Ötən günə gün çatmaz..., Mədəniyyət, Müsahibə
01.08.2015 / 12:26

Faiq Sücəddinov: “Hamı öz həyatını dərk etdiyi kimi yaşayır”

Faiq Sücəddinov: “Hamı öz həyatını dərk etdiyi kimi yaşayır”


İnform.az-ın “Ötən günə gün çatmaz...” layihəsinin növbəti qonağı Azərbaycanın tanınmış bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, xalq artisti, "Şöhrət" ordenli Faiq Sücəddinovdur.

- Faiq müəllim, yay-qış bilmədən həmişə çalışırsınız. Yorulmamısınız?

- Mənim işim mənim mənəvi rahatlığımdır. Mən işləyəndə, yaradanda dincəlirəm.
Yaxın günlərdə “Dostum” adlı yeni fortapiano albomum işıq üzü görəcək. Burada sizin bildiyiniz bayağı mahnılar deyil, elmi, mədəniyyəti yüksək tutan əsərlər yer alacaq. Albomun daxilində on doqquz əsər yer alıb.
O ki, qaldı istidə də iş başında olmağım, bu mənim işimə olan sevgimdir, məsuliyyətimdir. Yaradıcı insan üçün yaz-yay, payız-qış yoxdur. Mən həmişə yazıram, yaradıram. İlk olaraq, Allahıma və anama minnətdaram bu sənətdəki uğurlarıma görə. Bütün illərimi yaradıcılığıma həsr etmişəm. Nəticəsi göz qabağındadır. Baxmayaraq ki, göydən od tökülür, mən yenə də işləyirəm və işləyəcəyəm də. Çünki özümü yaxşı hiss etməyim üçün işimin üstündə durub məsuliyyətlə çalışmağım əsas yer tutur. Praqada Ulu Öndərin 90 illik yubileyinə həsr edilmiş konsertim olmuşdu. Yaxın günlərdə isə Naxçıvanda bir gün ərzində üç konsert verdim.
Həmişə deyirəm ki, təki sağlığım qaydasında olsun, işimin üstündə olum dincəlməyək, amma iş başında olaq. Xəstə evdə dincələr ki, tez sağalsın. Mən niyə dincəlim? Baxmayaraq ki, on beş ildir şəkərəm, özüm-özümə iynə vururam. Ancaq sevdiyim işi görəndə rahat oluram. Sağlam insan işləməlidir və çalışmalıdr. Onda bütün illər uğurlu gəlir.

- Faiq müəllim, işə başlayanda plan qurursunuz?

- Yaradıcı insan plansız iş görür. Çünki onun istedadının üzə çıxması birbaşa İlahi vergi ilə bağlıdır. Bəzən istəsən də yaza bilmirsən. Bəzən də, istəmədən bir də görürsən ki, iş otağındasan. Ancaq yeni mövzum üçün “Dostum” albomunun yayımı ilə məşğul olmağı düşünürəm. İnşallah, belə düşünürəm ki, bu mədəniyyətimiz üçün böyük töhvə olacaq. Bu gün Azərbaycanda olan musiqi məktəbləri əsərlərimi məndən istəyir. İstər televiziyalarda, istərsə də xalq arasında mənim əsərlərimə tələb var. Bu da məndə daha çox işləməyə həvəs yaradır.

- Çıxışlarınızda bildirirsiniz ki, əgər bir insan gördüyü işdən əvvəl o işin həyacanını və məsuliyyətini hiss etmirsə, o peşəkar ola bilməz. Laqeyid insandan heçnə çıxmaz?

- Bəli, yalan demirəm ki. Neçə illərdir səhnədəyəm, hər dəfə də səhnəyə çıxacağım günü səhərə kimi yatmıram. Həyəcan məni yuxuya getməyə qoymur, gözlərimi yuma bilmirəm. Məsuliyyət insan həyatını əhatə edən ən vacib amildir. Bu hiss yoxdursa, heyf boşa keçən ömrünə. Kamil bir insan məsuliyyətlə ali təhsil almalı, işləməli, evlənməli, ailə başçısı olmalı və bütün ömrünü bu hissi dərk edərək, başa vurmalıdır ki, dünyadan köçəndə, adı anılanda “rəhmətlik yaxşı adam idi”- deyib rəhmət oxusunlar. Mən Qara Qarayevi əsər yazanda fikirli, həyəcanlı görmüşəm. Ortaya əsər çıxardan sənətkarın həyəcanı həmişə olur. Həyatda insan ya ucalır, ya da yox olub gedir. Orta səviyyədə sözünü mən qəbul etmirəm. Ya yaxşı olacaqsan, ya da pis. Vəssalam.

