Ədəbiyyat
01.02.2019 / 12:00

Xəyallarımın qadını

Xəyallarımın qadını
Xalidə Xalid


HEKAYƏ


Əvvəli burada:
http://inform.az/index.php?newsid=38375

Səlmanın gözlərinə qaranlıq çökdü. O, Nihadın tez-tez karaokeyə getdiyini eşitmişdi.

Əslində Kənan karoekeyə getmək təklifini verəndə etiraz etmək istəmişdi, Kənanın yalnış düşünəcəyindən çəkinmişdi.
Nihadın başı yanındakı gözəlçəyə qarışdığından Səlmaya baxmırdı. Səlma sanki yuxudaydı, ayıldı. Mikrofonu Kənandan alıb:
“İçimdə xatıralar delik-deşik”, -demişdi ki, Nihad Səlmaya boylandı. Səlma sanki onu görmürmüş kimi ürəkdən oxuyur, Kənanın əlini buraxmırdı. Kənan da bu anın dəyərini bilirdi. Sevinirdi, çünki Səlma Nihadı gördüyü zamanlar ilk dəfə idi ki, belə biganəlik göstərirdi.
Nihad özündən asılı olmayaraq səhnəyə yaxınlaşmışdı. Kənan çıxılmaz durumda idi.
Səlma Nihadı görməzdən gəlir, şövqlə mahnısını oxuyurdu.
Nihad səhnəyə qalxdı. Mikrofonu Səlmadan alıb “Bizimkisi bir aşk hikayesi” mahnısını oxumağa başladı ki, Kənanın ona vurduğu yumruq hər şeyi yarımçıq saxladı.
Səlma sanki heç nə olmamış kimi sakitcə onların arasına keçib, üzünü Kənana tutaraq:
- Əzizim, sənin əllərinə heyfin gəlmirmi, lazımsız sifətlərə vurursan? Gəl gedək, konsertin davamını istəmirəm.
Kənan sakitcə əlini Səlmanın boynuna dolamaq istəyirdi ki, “Ey, yalançı qəhrəman, dur görüm”, -deyən Nihadın səsini eşitdi. Geri çevriləndə üzünə dəyən qəfil zərbədən gözləri qaraldı, müvazinətini itirib yıxıldı. Nihad qartal kimi onun üstünə şığıdı, dizini sinəsinə dayayıb böğazından yapışaraq: “Sən nə etmək istəyirsın, hə? Sən kimsən, kimsən ki, belə qoçuluq edirsən mənim qarşımda. Bilirsən başına nə oyun açaram? ” - demişdi ki, qulağının dibindən dəyən sillə onun əllərini boşaltdı. Geri çevrilmək istəyirdi ki, ikinci sillə dəydi.
- Şərəfsiz, sən də özünə kişi deyirsən, alçaq, ayağa qalx?! - deyib Səlma Nihadın köynəyindən tutub dartmağa başladı.
Qəribə idi, Nihad təzyiq göstərmirdi, rəngi avazımışdı. Ayağa qalxmaq istəyirdi ki, onunla olan qız yaxınlaşaraq qoluna girmək istədi. Nihad onu itələyərək Səlmaya:
- Qisas alırsan eləmi? Sənin ciyərini bilirəm, sən məndən başqa kimsəni sevə bilməzsən, necə ki, mən sevə bilmirəm.
- Ha, ha,ha, -Səlma qəhqəhə çəkərək,- ac toyuq yuxusunda darı görər. Səni sevmək yox eee, sənə nifrətimin həddi yoxdur. Sənə gününü keçirəcəyin bu keçilər lazımdır. Sən nə bilirsən axı əsl sevgi nədir? Əl çək məndən. Sənə nifrət edirəm. Anla, sən artıq mənim üçün yoxsan, yox.
Nihad susurdu, burada olan hər kəsin diqqəti onlara yönəlmişdi. Səlma Kənanın əlindən tutub çəkərək:
- Gəl, həyatım, gedək. Mən aciz və qorxaq adamcığazların olduğu yerdə qalmaram.
Nihadı sanki elektrik çarpmışdı. Donub qalmışdı. Kənan Səlmanın belini qucaqladı. Məkanı tərk etdilər.
Yol boyu kimsə dinmədi. Musiqi də yox idi. Bəlkə də belə daha yaxşı idi. Evə çatdılar.
Səlma: -Ömrüm, mən qalxıram evə, sən dondurma al, çoxluca, bir də tum “Çiko”, qara.
Kənan dodaqaltı:
- Oldu,-deyə mızıldandı.
- Hə, unutdum, bir də türk paxlavası, oldumu?
- Oldu.
Səlma paltarını dəyişib qonaq otağına keçdi, divanın qarşısındakı jurnal stoluna viski, şirniyyat düzdü. Şam qoydu. Əlləri əsirdi, Nihad gözlərinin önündən çəkilmirdi.
Az keçmədi ki, Kənan gəldi. Səlma onu öpüb əlindəki paketi alıb mətbəxə keçdi. Dondurmanı, paxlavanı xüsusi qablara qoydu, tumu da boşqaba tökdü. Podnosa yığıb otağa keçdi.
Kənan vanna otağından çıxdı, üzü gülmürdü...
- Mənim papoçkam çoxmu qasqabaqlı qayacax xə?-deyib Kənanı qucaqladı. Ömyüm, bəsdi də, bax aylıyım?
Kənan Səlmanın uşaq hərəkətlərinə hirslənsə də, özünü zorla saxladı.
- Yaççı çusmüsən mannan, oysun daxa mən də danışmayan, - deyərək paxlava götürüb üstünə dondurma qoydu və körpə uşaq kimi ağız burnunu bulaşdıraraq yeməyə başladı. Kənan Səlmanın bu hərəkətlərinə özünü saxlaya bilməyib güldü və: “Dəlim” - deyərək onu qucaqladı.
- Ömrüm, mənə düzünü de, sən gerçəkdənmi ona nifrət edirsən?
- Təbii, başqa cür olsaydı, indi sənin yanında olmazdım.
Səlma başını Kənanın sinəsinə söykəyərək:
- Qadan alem, biz bu morojneyi yeyejeyik, ya yox, eriyif suya dönejey ey, -ləhcə ilə dedi.
Kənan ona dəlicəsinə sarılıb, dodaqlarını, boynunu öpməyə başladı:
-Yeyəjəyik, ağrın aləm, -deyə gülərək onu təqlid etməyə başladı:
- Mənim dondurmam da, paxlavam da sənsən.
Ayağa qalxıb Səlmanı qucağına alıb fırlanmağa başladı.
- Mələyim, ömrüm, dondurmam, paxlavam, hər şeyim.
- Dəli, bəsdi, başım fırlanır, dur, -deyə Səlma Kənanı yumruqlamağa başladı,-dur, dur...
Kənan ona qulaq asmayıb yataq otağına keçərək onu yatağa uzatdı:
-Mən sənsiz ölərəm, gülüm. Məni tək qoyma.
Səlma da Kənanın nəvazişini cavabsız qoymadı. Kənanın dodaqlarını qaynar öpüşləri ilə isitməyə başladı. Kənan dəli olmuşdu, qızın bu ehtirası onu ondan almışdı. Kənan xoşbəxt idi. Səlma onun xəyallarının qadını idi...

