Elm-təhsil
04.11.2019 / 12:15

BANM-in tələbəsi Ramil Şükürlü Beynəlxalq Astronavtika Konqresində iştirak edib

BANM-in tələbəsi Ramil Şükürlü Beynəlxalq Astronavtika Konqresində iştirak edib
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri 2022-ci ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanıb.

Bu mötəbər tədbirə ev sahibliyi etməyə namizəd olan şəhərlər arasında Sinqapur, Rio-de-Janeyro və Nyu Dehli şəhərləri də olub.

BANM-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, 68 ölkəni təmsil edən 398 təşkilatın üzv olduğu federasiya kosmik sahədə fəaliyyət göstərən ən mötəbər beynəlxalq təşkilatdır. 1950-ci ildən bəri fərqli ölkələrdə keçirilən Beynəlxalq Astronavtika Konqresi təşkilatın əsas tədbiridir. Konqres zamanı iştirakçılar kosmos sahəsinə aid aktual trendləri və ən son innovasiyaları izləmək fürsəti əldə edir.

Azərbaycan builki Beynəlxalq Astronavtika Konqresində geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunub. Nümayəndə heyətinin tərkibində Bakı Ali Neft Məktəbinin Proseslərin Avtomatlaşdırılması mühəndisliyi ixtisasının magistrantı Ramil Şükürov da təmsil olunub. Mötəbər beynəlxalq tədbir barədə fikirlərini bölüşən Ramil Şükürov bildirib ki, bu konqresin iştirakçısı olduğu üçün çox sevinclidir:

“70-ci Beynəlxalq Astronavtika Konqresinin Vaşinqton şəhərində keçirilməsi əslində heç də təsadüfi hal deyildi. Bu konqres Aya enişin 50-ci il dönümünə həsr olunduğu üçün məhz ABŞ-ın paytaxt şəhərində keçirildi. Tarixə bir qədər nəzər salsaq, görərik ki, düz 46 il bundan əvvəl - 1973-cü il oktyabr ayında keçmiş Sovet İttifaqında yalnız bir dəfə məhz Bakı şəhərində keçirilib. Bu da öz növbəsində Azərbaycan dövlətinin kosmonavtika tarixinin təməlini qoyub. Nəticə etibarilə, növbəti ildə təbii ehtiyatların tədqiqi üzrə kosmik texnologiyaların koməyi ilə elmi mərkəz yaradılıb və kosmik tədqiqatların aparılmasına start verilib. Həmin illərdə tədbirdə dünyanın 17 ölkəsindən 1500-dən çox nümayəndə heyəti iştirak edib. Hazırda isə bu konqres kosmos ictimaiyyətinin 6000-dən çox nümayəndə heyətini bir araya toplamağa nail olub. Bu il Bakı şəhəri hər il keçirilən Beynəlxalq Konqresə ev sahibliyi etmək üçün öz namizədliyini irəli sürüb. Bakı şəhərinin 2022-ci ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanmasında Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos”un böyük əməyi var. Bu konqres Azərbaycanın turizm sektoruna öz müsbət təsirini göstərməklə yanaşı, ölkəmizin adət ənənələrini, tarixini və həqiqətlərini dünyaya bir daha nümayiş etdirməyə imkan yaradacaq. Müsbət təsirlərə turizm sektoru ilə birlikdə kosmik sahənin sürətli inkişafı və bu sahədə əlaqələrin genişləndirilməsi faktorunu da əlavə etmək olar”, – deyə fikirlərini izah edib.

R.Şükürov konqresə dünyanın bir çox universitetlərindən tələbələr qatıldığını və tədbir boyunca kosmosun gələcəyi ilə bağlı keçirilən müxtəlif texniki sessiyalarda iştirak etdiyini də əlavə edib.



İnform.az

Baxış sayı: 39