Gündəm, Şərhlər
01.08.2015 / 12:01

Səkkiz eşşəyi çatışmayan ölkə

Səkkiz eşşəyi çatışmayan ölkə

Xanəmir TELMANOĞLU / İnform.az


Ey eşilmiş boynunu boyunduruqdan qaçıran eşi-bərabəri olmayan gözlərinin gözəlliyinə erişilməz eşşək!....

Bu günlərdə sayt və portalları, informasiya aləmini bəzəyib, düzəyən yeni bir xəbər də sifət cizgilərimizdəki dəyişiklikdən daha çox, içərimizin xətlərində sınmalar, çevrə boyunca hərəkətlər, gah düz, gah da əyri xətlərlə ehtiyacımızı ödədi deyə bilərəm. Ümumiyyətlə, eşşəklərlə bağlı hər hansı bir xəbər, informasiya bu ölkədə hər kəsdə olduğu kimi, məndə də coşqunluq yaradır. Bu heyvanın adını çəkmək bəs edər ki, insan daxilinə xoş təbəssümlə nüfuz edə bilsin. Elə o sarıdandır ki, yəni eşşəkpərəstliyimizin bir nişanəsi olaraq, Molla Nəsrəddinlə möhürlü lətifələrimizdə mollanın eşşəyi lətif zəmisindən çıxmır. Eşşəyin bütün anqırtısı, atdığı şıllaq, daşıdığı yük, belindəki palan, başındakı noxta elə əsrlərdir, bu lətifələr içində eksponatlıqdan daha çox, canlı şəkildə yerini alıb hərəkətliliyini qoruyur. Gələk mətləbə. Dövlət Statistika Komitəsinin verdiyi bu ilin əvvəlindəki məlumata görə, ölkəmizdə, yurdumuzda 39992 eşşək siyahıya alınmışdır. Düz 8 eşşək çatışmaması sayəsində, ölkəmizidəki eşşəklərin sayısı 40 minə yetişməmişdir. Yoxsa 8 eşşək nədir ki, o da olsaymış, komitə yuvarlaq bir rəqəmlə də beyinlərə bu xəbərlə rahat müdaxilə edərdi. Nə isə, məsələ o deyil. Xəbərdə deyilir ki, son illər Azərbaycan xaricə, xaricdən də Azərbaycana bir dənə də olsun eşşək verilib alınmayıb. Yəni, bizim heç bir xalqın eşşəyinə ehtiyacımız olmadığı kimi, heç bir xalq da bizim eşşəyə ehtiyac hiss etmir. Amma, vaxt gələr bunu da edər. Hiss edər, ehtiyacları olar... Bizim özümüzün eşşəklərinə nə olub ki... Maşallah, ölkəmizin hansı dərəsinə, düzünə, dağına, çölünə, kənd-kəsəyinə ayaq bassanız, eşşəklər əlindən tərpənə bilməzsiniz. Hələ onların arabir başını yerdən üzüb anqırması, ... Bu başqa aləmdir.
Bir ara eşşəklərin soyqırımı başladığı haqqında dezinformasiya almışdım. Açığı çox üzülmüşdüm. Niyə, çünki məmləkətimizdə ən ucuz işçi qüvvəsi kimi, hələ də öz reputasiyasını qoruyub saxlayır eşşəklər. Hələ ermənilərlə savaş durumunda olmağımızdan bizə onların, eşşəklərin lazım olduğunu da unutmaq olmaz. Savaş ola, mina, minalanmış zonalar olmuya, bu gülünc doğurardı. Ancaq, eşşəklərin varlığı az da olsa, bu qorxu və təhlükəyə ümid işığını şəpləyir, yəni salır.
Eşşəklər barəsində, sizlər elə də pessimizmə qapılmayın. Onları aşağılayıcı baxışlarınızı hiss edirəm. Siz bir bəzi xalqların qədiminə, keçmişinə baxsanız, eşşəklərin hansı yuvanın quşu, hansı quşun lələyi, hansı lələyin yazısının pozusu olduğunu görərdiniz. Hətta, hansı ölkənin hansı partiyasında eşşək şəklini görüb şok keçirərdiniz.
İncildə Hz. İsanın mindiyi, Hz. İsanı belinə alıb el-el, oba-oba gəzdirən heyvan eşşək deyildimi? Ən qədim yunan Roma ədəbiyyat nümunələrindən biri eşşəklər haqqında deyilmi? Adı gedən xəbərin bir yerində isə,
“Eşşəklərdən daha çox Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Samux, Göygöl, Goranboy, Şəki, Astara, Lerik, Yardımlı, Cəlilabad, Xaçmaz, Sabirabad, Ağsu, Şamaxı, Şərur və Şahbuz rayonlarında istifadə edilir”- şəklində deyilməsi, xəbərin altında başqa mətləblərin gizlənməsi barədə təhlükəli məqamların da olduğu deyilirdi. Nə isə xəta çıxanda qəfil çıxır... Ehtiyatlı olun. Mirzə Cəlilin başına görmədinizmi, bir kənd nə oyunlar açdı? Hələ də o dava davam edir.
Ümumiyyətlə, məndən sizə nəsihət, harda eşşəklərlə bağlı söhbət düşdü, ehtiyatlı olun. Eşşək söhbəti danaları qurda verəndir. Eşşək söhbətinin altından şər-xəta gözləmədiyin anda, gözləmədiyin yerdən çıxır.
Heç bilmirəm, niyə yuxarıdakı sözümə demədiniz ki, eşşək hara, siyasət hara, eşşək hara, din, iman hara?
Eşşək hara, lətifə, folklor, nəhayət yazıçı hara? Baxma, bizim görmədiyimiz yerlərdən eşşəklərdən də çox nəslərə bağllar, tellər uzanıb gedir. Yəni, çox şeylərin ipucları da açıq-saçıq eşşəklik etməkdən çəkinmir.
Uzunqulaq bilirsiniz də niyə sevimlidir? Eşşəyin bir fəlsəfəsi var. Köləlik. O da qanmazlığı ucbatından yuvarlandığı çuxurdur. Nə qədər desən işləsin, yük daşısın. Öldür, vur, söy, döy sənə qarşı gəlməz. Başını aşağı salıb elə otlamağından, gəvşəməyindən qalmaz. Gəlin etiraf edək ki, hər kəs kölələrə qarşı böyük və yenilməz sevgiyə, ən azından istəyə sahibdir. (Zənginlər isə etiraf etsinlər ki, kölələrlə davranışlarında eşşəklərdən çox şey öyrəniblər. Yəni ki, Obamaların müəllimləri əslində altdan-altdan eşşəklərdir. Yoxsa, bayraq hara, eşşəyin simvola çevrilməsi hara....) Sən şirə, pələngə yaxın düşə bilərsənmi? Heç Hz. İsa şirin, pələngin belində dolaşıb xalqı Allaha səsləyə bilərdimi? Heç Molla Nəsrəddin şirlə, pələnglə, eşşəklə davrandığı kimi davrana bilərdimi? Heç Xudayar bəy eşşək yerinə şirin pələngin başına o oyunları gətirə bilərdimi? Gedin şükür edin ki, eşşəyə rast gəlmisiniz, şirə-pələngə yox.
Mənim eşşək romanım isə, 2005-ci ildən bu yana əlimdə qalıb. Çap etdirə bilmirəm...