Xəyallarımın qadını

Bütün cismi, ruhu ilə qıza təslim olmuşdu... Ehtirasdan alışan bədəni Səlmanın ixtiyarında idi.
Telefon zəngi onların xoşbəxt anlarını yarımçıq saxladı.
Kənan telefonu açanda:
- Kənanım, salam, haralardasan? Çox peşmanam, Kənan. Məni bağışla....
Telefonun o biri tərəfindən gələn qadın səsi hər şeyi alt-üst etdi...
Kənan özünü itirmişdi, rəngi avazımışdı, gözü Səlmada idi. Telefondakı qadınsa:
- Aşkım, yaman darıxmışam, yoldayam yanına gəlirəm,-dedi və telefonu söndürdü.
Səlma dizlərini qucaqlayıb Kənana baxırdı. Kənansa ona baxa bilmirdi, gözlərini ona zilləməkdən qorxurdu. Susurdular.
Kənan telefonu götürüb həmin nömrəni yığsa da, telefona cavab verən olmadı. Səlma sakitcə ayağa qalxıb vanna otağına keçdi. Xalatla dusun altına girdi. Soyuq suyu açdı. Başına tökülən buz kimi sudan diksindi. Duşun altına oturdu. Suyun soyuqluğunu daha hiss etmirdi,bütün bədəni keyimişdi. Qəribə idi, ağlamırdı. Sanki bəbəyindəki yaş damlası yerə düşməkdən qorxurdu.

Xəyallarımın qadını

Kənanın nə vaxt içəri girdiyini, ona yaxınlaşdığını hiss etmədi.
- Mələyim, məni bağışla, sənə onunla bağlı heç nə deməmişəm. Səni itirməkdən qorxdum. Onunla sadəcə elə-belə münasibətim olub.
Səlma isə susurdu. Kənan onu vannadan çıxarmaq istəyəndə:
- Mənə toxunma, xahiş edirəm, çıx və məni tək burax,-dedi.
Kənan sakitcə onun dediyini etdi. Səlma duşdan çıxıb əynindəki yaş xalatı çıxarıb hamam xalatını geyindi, yataq otağına keçdi.
Şifonerə yaxınlaşıb bu evə ilk gəldiyində əynində olan paltarları geyindi. Saçlarını qurudub topladı. Çantasını götürüb otaqdan çıxmaq istəyəndə Kənanın qapı ağzını kəsdiyini gördü.
- Məni tək qoyma, sənsiz ölərəm.
Kənanın bu yalvarışları Səlmanın gözündə onu daha da adiləşdirdi.
- Çəkil, Kənan, elə-belə tanıdığın sevgilin gəlib məni burada görməsin.
- Buraxmayacağam, sən gedə bilməzsən, bu mümkün deyil...
Səlma gülümsündü.
Kənanı itələyib evin birinci mərtəbəsinə endi. Səlma qapını açmaq istəyirdi ki, qapının zəngi çalındı. Səlma qapını açanda qarşısında 25-30 yaşlarında ağbəniz, arıq, qıyıq gözlü bir qızın dayandığını gördü.
- Salam, Kənan, bu kimdi? Anlamadım, deyəsən, yoxluğumda vaxtını boşa keçirməmisən.
- Xanım, bağışlayın, mümkünsə, sözlərinizə diqqət edin. Mən sadəcə xidmətçiyəm, evi təmizləməyə gəlmişdim. Kənan müəllim demişdi, qonağım olacaq, mən də gəlmişdim. Hər şey hazırdı, soyuducuda yemək də var.
Kənan donmuşdu. Səlmanın gözlədiyi kəlimələr isə eşidilmirdi.
- Kənan müəllim, sağ olun, sizə xoş anlar diləyirəm, -deyə Səlma qapıdan çıxdı.


Ardı var...

Baxış sayı: 292