- Özü yazıb, özü oxuyanlara münasibətiniz necədir?

- Düşünürəm ki, danışmasam, fikir bildirməsəm daha yaxşı olar. Hamı öz həyatını dərk etdiyi kimi yaşayır. Mənim fikrim onların fikrini dəyişməz. Bildikləri və dərk etdikləri sənətləri ilə göz qabağındadırlar. Mən sənətimlə və öz yaradıcılığımdakı yeniliklərimlə cavabdehlik daşıyıram. İşimin bütün sirrini, elmini bilirəm, bilmədiklərimi də öyrənirəm. Nəinki Azərbaycanda, mən xaricə də getsəm orda da rahat yaşayacam, çünki işimin və sənətimin incəliklərini bilirəm.
Amma bu gün əllə sayılacaq ifaçı var ki, Bakıdan kənarda oxuya bilər. Zaman hər şeyi özü qiymətləndirəcək. Özləri üçün yazanlar arta bilər, xalq üçün yazanlar həmişə az olub. Yazmaq sözünə görə onlar da nəsə edirlər, amma, bu həmişə olub və keçib, boş bir qab kimi qalıb.

- Müəllif hüquqlarınız niyə qorunmur?

- Bəzi ifaçılar elə bilir ki, yazarın, bəstəkarın adı deyilməyəndə, adı tək yazılanda bunlar məşhurlaşacaq. Xeyr, belə deyil. Hər bir ifaçı bu addımı atmaqla öz savadsızlığını ortaya qoyur. Bunu hamı bilir ki, mahnının ərsəyə gəlməsi üçün şeir yazılmalıdır, sonra da musiqi bəstələnməlidir. Bu prosesdə ən son ifaçı gəlir. Yəni hər şey ap-açıq ortadadır. Mənim yazdığım əsərlər tanınır və sevilir.

- Bəstəkar mahnını bir müğənni üçün yaza bilərmi?

- Qətiyyən. Bəstəkarlıq çoxşaxəli bir sənətdir. İşini bilən peşəkar bəstəkar opera da yaza bilir, sinfoniya da və başqa janrlarda da. Nə yazırıqsa, hamısı xalqındır, fərd üçün heçnə yazılmır.

- Bəs İlhamə Quliyeva niyə Brilliant Dadaşovaya icazə vermir, Fikrət Əmirovun bəstələrini ifa etsin? Deyir o əsərlər şəxsən mənə yazılıb. Qadağa qoyur.

- Mən bu haqda heç bir münasibət bildirmək istəmirəm və o hadisələrdə adımın çəkilməsini heç istəmirəm. Xalqın fikri nədirsə, onunla razıyam. Bu anonim imzası ilə Azərbaycandan kənarda bizim mahnılar səslənir. Budur e dərd. Ara söhbətlərinə vaxt ayırmağa dəyməz. Bu nə mənim yaşıma, nə sənətimə yaraşmaz.

- Şou-biznes əhli ilə işləyirsiniz. Ola bilərmi, sizi də özləri tərəfə çəksinlər
?

- Yox, mən şou-biznes adamı olmaram. Şou-biznes tamam başqa şeydir. Mənim onlarla, onların da mənimlə işi ola bilməz. Baxın, şou-biznesdə Faiq Sücəddinov varmı? Mən oxumuram, toya getmirəm.(Amma yeri gəlmişkən yaxşı da səsim var, hərdən oxuyuram-gülür) Demək, mən onlardan ola bilmərəm.

- Faiq müəllim, bu gün belə bir söz dəbdədir. Yəqin eşitmisiniz: ”Şok, şok şok. Yeni mövsümdə bomba kimi bir xəbər.” Bəs sizdə necə, tamaşıçıları şoka salacaq yeniliklər varmı?

-Qızım, mən sülh sevərəm insanam, dava, bomba mənlik deyil (gülür). Yenilik olacaq, bu da ancaq albom. Lazımlı və dəyərli iş göstərəcəyəm. Son olaraq onu deyim ki, Azərbaycan sənəti onu ucada saxlamağa layiqdir. Gəlin sənətimizi, mədəni dəyərlərimizi, adət-ənənəmizi qoruyaq. Ən önəmli məsələ baxın budur.


Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 1064