Ədəbiyyat
04.02.2019 / 12:00

Xəyallarımın qadını

Xəyallarımın qadını
Xalidə Xalid


HEKAYƏ


Əvvəli burada:http://inform.az/index.php?newsid=38433

Qız Kənana yaxınlaşıb:
- Aşkım, deyəsən darıxmamısan mənim üçün?
Qız yaxınlaşıb onu öpmək istəyəndə Kənan–Leyla, bizim aramızda hər şey çoxdan bitib, çıx get-deyib qapını açdı.
- Anlamadım, bu ola bilməz. Mən sənsiz, sənsə mənsiz yaşaya bilməzsən.
- Bitdi, get dedim, səni görmək istəmirəm, get məni sakit burax...
Leyla isə Kənana sarılaraq yalvarır, hönkürərək ağlayırdı...
- Get dedim, elə etmə ki, zorla çıxarım səni bu evdən. Get və bir də məni axtarma. Leyla göz yaşlarını silib:
- Məni aldada bilməzsən bayaqkı qadın xidmətçi deyildi, yəqin yeni sevgilindi. Olsun, amma unutma bu sənə asan olmayacaq.
Kənan onun qolundan yapışıb:
- Kəs səsini, sən kimsən axı, mənimlə belə danışmağa cəsarət edirsən?
Sən mənimçün sadəcə ehtirasmı söndürəcək bir vasitə olmusan, səni heç vaxt sevməmişəm anladınmı? Bunlarımı eşitmək istəyirdin? Eşitdin, indi isə cəhənnəm ol - deyərək qızı qapıdan çölə itələdi. Qapını bağlayıb yuxarı qalxdı. Səlmanın telefonunu yığdı amma telefon söndürülmüşdü...
Səlma Cavid prospekti ilə aşağı üzü İçərişəhərə addımlayırdı... Ağlamırdı, gülümsəyirdi. Bu gülüşün içərisində nələr yox idi?
“Hə Səlma xanım, bu da son. Bu da sənin ömrü çox az olan xoşbəxt sevginin sonu. Demişdimmi sənə inanma, demişdimmi? Sənin üçün ölməyə hazır olan Nihadın xəyanətindən sonra bir daha güvənmə. Eşitmədin məni Səlma, eşitmədin. Ağlına yox, ürəyinin hisslərinə qul oldun yenə. Get, Səlma get. Tənha otağın, buz kimi divarlar, soyuq yatağın səni gözləyir get və bir daha arxaya baxma. Sil keçmişi bu günə kimi, sil. Sənə onları xatırladan heç nə saxlama. Və bu şəhərdən, bu məmləkətdən çıx get...”
Yola davam edə-edə mərhum Əli Kərimin bu misralarını pıçıldamağa başladı.
Həyat yollarıma qar ələyibdir,
Dözmüşəm, mənimki dözümdən gəlib.
Həyat məni elə silkələyibdir,
Bütün verdikləri gözümdən gəlib…
Kənan evdə qərar tuta bilmədi, Səlmagilə gəldi, amma qapını açan olmadı. Səlma evdə idi, amma bu qapı bir də Kənanın üzünə açılmayacaqdı...
İçəridən musiqi səsi gəlirdi
Məni axtar darıxanda
Gözlərin yaşla dolanda...
Kənan kor-peşman aşağı endi, xeyli dayanıb pəncərəyə baxdı. Onu görə bilmədi...
Maşına oturub sürətlə oradan uzaqlaşdı. Səlma isə pərdə arxasından maşının arxasınca baxaraq:
- Get, Kənan, get, yolun açıq olsun. Xəyallarının qadını artıq xəyal oldu.
Kənan ondan ayrılandan sonra evə gəldi. Möhkəm yağış yağırdı, sanki göz üzü də bu ayrlığa yas saxlayır, hönkürtüylə ağlayırdı.
Bir şüşə arağı qarşısına qoyan Kənan:
- Sən məni tərk edə bilməzsən, mələyim, sən mənim xəyallarımın qadınısan-deyib içməyə başladı.
