Diaspora Akademiyası
20.05.2019 / 14:20

Nəsiminin 650 illiyi yubileyi Qırğızstanda yüksək səviyyədə qeyd edilib/ FOTO

Nəsiminin 650 illiyi yubileyi Qırğızstanda yüksək səviyyədə qeyd edilib/
May ayının 17-də Qırğızstanın Bişkek şəhərində Alıkul Osmonov adına Qırğızstan Milli kitabxanasının böyük salonunda İmadəddin Nəsiminin 650 illiyi yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

Səfirlikdən İnform.az-a verilən məlumata görə, Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Jamankulov, digər ali vəzifəli şəxslər, səfirlər, diplomatik korpusun məsul əməkdaşları, görkəmli ədəbiyyatçılar, QHT və KİV təmsilçilərinin iştirak etdiyi yubiley Azərbaycan Respublikasınının (AR) Mədəniyyət, Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm Nazirliklərinin, TÜRKSOY-un, AR-ın Qırğız Respublikasında Səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Öncə Qırğızstan Milli Kitabxanasının foyesində Azərbaycan Milli Kitabxanasının fondunda olan Nəsiminin əsərlərindən ibarət kitab sərgisinin açılışı olub.

Kitab sərgisinin açılışından sonra İmadəddin Nəsimi haqqında qısa sənədli film nümayiş etdirilib.

Nazir Azamat Jamankulov çıxış edərək böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi yubileyinə həsr olunmuş tədbirin keçirilməsinin əlamətdar hadisə olduğunu bildirib. Nəsiminin yaradıcılığının böyüklüyünü və bizim günlərdə də aktual olduğunu söylədi. Səfirliyin nazirliklə hər zaman sıx əməkdaşlıq etdiyindən məmnunluq ifadə etdi.

Azərbaycan Respublikasının Qırğızstan Respublikasında səfiri Hidayət Orucov qeyd etdi ki, məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə əlli il bundan öncə Nəsiminin 600 illiyi yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilib, ölməz əsərləri dünya dillərinə çevirilib. Həmin yubiley tədbirlərinin davamı olaraq 1979-cu ildə Bakının mərkəzində İmadəddin Nəsiminin möhtəşəm heykəli ucaldıldı, şair haqqında məşhur bədii film çəkildi. Məlumat verib ki, Ulu Öndərimizin laiqli davamçısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev İmadeddin Nəsiminin 650 illiyi yubileyi münasibətilə 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan edilməsi ilə bağlı tarixi Sərəncam imzalayıb.

TÜRKSOY-un nümayəndələri Kocogeldi Quliyev və Elçin Qafarlı çıxış edərək dahi sənətkar Nəsiminin əsərlərinin hələ sağlığında Azərbaycan, Yaxın Şərq, İraq, Kiçik Asiya və Suriyada, eləcə də Orta Asiyada geniş şöhrət tapdığını bildiriblər. Onun irsinin geniş araşdırılaraq tədqiq edilməsini və əsərlərinin türk xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmasını vacib olduğunu qeyd etdilər.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov İmadəddin Nəsiminin yaradıcılığı haqqında söhbət açaraq, şairin çox mürəkkəb və ziddiyyətli həyat yolu keçdiyini, Azərbaycan ədəbiyyatında ana dilində yaranan fəlsəfi şeirin əsasını qoyduğunu, XV əsrdən etibarən bütün türk ədəbiyyatına güclü təsir göstərdiyini, əsərlərinin əlyazma şəklində geniş yayılaraq, dünyanın bir sıra mötəbər kitabxanalarında saxlanıldığını söylədi.

Akademik Teymur Kərimli çıxış edərək XIV əsrin sonu, XV əsrin əvvəllərində yaşayıb-yaratmış böyük Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin ərəb, fars və türk dillərində humanist ruhlu əsərlər qələmə alan ən böyük sənətkarlardan biri, ana dilimizdə yazan ilk sənətkarlardan olduğunu diqqətə çatdırdı.

Sonra Qırğız-Rus Slavyan Universitetinin İranşünaslıq Mərkəzinin direktoru Məlahət Məmmədova, türk yazıçı-araşdırmaçı Kenan Çarboğa, qazax şairi Dauletbek Baytursunlu, başqırd şairi Tamara Yuldaşeva İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında söz açmış və onu türk xalqlarının böyük şairi adlandırmışlar.

Daha sonra səfir H.Orucov və nazir A.Jamankuklov TÜRKSOY tərəfindən xatirə hədiyyəsi ilə mükafatlandırıldı.

