Hüquq
01.02.2019 / 10:15

Məqsəd sərnişinlərin təhlükəsizliyidir/ FOTO

Məqsəd sərnişinlərin təhlükəsizliyidir/
Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin edilməsi, ictimai nəqliyyat sahəsində nizam-intizamın yaradılması ilə bağlı rayon avtovağzalında sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılar və sürücülərlə maariləndirici görüş keçirilib, həmçinin qanunsuz sərnişindaşımanın qarşısını almaq, bu sahədə kobud qayda pozuntularını aşkarlamaq məqsədilə reyd təşkil edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan İnform.az-a verilən məlumata görə, görüşdə sərnişindaşıma ilə məşğul olan sürücülərə riayət etməli olduqları Yol Hərəkəti Qaydaları, iş və istirahət rejimi, həmçinin qanunvericiliyin digər tələbləri barədə məlumatlar verilib. Bütün bu qaydaların sərnişinlərin təhlükəsiz şəkildə mənzil başına çatdırılmaları və bədbəxt hadisələrin baş verməməsi üçün nəzərədə tutulduğu diqqətə çatdırılıb. Görüş zamanı sürücülərin ünvanladığı suallar da ətraflı şəkildə cavablandırılıb.

Bundan əlavə Astara RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən sözügedən sahədə yol verilmiş qayda pozuntularının aşkarlanması məqsədilə reyd təşkil edilib. Reyd zamanı müəyyən edilmiş texniki baxışdan keçməyən, əlavə avadanlıqlar quraşdırılmış, sərnişindaşıma qaydalarını pozan, eləcə də qeyd olunmuş nəqliyyat vasitələrini idarə etmək üçün müvafiq kateqoriyası olmayan ümumilikdə 10 nəfər sürücü müəyyən edilərək barəsində qanunamüvafiq tədbirlər görülüb.

Sərnişindaşıma fəaliyyətilə məşğul olan, bu sahədə qayda pozuntularına yol verən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati tədbirlər bundan sonra da davam etdiriləcək.

Məqsəd sərnişinlərin təhlükəsizliyidir/


Məqsəd sərnişinlərin təhlükəsizliyidir/



İnform.az

Baxış sayı: 39