Baş xəbər, Hüquq
01.10.2019 / 01:50

"Bir sıra cinayət növlərinin sayı ötən illə müqayisədə azalıb"- Zakir Qaralov

"Bir sıra cinayət növlərinin sayı ötən illə müqayisədə azalıb"-"Prokurorluq orqanlarının daxili işlər, ədliyyə, dövlət təhlükəsizliyi və məhkəmə orqanları ilə əlaqəli şəkildə birgə fəaliyyətinin nəticəsi olaraq ölkədə dayanıqlı ictimai-siyasi sabitlik qorunaraq dövlət maraqlarının müdafiəsi, cinayətkarlığa qarşı qətiyyətli mübarizə aparılmaqla kriminogen durumun stabilliyi və bütün mənfi təzahürlərin qarşısının alınması təmin edilir".

İnform.az "Report"-a istinadən bildirir ki, bu fikirlər Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun "Azərbaycan" qəzetində dərs edilmiş məqaləsində yer alıb.

Baş prokuror bildirib ki, görülmüş səmərəli birgə tədbirlərin nəticəsi olaraq cinayətkarlığın dinamikasında və xarakterində müsbət cəhətlər möhkəmlənib, cari ilin birinci yarımilində qeydə alınmış bir sıra cinayət növlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

"Əvvəlki illərdə bağlı qalmış ağır və xüsusilə ağır cinayətlərin, qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətlərinin açılması istiqamətində görülən məqsədyönlü intensiv istintaq tədbirləri, Baş Prokurorluqda bu işlərə rəhbərliyi həyata keçirən idarənin zona prokurorlarının yerlərə ezam olunaraq istintaqın planlaşdırılmasında və təşkilində əməli kömək göstərmələri sayəsində cari ilin birinci yarımilinin göstəriciləri ötən ilin müvafiq dövrünə nisbətən xeyli artıb", - deyə baş prokuror bildirib.

Z.Qaralov qeyd edib ki, korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanlarına inamın artmasının nəticəsi olaraq ötən ilin peşə bayramından hazırkı dövrədək olan müddətdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vətəndaşların 8118 müraciəti daxil olub: "Onlar "Qaynar xətt” əlaqə mərkəzi üzrə müraciətlərin 3302-si nəzarətdə saxlanılmaqla aidiyyətı üzrə nazirlik, komitə və təşkilatlara göndərilmiş, 117-si prokurorluğun müvafiq struktur qurumlarında, 217-si isə Baş İdarədə araşdırılmış, korrupsiya ilə əlaqədar olmayan məsələlərlə bağlı 46 müraciət üzrə vətəndaşlara hüquqları izah edilib. Həmin müraciətlərin 27-si üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılmışdır. Həmçinin əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa olunmuş və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar göndərilmişdir".


İnform.az

Baxış sayı: 109