürəm ki, Xalidə xanim bu boyda söhbəti necə yazacaq.

Xalidə Xalid: -Yazacaq siz narahat olmayın. (hamı gülür)

İlqar Əlfioğlu: -Deməli, Xalidə xanım, bu mövzunun gündəmə atılması əslində bizim cəmiyyətin eybəcər cizgilərindən biridir. Bu eybəcərlik nədə təzahür edir?
Biz o qədər görməmişik ki, məmur oğlu əsgər getsin..

Xalidə Xalid: -Elədir.

İlqar Rəsul: -Doğru...

Qabil Abasoğlu: -Onun əsgər getməyi xəbərə çevrilir. Deyim ki, ilk olaraq bu xəbəri mən vermişəm, amma, bu mənim günahım deyil...Və orda da qeyd etmişəm ki, məmurun uşağının əsgər getməsi, xəbərə çevrilib.

İlqar Əlfioğlu: -Yox, yox...Biz əslində buna nail olmaq istəyən qüvvələrin arxasında durmağı bacarmalıyıq, elə etməliyik ki, məmur oğlunun esgər getməməsi xəbərə çevrilsin.
Bunu eliyə bilsək, biz toplum olaraq formalaşmış olacayıq. Baxın təvazökarlıqdan kənar olmasın, mənim oğlanlarımın ikisidə Qarabağda hərbi xidmət keçiblər. Bu kimin qarşısında öhdəliyimdir, öz qarşımda. Mən komissara zəng vurub deyə bilməzdimmi , usağı sal Gəncəyə, sal Lənkərana. Deyə bilərdim. Niyə demədim? Çünki buna vicdanım yol verməzdi.
Mən Allahdan başqa kimsədən qorxmuram, mən özüm öz qarşımda hesabatımı verməliyəm.
Mən qarabağlıyam axı. Mənim oğlum Qarabağda keçməsin əsgərliyi, harda keçsin?
Mən sonra necə düzlükdən, vicdandan danışa bilərəm? Bax bu təfəkkür məmurlarda bəlkə də olmayacaq. Gərək toplum elə canavarlaşsın ki, bu təfəkkürə tabe olmağa məcbur olunsun.

Qabil Abbasoğlu: -Həmin xəbəri ilk olaraq verən biz olmuşuq lent.az. verən anda da o sual yaranıb içimizdə, görün durum nə yerdədir ki, məmurun övladının əsgər getməsini biz xəbər olaraq veririk.

Xalidə Xalid  “Üç valet”lə iki ildən sonra...İlqar Rəsul: -Mən hesab edirəm ki, əgər məmur kontingenti o düşüncədədir ki, onların usaqlarını əsgər getməyə qoymurlar, elə o cür valideynlərin övladlari doğrudan da, əsgər getməməlidirlər. Çünki onların böyütdükləri övladlar orduda əsgərləri öz təfəkkürləri ilə korlaya bilərlər.
Məmləkəti qorumaq məsələsi nə qədər müzakirə olunsa da, deyim ki, məmur balasının işi deyil, orduda xidmət etmək. Ordu xalqdan toplanır, ordu millətdən toplanır.
“Hərbi xidmət vaxtı gələndə və hərbi xidmətə gedilməlidir” düşüncəsi daha üstünlük təşkil etməlidir. Bilirsiniz, məmləkəti qorumaq nə qədər müzakirə olunsa da, təkrar edirəm bu məmur balasının işi deyil, vallah doğru deyirəm, məni kimsə yanlış anlamasın. Əslində, bu sadə bir şeydir. Hərbi xidmət dövrü gəldi və hərbi xidmətə getməsi daha faydalıdır, nəinki xidmət vaxtı gələndə evdə düşünülməlidir ki, nə edək ,necə edək bunu hərbi xidmətdən yayındıraq. İnanın ki, yayındıra bilməsələr və o gənc orduya getsə, yüz əsgərin verə bilməyəcəyi zərəri verər, yanlış düşüncəsi, ərköyün tərbiyəsi ilə. Mən belə düşünürəm. Çünki o öz yerində olmayacaq. O mühitə- hərbi mühitinə yaddır, əsgərlərə, zabitlərə yaddır. İstəsə də, xeyir verə bilməyəcək. Niyə?
Çünki istəmədiyi yerə gedib. Çünki onu böyüdən valideynin düşüncəsində heç məmləkət adlı anlayış olmayıb. Bu gənc hələ heç anlamır ki, vətən dediyimiz nədir. Belə bir gəncin orda olmağı nə qədər vacibdir?
Elə şeylər var ki, o müzakirə olunmur. Məsələn, mənim uşağım əsgər getsin ya getməsin?
Lazımdısa getməlidir, birmənalı olaraq.

