Elm-təhsil
04.02.2019 / 11:40

Yüksək Texnologiyalar Parkı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlıq əlaqələri qurulur/ FOTO

Yüksək Texnologiyalar Parkı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlıq əlaqələri qurulur/
AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov və həmin müəssisənin infrastruktur üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Elxan Bayramov Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində olublar.

Parkın Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit siyasəti, ekoloji vəziyyətin təhlili və qiymətləndirilməsi şöbəsindən Mehman Nəbiyev, Xidmət sahələrinin təşkili şöbəsindən Zamin Orucov, Nəqliyyat departamentinin müdiri Fizuli Babayev, eləcə də Ətraf mühit və sərvətlərin tənzimlənməsi şöbəsindən Mirsalam Qənbərov iştirak ediblər.

Görüş çərçivəsində iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov rəhbərlik etdiyi müəssisədə istehsal edilən sənaye və sürtkü yağları, həmçinin beynəlxalq akkreditasiyadan keçmiş AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzinin fəaliyyəti barədə məlumat verib.

Alim bildirib ki, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılması rəhbəri olduğu qurumun əsas hədəflərindəndir.

Görüşdə YT Parkda istehsal olunan yağ və sürtkü məhsullarının dövlət satınalınması məsələləri barədə müzakirələr aparılıb.

YT Parkda iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması məqsədilə həyata keçirilən innovativ layihələr Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının böyük marağına səbəb olub.

Yaxın gələcəkdə nazirlikdən olan nümayəndə heyətinin tanışlıq məqsədilə bu quruma səfərinin təşkili ilə bağlı qərar qəbul edilib.

Sonda YT Park ilə nazirlik arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb, birgə layihələrin həyata keçirilməsinin hər iki qurumun inkişafına müsbət təsir edəcəyi vurğulanıb.

Yüksək Texnologiyalar Parkı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlıq əlaqələri qurulur/



İnform.az


Baxış sayı: 71