Sərxoş olub haldan düşüncəyə qədər içdi. Elə divandaca yuxuya getdi. Yuxudan oyananda artıq səhər saat on iki idi.
Gicgahlarındakı kəskin ağrının təsirindən başını yataqdan qaldıra bilmirdi. Çətinliklə də olsa ayağa qalxdı, mətbəxə keçdi, dərman dolabçasını açıb ağrıkəsici axtardı, tapdı. Tələsik içib vanna otağına keçdi. Soyuq duş aldı. Bir az sakitləşdiyini hiss etdi. Geyinib evdən çıxdı.
Nə edəcəyinə, hara gedəcəyinə qərar verə bilmirdi.
Özündən ixtiyarsız maşının istiqamətini Dənizkənarı parka çevirdi...
Səlmanı burda axtarmağa başladı... Tapmadı...
Beləcə gecədən keçənədək kor-peşman maşınla küçələri, Səlmayla gəzdiyi yerləri dolaşdı...
Evə gələndə, artıq saat beş idi...Əynini dəyişmədən divana uzandı...
Nə vaxt yuxuya getidyindən xəbəri olmadı...Yuxudan ayılanda ilk əlinə telefonu alıb Səlmanı yığdı.
Telefonun o biri başından gələn "Bu nömrəyə zəng çatmır, telefon ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir"deyən səs onun ümidlərinin daşa dəydiyinə işarə idi.
Duş alıb, geyinib, yemək yemədən evdən çıxdı.
Maşını hərəkətə gətirib, Səlmanın iş yerinə sarı istiqamət götürdü.
Yolboyu onunla baş-başa qalan Ferhat Köçərin ifasında “Ayrılsak ölürüz biz” mahnısı oldu. Kənan Səlmanın onu tərk edə biləcəyinə inana bilmirdi.
Kənan universitetin qarşısına nə vaxt çatdığını bilmədi. Səlmanın çalışdığı tarix fakültəsinin yerləşdiyi mərtəbəyə qalxdı. Dekanlığa yaxınlaşdı, qapı açıq idi. İçəridən ara-sıra səslər eşidilirdi. İçəri girib salam verdi.
- Bağışlayın Səlma xanımı görmək istəyirəm.
Qarşısında bilgisayar olan qızlardan biri:
- Adınız nədir?-deyə soruşdu.
- Kənan.
- Kənan bəy, Səlma xanım işdən ayrıldı və bu gün Azərbaycanı tərk edir. Sizə isə bunu çatdırmağımı rica etdi.
Qız əlindəki zərfi Kənana uzatdı.
Kənanın əlləri əsirdi. İçində kiçik bir kağız parçasına bu sözlər yazılmışdı.
“Xəyallarının qadınını artıq xəyallarda axtar, Kənan.”
Kənan özündən ixtiyarsız pıçıldadı.
- Hara, hara, nə vaxt gedir?
- Getdiyi ölkəni demədi.
Kənan carəsiz və yalvarıcı baxışlarıyla qıza baxdı. Bu baxışlar ondan Səlmanın hara getdiyini öyrənmək istəyirdi. Qızsa gözlərini Kənanın baxışlarından yayındırmağa çalışırdı.
Əslində Səlma heç yerə getməmişdi, Kənan onu axtarmasın deyə, dekanlıqdakı laborant qıza belə deməsini tapşırmışdı.
- Sağ olun,-deyib otaqdan çıxdı.
Ayaqları titrəyidi. Pillələri enə bilmirdi.
Taqətsiz halda pilləkənə oturub, dizlərini qucaqlayaraq:
"Dəniz gözlüm, sən niyə məni sonadək dinləmədən getdin. Mən səninlə xoşbəxt idim. Məni tək qoymağa haqqın yoxdu..."-hıçqıraraq pıçıldadı.
Səlma isə gözlərini pəncərədən sonsuzluğa dikərək öz-özünə bunları deyirdi:

