Baş xəbər, Hərbi
31.01.2019 / 12:05

Düşmən yanvarda atəşkəsi 809 dəfə pozub

Düşmən yanvarda atəşkəsi 809 dəfə pozub Yanvar ayında Ermənistan silahlı bölmələri atəşkəs rejimini 809 dəfə pozublar.

Ordu.az-ın Azərbaycan Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində əsasən iriçaplı pulemyotlardan istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Silahlı Qüvvələrin Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Tərtər, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqeləri Ermənistan silahlı bölmələrinin atəşinə məruz qalıb.

Cəbhə xəttində vəziyyətin nisbətən sabit olmasına baxmayaraq, təmas xəttində yanvarın 6-da saat 15:35 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən Qazax rayonu­nun Kə­mərli kəndi yaxınlı­ğındakı sərhəd döyüş məntəqəsinə doğru 7,62 mm çaplı “SVD” snay­per silahından açılmış atəş nəticəsində güllə 450 metr məsafədə mühəndis işləri aparan, mülki şəxs tərəfindən ida­rə olunan eksko­va­­torun çalo­vu­na dəyib və kabinası­nın sağ şüşəsini sın­dır­ıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, bu akt Qazaxdakı Sərhəd Qoşunları üzərinə edilən ilk təxribat kimi yadda qaldı.

Ay ərzində Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam edib.

Düşmən yanvarın 12-də yenidən təxribata əl atdı. Belə ki, saat 11:20 və 11:40 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin arxasında mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskovatora doğru 7,62 mm çaplı “PK” pulemyotundan və 12,7 mm çaplı “DŞK” pulemyotun-dan atəş açılıb, nəticədə 6 güllə ekskovatorun çalovuna və başqa hissələrinə dəyib, kabinanın şüşəsi sındırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Ay ərzində bütün istiqamətlər üzrə əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altında olub.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT" BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT" BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.



İnform.az

Baxış sayı: 168