Elm-təhsil
31.01.2019 / 17:00

MEK-də EBSCO məlumat bazasının növbəti təlimi keçirilib/ FOTO

MEK-də EBSCO məlumat bazasının növbəti təlimi keçirilib/
Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (AzKİK), AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) və EBSCO-nun təşkilatçılığı ilə EBSCO məlumat bazasının təqdimatı keçirilib.

MEK-nın İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-verilən məlumata görə, tədbiri giriş sözü ilə açan MEK direktoru Leyla İmanova təqdimatın AMEA Rəyasət Heyətinin elmi jurnalların monitorinqi və nəşriyyat fəaliyyətinin təkmilləşdirilməsi haqqında Qərarının Tədbirlər planına uyğun olaraq keçirildiyini diqqətə çatdırıb.

Tədbirdə EBSCO İnformasiya Xidmətlərinin Türkiyə, Albaniya və MDB ölkələri üzrə təmsilçisi Mehmet Can Soyulmaz çıxış edib. O, ABŞ-ın nüfuzlu şirkətlərindən olan EBSCO-nun qısa tarixi haqqında məlumat verib. Bildirib ki, şirkət aparıcı nəşriyyatların elmi resurslarının ən böyük əlaqələndiricisidir. EBSCO təkcə ABŞ və Avropada deyil, dünyanın müxtəlif yerlərində nəşr olunan sənədlərin elektron variantlarını ingilis, fransız, ispan, alman, italyan və s. dillərdə oxuculara təqdim edir. Daha sonra Mehmet Can Soyulmaz GOBİ kitabxana sistemi, onun yaranması və müasir dövrdəki fəaliyyəti haqqında danışıb.

O, qeyd edib ki, bir neçə ildir fəaliyyət göstərən GOBİ kitabxana sistemi oxucular üçün kitabların axtarılması, sifarişi, daha asan şəkildə əldə edilməsində köməklik edir. M.Soyulmaz “Taylor Francis”, “Cambridge University Press”, “Wiley” nəşriyyat evləri haqqında da təlimçiləri məlumatlandıraraq onların xüsusi paketə malik olmaları, impakt faktorları jurnalları satın almaları, yeni nəşrlərlə yanaşı jurnalların arxivini də əldə etmək imkanlarının olduğunu deyib.

Həmçinin bu nəşriyyat evlərinin satınalmada əsasən dərnək nəşrlərinə, elm üzrə nobel mükafatçılarının əsərlərinə və s. üstünlük verildiklərini vurğulayıb. Mehmet Can Soyulmaz çıxışında qeyd olunan nəşriyyat evlərinin e-resurslarının 2 ay müddətinə ödənişsiz açıq istifadəyə veriləcəyini bildirib.

İnteraktiv formatda davam edən təqdimatda mövzuyla bağlı suallar cavablandırılıb. Leyla İmanova AzKİK üzvləri adından EBSCO bazasından sənədlərin alınması əvəzinə adekvat mübadilə modeli təklif edib.

Tədbir çərçivəsində Mehmet Can Soyulmaz ilə EBSCO, Cambridge və başqa elektron informasiya xidmətləri nümayəndəliklər tərəfindən akademik yazı qaydaları üzrə təlim imkanları müzakirə edilib.

Tədbirə MEK əməkdaşları ilə yanaşı AMEA-nın müxtəlif institutlarından əməkdaşlar da qatılıblar.

MEK-də EBSCO məlumat bazasının növbəti təlimi keçirilib/



İnform.az


Baxış sayı: 65