Xəyallarımın qadını

“Əlvida Kənan, sənin fərqli olduğunu düşünüb, sənin oldum. Amma sən demə kişilər heç vaxt fərqli olmurlar. Hamınızda qadınları əzə biləcək tək oxşar xüsusiyyət var-YALAN!..
Biz sadəlövh qadınlarsa sizin bu yalanınızı bal kimi, şəkər kimi qəbul edib, doğru sanırıq...
Sən də mənə yalan dedin, yalan...Əlvida, Kənan, xoşbəxt ol!"
Onların ayrıldığı gündən artıq illər keçmişdi. Səlma Universitetdən, müəllim peşəsindən ayrılmış, özünə yeni iş qurmuşdu.
"Yalan qurbanları" adlı sığınacağa rəhbərlik edirdi. Bu sığınacaq sevdikləri, ərləri tərəfindən aldadılan, əzilən, atılan qadınların sığınacağı, ümid yeri idi.
Bu gün nədənsə Səlmanın içində qəribə bir hiss cövlan edirdi.
İş otağındakı bilgisayarın qarşısına keçib, saytlara nəzər salmağa başladı.
Ayrıldıqları gündən bəri Kənanın imzasına heç yerdə rast gəlməmişdi.
"Yəqin ayrılıb qələmdən, mənə acıq verdiyini zənn edir..."-deyə düşünmüşdü.
Birdən...Birdən məşhur saytların birində "Tanınmış jurnalist Kənan Rəsulzadənin son məktubu"adlı yazıya gözü sataşdı.
Tələsik həmin xəbəri acgözlüklə oxumağa başladı:
"Hamımızın yaxşı tanıdığı, istedadlı qələm sahibi, jurnalist Kənan Rəsulzadənin maşın qəzasında ölümdən sonra, bir məktubu üzə çıxıb. Həmin məktubu təqdim edirik:
"Səlma, dəniz gözlüm salam. Bəlkə də bu məktub sənə çatanda mən həyatda olmaram. Çünki mən səni həqiqətən dəlicəsinə sevdim. Sən mənim hər şeyim idin.Keçmişdə yaşadığım səhvimi etiraf etməyimə belə imkan vermədin, məni dinləmədin.
Səndən sonra bir kəlmə yaza bilmədim. Özümü ölümə hazırladım. Amma hər gün səndən bir xəbər alacağımı düşünərək yaşadım.
Can dostum araq və siqaret oldu. Öləcəyimi bilirəm, amma nə vaxt və necə öləcəyimi Uca Rəbbim bilir...Son olaraq bir daha demək istəyirəm:
Səni çox sevdim, dəniz gözlüm.!
Qeyd: Nəzərinizə çatdırırıq ki, Kənan Rəsulzadə iki ay öncə idarə etdiyi BMW-720 markalı avtomobili ilə qəza keçirərək həyatını itirib."
Səlma donmuşdu, barmaqlarını klavyaturadan çəkə bilmirdi. Sanki barmaqları hərflərə pərçimlənmişdi.
"İki ay öncə...İki ay öncə...Ola bilməz, mən niyə bilmirəm, hə niyəəə?"-
Səlma birdən dəli kimi "Kənan, Kənanım, hardasan? Məni bağışla..."-deyə qışqırmağa başladı.
Onun səsinə sığınacağda olan hər kəs qapısının qarşısına yığışmışdı.
"Gəl Kənanım, bax dəniz gözlün peşmandı, bax gəl, gəl daha sənə canımdan artıq inanacağam. Nə olur, təki sən qayıt!"
Səlmanın köməkçisi Rəşad qapını açanda onu yerdə diz üstə çöküb, gözünü bir nöqtəyə zillədiyini gördü.
-Səlma xanım...
-Rəşad,ay Rəşad.Mən çox pis insanam bilirsən? Mən onu-Kənanımı dinləmədim, onun saf sevgisinə inanmadım. Bundan sonra mən bu vicdan əzabiyla necə yaşayacağam, hə necə?
-Səlma xanım, qalxın. Siz günahkar deyilsiniz. Qismət. Ömrü bu qədərmiş. Əzrayıl adını heç vaxt günahkar çıxarmır ki-deyə Rəşad onun qolundan tutub qaldırdı.
-Rəşad təcili araşdır, Kənanın harda dəfn olunduğunu öyrən. Mən gedib ondan üzr istəməliyəm. Anladınmı?
-Oldu, Səlma xanım bu dəqiqə dəqiqləşdirib, sizə məlumat verərəm.
Günün sonunda Rəşad Kənanın harda dəfn olunduğunu öyrənib, Səlmanı onun məzarını ziyarətə apardı.
Məzarın kənarında qara eynəkli, cüssəli bir kişi oturmuşdu. Səlmanı görüncə başını qaldırmadan-Gəldin Səlma xanım? İndi niyə gəldin ki?
Üzr istəməyəmi gəldin? Qardaşım, dostum, canım sənin hesabına, sənin səbrsiz qərarının ucbatından burda yatır.
Qəfildən qalxıb Səlmanın əlindən yapışaraq-Gəl, gəl bax bu sözlərə, bax son sözünü sənə necə deyir?-deyə onu Kənanın başdaşına sarı dartdı.
Səlma başını qaldıranda Kənanla göz-gözə gəldi...
Başdaşındakı şəkil Səlmanı Kənana aşıq edən həmin şəkil idi-facebookdakı şəkil.
Kənanın ölüm xəbərini eşitdiyi andan göz yaşlarına yoldaş olan Səlma başdaşına yazılan şeir parçasını oxumağa başladı:
Bir gün göz yaşını məndən gizlədib,