Not: iki əbləhin söhbətindən.
Birinci : - Ə, yaxşı olardı ki, 8 eşşək də olardı...
İkinci: - Ə, nə dəxli var. Fakt odur ki, bu qədər eşşəyimiz var ölkəmizdə
- Məncə bu azdır....
- Bizə bu da çoxdur.
- Mən istərdim ki, qəzetlərdə açıqlanan rəqəm 40 min olardı...
- Nə dəxli var. Olmasın səkkiz eşşək.
- Yox 8 eşşəyin çatışmaması, ölkədə eşşəklərin azlığından və azlıq təşkil etdiyindən xəbər verir.
- 8 eşşək də olsaydı, demək istəyirsən ki, ölkədə eşşəklərin göstəriciliyi çox olacaqdı?
- Məncə, düz düşünmək istəyirsən.
- Məntiqin olduqca xarabdır. 8 eşşəklə bir ölkə çapında azlıq, çoxluq müəyyən edilə bilməz.
- Bəs yaxşı ölkəmizdə bütün eşşəklər qırılsaydı, cəmi-cümlətanı 8 eşşək tapılsaydı, yəni qeydə alınsaydı, o zaman demək olardımı ki, bu ölkədə eşşək var. Bu ölkə eşşəklərə də yer verib qoynunda.
- 1 eşşək də olsa, demək mümkündür. 8 eşşək bilirsən nə deməkdir? Çünki bu günün 8 eşşəyi, sabahın 16-20 eşşəyidir.
- Elə isə, uduzdun mənə, aşna, sən qəbul elə ki, 8 eşşək çatmadığı üçün ölkəmizdə eşşəklər azlıq təşkil edir. Bilirsən insan yuvarlaq rəqəmlərdə doyur, dayanır durur. Burdaca sən də dayan dur...

Baxış sayı: 588