Bədii hissədə Nəsiminin şerləri müxtəlif dillərdə (başkir, rus, qazax, qırğız və s. ) oxundu, ecazkar Azərbaycan və qırğız musiqisi səsləndi.

Ertəsi gün Qırğızıstanın Bişkek şəhərindəki Manas Universitetində İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı daha bir tədbir keçirildi.

Manas Universitetinin rektoru professor Səbahəttin Balcı tədbiri açaraq vurğuladı, Nəsiminin ədəbi irsi dövrün dərin poetik fikirlərinin və fəlsəfi baxışlarının vəhdətini təşkil edir. Onun yaradıcılıq irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik türk ədəbiyyat tarixində xüsusi mərhələdir. Orta əsrlər türk poeziyasının humanizm ideyaları ilə zənginləşməsində və yeni məzmun kəsb etməsində unudulmaz şairin xidmətləri ölçüyəgəlməzdir.

Səfir H.Orucov çıxışında türk dünyasının ortaq mədəniyyətinin və ədəbiyyatının təbliğində belə yubiley tədbirlərinin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyinə diqqət çəkərək, xüsusilə 71 illik sovet dönəmində qardaş xalqlarımızın ədəbiyyatından xəbərsiz olduqlarından indi bu işi çox sürətlə görməyin vacib olduğunu vurğuladı.

Tədbirdə Manas Universitetinin birinci prorektoru Asılbek Kulmurzayev çıxış edərək böyük Azərbaycan şairi İmadəddin Nəsimini bütün dövlərin ustad şairi olduğunu söylədi. Bildirib ki, şair o dövrün önəmli mədəniyyət mərkəzləri olan Azərbaycan, İran, Türkiyə, İraq, Suriya şəhərlərini gəzərək öz idayelarını bu bölgələrdə şeirləri vasitəsilə insanlara çatdırıb.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadlarından, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmiş mütəfəkkir şair olduğunu qeyd etdi.

TÜRKSOY-un nümayəndələri Kocogeldi Quliyev və Elçin Qafarlı çıxış edərək Nəsimi yaradıcılığının nəinki türk dünyasında, ümumiyyətlə, bəşəriyyət üçün dərin məna kəsb etdiyini qeyd etdilər. Vurğuladılar ki, Nəsiminin yaradıcılığı millətlər və xalqlar arasında təmas nöqtəsini təşkil edir.

Akademik Teymur Kərimli Nəsiminin yaradıcılığından söhbət açaraq qeyd etdi ki, klassik ədəbiyyatımızın başqa böyük nümayəndələri kimi, İmadəddin Nəsiminin də bəxti bu barədə məhz ona görə gətirdi ki, tarix Azərbaycana Heydər Əliyev kimi qədirşünas bir dühanı bəxş eləyib və bu dahi şəxsiyyət özü kimi dahiləri tarixin sükut buzundan qopararaq təkcə öz millətinə deyil, həm də bütün bəşəriyyətə xidmətə, insanlığın mədəni səviyyəsinin yüksəldilməsinə, mənəvi tərbiyəsinə cəlb edə bilib.

Nəsiminin 650 illiyi yubileyi Qırğızstanda yüksək səviyyədə qeyd edilib/


Nəsiminin 650 illiyi yubileyi Qırğızstanda yüksək səviyyədə qeyd edilib/


Nəsiminin 650 illiyi yubileyi Qırğızstanda yüksək səviyyədə qeyd edilib/


Nəsiminin 650 illiyi yubileyi Qırğızstanda yüksək səviyyədə qeyd edilib/



İnform.az

Manas Universitetinin professoru Layli Ukubayeva, Qırğız ədəbiyyatşünası dosent Karlıqaç Cumakatirova, türk yazıçı-araşdırmaçı Kenan Çarboğa, qazax şairi Sayat Kamşiger, başqırd şairi Tamara Yuldaşeva və başqaları Nəsimi yaradıcılığı haqqında geniş söhbət açdılar və onu türk xalqlarının böyük şairi adlandırdılar.

TÜRKSOY adından səfir H.Orucova və rektor S.Balçıya xatirə medalı təqdim olundu.

Tədbirin sonunda səfir H.Oruocv yekun sözü olaraq bütün iştirakçılara, xüsusilə TÜRKSOY-un nümayəndələrinə və Manas Universitetinin rəhbərliyinə öz təşəkkürünü bildirdi.

Baxış sayı: 208