Ağlaya-ağlaya gəlsən görüşə.
Onda görərsən ki, yüz il gözləyib,
Sənin həsrətinlə şəkilləşmişəm...
Bu misralar ona tanış idi-Söhrab Tahirin şeirindən parça idi.
Kənan bilirdi Səlma bu parçanı çox sevir...
"Offf, Kənan, offf.Yoxluğunla da məni təəccübləndirməyi bacardın..."-Səlma hönkürtü vurdu.
-İndi ağlasan da, sızlasan da nə xeyri var ki? Kənanı qaytara biləcəkksənmi? Bu şeir parçasını yazıb, bu gün mətbuatda yayınlanan məktubun yanına qoymuşdu. Eşidirsənmi, hə səninləyəm?
Altında da belə yazmışdı: "Məndən sonra başdaşıma mütləq bu parçanı yazdırın..."-həmin adam sözünü bitirib yenidən məzarın qarşısına çökdü.
Səlma onu indi xatırladı, Kənanın ən yaxın və güvəndiyi dostu Rüstəm idi.
Səlmaya onun haqqında danışmışdı. Hətta bir dəfə üçlükdə görüşmüşdülər də.
-Xahiş edirəm, Rüstəm müəllim.Məni tək buraxın. Son dəfə mənim onunla baş-başa qalmağıma icazə verin.-deyib Kənanın başdaşını oxşamaq istəyirdi ki, birdən birdən dəliyə döndü:
-Anlamadım, İlkinSəmədzadə? İlkin, niyə İlkin? Niyə Kənan yox?
- Bəli İlkin Səmədzadə İmkan vermədin ki, o hər şeyi sizə açıqlasın, qoymadınız ki...
Kənanın hər addımda səni təəccübləndirməsi, ayağının ölçüsünə kimi bilməsi, keçmiş sevgilin Nihadı belə tanıması bilirsənmi hardan qaynaqlanırdı? Yox, hardan biləcəksən ki? Kənan sənin bütün həyatını araşdırmışdı. Kənanı jurnalist kimi tanıyırdın, amma Kənan həm də güc strukturlarından birinin əməkdaşi idi.
Kənan Rəsulzadə- o, mətbuatda bu imza ilə yazırdı.
Həmçinin tanınmış, iş adamı Səməd Səmədzadənin tək övladı idi.
İmkan vermədin ki, bütün bunları özü sənə desin. Tələsdin, yaman tələsdin Səlma... Sən bir ailənin ocağını söndürdün. Bir insanın qəsdinə durdun, öz inadınla.
Rüstəm sözünü bitirib onlardan uzaqlaşırdı ki, Səlma üzünü Rəşada tutub:
-Rəşad sən də get. Xahiş edirəm, məni Kənanımla tək buraxın.
Rəşad da Rüstəmlə birlikdə məzarlıqdan ayrıldı.
Səlma isə Kənanın soyuqdaşdan boylanan şəklini tumarlayaraq:
-Hə, mənim dəli sevdam,gəldim.Amma yanına xəcalətli gəldim. Çünki səni dinləməyə cəsarətim çatmadı. Səni də Nihad kimi xəyanətkar zənn etdim.
Bağışla məni, ömrüm, baqışla. Niyə mənə hər şeyi vaxtında demədin niyə?
Məni vicdan əzabıyla və əbədi sənziliklə baş-başa qoydun...Bundan sonra yaşamağımın mənası varmı?
Çünki səndən ayrı olduğum illəri bir gün yenidən görüşəcəyimizə ümid edərək yaşadım.
Bura qədərmiş ümidimin yaşı... Əlvida Kənanım, bu dünyada səni dinləmədim. Bax yanına gəlib, səni yaxşıca dinlərəm.
Səlma düz üstə çöküb:
-Bağışlaaaa məniii KƏNANIMMMM!-deyə pıçıldadı və çantasında həmişə üzərində gəzdirdiyi manikür alətləri olan qutunu axtarmağa başladı. Tapdı və içindən kiçik dınaq qayçısını çıxardı.
-Hə ömrüm, mən elə bir günah sahibiyəm ki, bundan sonra bu acıyla, bu günahla yaşaya bilmərəm. Mən öz inadımın hesabına bir ailəni övladsız, bir gənci nakam qoydum. Onsuz da varlğımla, yoxluğumun n mənası vardı ki...Ana yox, ata yox, bacı yox, qardaş yox...
Ardımca kim ağlayacaq ki, itirəcək nəyim var?..
Nihadın mənə yaşatdıqlarından sonra, sənin sevginə də şübhəylə yanaşdım.
Məni bu qədər sevdiyinə inanmadım.
Səninlə bu dünyada xoşbəxt ola bilmədik, Kənanım.
Sənə İlkin deyə bilmirəm , çünki səni Kənan olaraq sevdim.
Gəlirəm yanına, bax orda mütləq xoşbəxt olacayıq, mütləq...
Səlma qayçını qoluna yaxılaşdırıb, damarlarını kəsməyə başladı. Çox da rahat edirdi bu işi. Sanki canı incimirdi.
Qanı axdıqca haldan düşən Səlma başını Kənanın məzarına qoyaraq son dəfə pıçıldadı:
-Kənanım, aç qollarını, dəniz gözlün gəlir...Səni dinləməyə gəlir...
Hadisədən uzun illər keçsə də, bu qoşa məzarın üstündən heç vaxt tər çiçəklər əskik olmurdu.
Bu qoşa məzar Kənan- Səlma sevgisinin son ünvanı, sevgililərin isə ziyarətgahı idi...

Xəyallarımın qadını



SON

14.04.2014

Baxış sayı: 192