Xalidə Xalid: -Çox fərqli-fərqli mövzulara toxunduq, amma yenə də sonda gəlib, üçlüyə söykənirik- “Üç valet”ə
Bayaq zarafatla uşaqlara dedim ki, “Üç valet” yox daha , Atos, Partos, Aramis və D” artanyan deyəcəyəm... (hamı gülür)
Gəlin yenə ruha söykənək. Bu üçlük- İlqar Əlfioğlu, Qabil Abbasoğlu və İlqar Rəsul hər üçü ruh əhlidir. Mənə maraqlıdır görəsən, bu üçlüyün ruhunun ac olduğu vaxtlar tez-tezmi olur?

İlqar Rəsul: -Tox olan vaxtı varmı ki??? (gülürlər)

Xalidə Xalid: -Hə İlqar müəllim, yenə də sizdən başlayaq.

Xalidə Xalid  “Üç valet”lə iki ildən sonra...İlqar Əlfioğlu: -Şəxsən mənim ruhum hüzurun acıdır, hüzurda bilirik də hardadı... Mən həyatımı bir əsgərlik kimi qəbul edirəm.Müəyyən funksiyalar var, bu funksiyaları kimsə yazıb mənə verməyib. Amma aldığım tərbiyədən, gördüklərimdən əxz eləmişəm. Çiynimdə missiya var, mən bura o missiyanı yerinə yetirmək üçün gəlmişəm.Və darıxıram ki, bu missiyam tez hüzur tapsın ki, rahatlanım, çünki hüzurdan böyük Yer üzündə nemət yoxdur. Ruhum hüzurun acıdır, hüzur istəyirəm...

İlqar Rəsul: -Mən həmişə demişəm ki, ruhdan düşmək olmaz, ruhdan düşməyin əleyhinəyəm.O yeganə şeydir ki, mən ordan düşmərəm.(İlqar Rəsulun bu cavabı qəhqəhələrə səbəb oldu) Maşından düşərəm, pilləkəndən düşərəm, damdan düşərəm, amma ruhdan düşmərəm. Bu birmənalıdır.

İlqar Əlfioğlu: -Əla, əla.

Xalidə Xalid: -Xoşbəxt insansınız maşallah...

İlqar Rəsul: -Belə baxanda son dövrlər çox narahatdı mənim ruhum. Heç rahat deyil. O rahatlığın acıdır. Ruhdan düşməyəcəyimi bilirəm, amma bununla bərabər rahat olmaq istəyirəm.(gülərək) Bunun da ki, həkimi yoxdur..

Qabil Abbasoğlu: -Danışırlar, mən də fikirləşirəm ki, buna bir iki kəlimə ilə cavab vermək olmaz axı.
Vallah bu ruhun o qədər şeylərə ehtiyacı var ki...

Xalidə Xalid: -Ən çox nəyə ehtiyacı varsa, onu deyin.

Qabil Abbasoğlu: -Ən çox??? Gözəlliyə. Gözəlliyin acıdır mənim ruhum. O gözəllik təkcə xarici gözəllik deyil, mənəvi gözəllik də var onun içərisində. Məsələn, mən günlərlə muğamata qulaq asa bilərəm. Qohum əqraba da, dost-tanış da xasiyyətimi bilirlər. Hətta bəzən zarafatca deyirlər ki, “Şur”günləri qurtarıb. Günlərlə telefonumda, maşınımda muğam dinləyirəm. Olar ki, bir həftə “Çahargah” həftəsi olar mənimçün. İşdə boşamsa işdə, yoldayamsa yolda, evdə bekaramsa evdə dinləyərəm. Bir də görərsən ki, iki gün, üç gün oturaram You Tube-da Qarabağla bağlı çəkilən yerlərə baxaram, mən orda doğulub böyüməmişəm, Aranda böyümüşəm. Amma o yerləri- uşaq vaxtı gedib gəzdiyim yerləri izləyərəm.
Açığı deyim ki, tip olaraq özümü şuşalı hesab edirəm.

İlqar Əlfioğlu: -Qalalı...

Xalidə Xalid  “Üç valet”lə iki ildən sonra...Qabil Abbasoğlu: -O verilişlərə baxıram. Məsələn, məndə köhnə kökə ciddi bir aclığım var. Məsələn, Altay türklərinin mədəniyyətini, musiqisini, inanclarından belə, qədim əlyazmalarından belə, tarixi abidələrindən belə hər şeylərini aylarla tədqiq edirəm. Bu yaxınlarda Qanturalı ilə bunu bölüşdüm, bilmirəm İlqar Rəsula bunu danışdım yoxsa yox, hardasa üç ay boyunca monqollar və türklər məsələsinə dair araşdırma apardım üç-dörd dənə kitab oxudum. Onu mənə, kimsə mənim üzərimə vəzifə olaraq qoymamışdı ki...Kimsə mənə heç nə deməyib ki, özüm də yaranan bir sual idi. Oxudum və yeri gəlmişkən nəticəsini də sizə deyim ki, monqol-filan anlayışı yoxdu hamısı Türkdü...
Bu da belə... Ruh məsələsi belədir ki, onu qidalandırmalısan, qidalandırmayanda o rahatlıq tapmaz. Onu qidalandırmayanda insan özünə yer tapa bilmir. Ola bilər ki, yemək yeməyəsən günlərlə, amma ruhun sakit olar, amma ruhun ac olsa, qidalandırmasan bir saat sakit dayana bilməzsən.

