Elm-təhsil
25.05.2019 / 15:00

ADNSU-da VI Məzun-Karyera Sərgisi keçirilib/ FOTO

ADNSU-da VI Məzun-Karyera Sərgisi keçirilib/
Mayın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) VI Məzun-Karyera sərgisi keçirilib.

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, millət vəkili Aydın Mirzəzadə, “XXI əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri Etibar Əliyev, “Azİİ məzunları” İB-nin sədri Hacı Nuran Hüseynov,Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban, həmçinin universitetin professor-müəllim heyəti, tələbə və məzunlar iştirak ediblər.

Universitetin ictimaiyyətlə əlaqələr və marketinq şöbəsindən İnform.az-a verilən məlumata görə, sərgidə 84 şirkət ADNSU-nun tələbə və məzunlarına ümumilikdə 591 vakansiya üzrə iş yerləri, eyni zamanda 262 təcrübə yeri təklif edib. Sərgidə Energetika Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, SOCAR, Qida Təhlükəsizliyi Agentliyi, Azərsu ASC, Azərenerji, SOCAR Polymer, Schlumberger və digər dövlət və özəl şirkətlər iştirak edib. 2000-dək tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb.

Sərginin açılış mərasimində çıxış edən rektor, professor Mustafa Babanlı artıq altıncı dəfə keçirilən Məzun-Karyera sərgilərinin universitet və tələbələr üçün olduqca mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Ali məktəb və şirkətlər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsində bu cür sərgilərin mühüm əhəmiyyət kəsb etdiyini deyən rektor Mustafa Babanlı artıq 3 ildir ki, ADNSU-da Məzun-Karyera Mərkəzinin fəaliyyət göstərdiyini və Mərkəzin sərginin təşkili ilə yanaşı yuxarı kurs tələbələri üçün müntəzəm təlimlər təşkil etdiyini vurğulayıb.

İnkişaf edən Azərbaycan iqtisadiyyatı və sənayesinin tələbatlarına cavab verən peşəkar kadr hazırlığı üçün ali məktəb-müəssisə formatında əməkdaşlığın həlledici amillərdən biri olduğunu qeyd edən rektor ADNSU-nun beynəlxalq standartlara cavab verən universitet olmağı hədəflədiyini bildirib.

Tədbirdə çıxış edən millət vəkili Aydın Mirzəzadə ölkənin ən qocaman ali təhsil müəssisələrindən birində bu cür sərginin keçirilməsinin önəmindən danışıb. Məzun-Karyera Sərgisi vasitəsi ilə gənclərin şirkətlərlə əlaqələrinin yaradıldığını, onların işlə təmin olunmasına köməklik göstərildiyini bildirən Aydın Mirzəzadə bu kimi tədbirlərin davamlı olacağına inandığını qeyd edib.

“XXI əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri, təhsil eksperti Etibar Əliyev ali təhsil müəssisələrində keçirilən karyera sərgilərinin tələbələrin işlə təmin olunması ilə yanaşı onların gələcəkdə keçəcəkləri istehsalat təcrübəsi istiqamətlərini müəyyənləşdirməyə də kömək etdiyini bildirib. Təhsil eksperti, həmçinin sərginin tələbələrə mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq imkanı verdiyini qeyd edib.

Daha sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı və digər qonaqlar şirkətlərin stendləri ilə tanış olub. Şirkət nümayəndələri rektor M.Babanlıya təqdim etdikləri vakansiyalar, təcrübə proqramları barədə məlumat veriblər.

Saat 10:00-dan başlayan sərgi saat 12:00-dək davam edib.

ADNSU-da VI Məzun-Karyera Sərgisi keçirilib/



İnform.az

Baxış sayı: 70