Elm-təhsil
01.10.2019 / 12:30

MEK beynəlxalq konfransda kitabxanada vikipediya fəaliyyətinə dair unikal təcrübəni təqdim edib

MEK beynəlxalq konfransda kitabxanada vikipediya fəaliyyətinə dair unikal təcrübəni təqdim edibAzərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Leyla İmanova VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində keçirilən “Kitabxanalar mobil informasiya mərkəzi kimi” adlı Beynəlxalq Elmi-Praktiki konfransda ““İnformasiya təhlükəsizliyinin təmin olunmasında “Kitabxanada açıq ensiklopedik resurslar (Vikipediya)” modelinin tətbiqi” adlı məruzə ilə çıxış edib.

MEK-nın İctimaiyyətlə əlaqələr bölməsindən İnform.az-a verilən məlumata görə, Leyla İmanova çıxışında Vikipediyanın əsas informasiya axtarış sistemlərinin məlumat sorğusunun çevik cavablandırması və vikipediyanın informasiya müharibəsində Azərbaycanın zəif nöqtəsi olması səbəblərindən MEK-in 2015-2019-cu illər üçün nəzərdə tutulmuş strategiyasının əsas hədəflərindən birinə çevrilməsindən danışıb.

Bildirib ki, göstərilən strateji hədəfə çatmaq üçün 2015-ci ildə MEK strukturunda Sərbəst Ensiklopedik Resurslar şöbəsi və şöbənin nəzdində “Vikipediya metodik mərkəzi” yaradıldı, “Azərbaycan Vikipediyasının işlək modeli” tərtib edildi və tətbiq edildi, Youtube sosial şəbəkəsində “Vikipediada məqalələrin yaradılması” mövzusunda Azərbaycan dilində video-təlimatlar yerləşdirildi, Viki-qaydalar ingilis dilindən Azərbaycan dilinə tərcümə edildi və istifadəyə verildi, Facebook sosial şəbəkəsində “Qorqud” viki-qrupu yaradıldı, AMEA və kənar müəssisələrə, ali məktəblərin müəllim və tələbə heyətinə küllü sayda təlimlər keçirildi.

Nəticədə 4 il ərzində Azərbaycan Vikipediyası məqalələrin sayına görə 150000 səddi aşdı və 62-ci pillədən 51-ci pilləyə irəlilədi, məqalələrin dərinliyi 32-yə, fəal istifadəçilərin sayı 548-ə çatdı, bu göstəricilərin cəmi isə Azərbaycan haqda məlumatların daha dolğun və akademik tərzdə internet istifadəçilərinin ixtiyarına verilməsinə gətirib çıxardı. Leyla İmanova qeyd etdi ki, MEK Vikipediya metodik mərkəzinin viki-könüllüləri tərəfindən dünyanın müxtəlif dillərində - ingilis, alman, fransız, ispan. ərəb, fars, türk, çex, gürcü, ukrayna və başqa – Azərbaycan tarixi və mədəniyyətinə dair viki-məqalələr hazırlanıb və yerləşdirilib, bu işdə “Şəms” tərcumə mərkəzinin və MEK əməkdaşlarının rolunu xüsusi vurğulayıb.

Mərkəzi Elmi Kitabxananın direktoru viki-hərəkatının Azərbaycanın ali məktəblərində də başlamasını, Milli Aviasiya Akademiyasında Viki-mərkəzin yaradılmasını, Azərbaycan İlahiyyat İnstitutunda və Bakı Dövlət Universitetində viki-mərkəzlərin yaradılması üzrə aparılan işləri xüsusi qeyd edib.

Yekunda Berlin Humbolt Universitetinin professoru, Kitabxana-İnformasiya mərkəzinin direktoru, İFLA-nın 12 il ərzində sədri olmuş xanım Klaudia Luksun MEK-in vikipedia fəaliyyətinə dair söylədiyi fikirlər iştirakçıların diqqətinə çatdırılıb: “Məkəzi Elmi Kitabxananın yaratdığı vikipediyanın işlək modeli və alqoritmi çox önəmli bir nailiyyətdir və mən elə bir kitabxana tanımıram ki əvvəllər bunu etmiş olsun. Hesab edirəm ki, MEK bu işin zirvəsindədir. MEK bir kitabxana kimi yalnız biliklərin toplanılması deyil, həmçinin yeni biliklərin istehsalı ilə də məşğuldur. Bu mənim növbəti çıxışlarımda istənilən yerdə haqqında bəhs edəcəyim mükəmməl nümunədir”.


İnform.az

Baxış sayı: 90