Xalidə Xalid: -İndi bir şey deyim məni sizə bağlayan “Üç valet” oldu bilirsiniz. Bayaq söhbətin əvvəlində dedim və bu söhbətimizin son akkordlarını da belə vurmaq istəyirəm- “Üç valet”də olduğu kimi:
“Üç valet”in bir “Dama”ya- İlqar Rəsul, İlqar Əlfioğlu və Qabil Abbasoğlunun Xalidə Xalidə sualı varmı?

Qabil Abbasoğlu: -Xalidə xanım yorulmursunuz?

Xalidə Xalid: -Mən axı sizə demişəm...

Qabil Abbasoğlu: -Həmişə ürəyimdə sizlə bağlı olan sual budur.

Xalidə Xalid: -Mən verilişdə də demişdim sizə axı, mən yorulmaqdan qorxuram, dincəlməkdən qorxuram. Qorxuram o şeylərdən. Qorxuram və ona görə də həmişə hərəkətdəyəm. O şeylər ki, məni öldürə bilər mənəvi cəhətcə, məni sındıra bilər, mən onlardan qaçıram. Sanki bir an dayansam ölə bilərəm. Mən cismani dayana bilərəm, problemlərim ola bilər, çətinliklərim ola bilər mən dayanaram. Dayanan mənim cismim olar, ruhum isə hər zaman qaynayır. Sizin o deyirsiniz ki, ruhunuz gözəllik axtarışındadır, mənim də ruhum çalışmaq üçün qaynayır.

İlqar Əlfioğlu: -Xalidə xanım, nəyə ehtiyacınız var?

Xalidə Xalid: -(Gülür, “Üç valet” də ona qoşulur) Deyəsən, gələndə danlamışam sizi ona görəmi bu sualı verirsiniz?

İlqar Əlfioğlu: -Yeni bir işin başlanğıcındasınız. Əvvəla dostlarım adından deyə bilərəm ki, biz bu gün dost evindəyik. İnsan özünü realizə edə bilməyəndə xoşbəxt olması mümkün deyil. Amma insan özünü realizə edə biləndə, hansı probleminin olmasından, işinin necə getməsindən , ona hansı qiymətin verilməsindən asılı olmayaraq özündə bir daxili təskinlik tapır. Biz də indi dost kimi gəlmişik, soruşuram nəyə ehtiyacınız var, nə kömək edə bilərik sizə?

Xalidə Xalid  “Üç valet”lə iki ildən sonra...Xalidə Xalid: -Yanımda olun yetər.

İlqar Rəsul: -Mən qəribə bir sual verəcəm.

Xalidə Xalid: -Hər zamanki kimi, yenə “şpitilni”sual verəcəksiniz yüz faiz. (hamı gülür).

İlqar Rəsul: -Bir cümləylə cavab verərsiniz.

Xalidə Xalid: -Oldu.

İlqar Rəsul: -Xalidə xanım, bir “Dama” olaraq bu “Üç valet”in arasından sizin “Korol”unuz kimdir?
(qəhqəhələr ətrafı sarır).

İlqar Əlfioğlu: -Kor tutduğun buraxmaz da...

İlqar Rəsul: -İmkan verin qoyun cavabı versin də, Xalidə xanım...

Xalidə Xalid: -Mənim Korolum deyim də sizə, Allah rəhmət eləsin Əlfi müəllimi, necə ki, həyatımın çox keşməkeşli keçməsinin səbəbkarımı deyim, ilahinin həmin an qapısının açıq olduğunu deyim bilmirəm. Onun bir əsəri var, “Ədilənin taleyi.” Bu əsəri oxuyanda hələ orta məktəbin son siniflərindəydim. Əsər məni tilsimləmişdi. Düşünürdüm görəsən mənim də həyatımda Elsevər kimi insan olsa, onun kimi biri qarşıma çıxsa dözə bilərəmmi, onun hərəkətlərinə. Ədilə kimi güclü ola bilərəmmi?
Rəbbim də dedi ki, Ədilənin taleyi nədir, sənə elə tale yazaram ki, Ədilənin taleyi yalan olar. O mənim stolüstü kitabım idi. Və İlqar Əlfioğlunu da “Dalğa”-dan tanıdım. Elə həmin vaxtdan, o veriliş efirə gedəndən o mənim “Korol”um olub.

İlqar Əlfioğlu: -Əla, mənə elə gəlir ki, əla söhbət alındı.

Xalidə Xalid: -(Üzünü İlqar Rəsula tutaraq) Hə, qardaş aldınızmı cavabınızı. Onu da nəzərinizə çatdırım ki, İlqar Əlfioğlu onu sevən bütün dostları üçün, istər qadın, istər kişi hamı üçün “Korol”du.

Xalidə XALİD / Inform.az

Baxış sayı: 1071