Ədəbiyyat
30.01.2019 / 12:00

Xəyallarımın qadını

Xəyallarımın qadını
Xalidə Xalid

HEKAYƏ


Əvvəli burada:
http://inform.az/index.php?newsid=38248

Susdular... Evə çatanadək kimsə danışmadı. Evə necə çatdıqlarını belə bilmədilər. Kənan maşını həyətə saldı. Düşüb Səlma üçün qapını açaraq:
- Gəl, başımın tacı, gəl, ömrümün bəzəyi, gəl - deyə əlindən tutub maşından endirdi...
Evə qalxdılar.
- Ömrüm, mən acmışam axı - deyə Kənan Səlmanı öpərək - mənim anam mənə nə verəcək?-deyə Kənan ərköyün uşaqlar kimi şıltaqlıq etməyə başladı.
Dəli...
Səlma Kənanın burnuna çırtma vurub yataq otağına keçərək - "paltarımı dəyişim, yemək hazırlaram" demişdi ki, Kənan içəri girib ona yaxınlaşaraq:
- Ay şeytan, mənim yeməyim sənsən də - deyib Səlmanı otağın ortasında fırlatmağa başladı.
- Kənan, Kənan, bəsdi - Səlma qəhqəhə çəkərək onu yumruqlamağa başladı.
- Mənimi döyürsən, bax indi halına bax- deyib onu yatağa uzatdı:
-Buna bax, mənə güc gəlmək istəyir, sən bunun cəsarətinə bax, - deyib onu dəli kimi öpməyə başladı.
Səlma gözlərini yummuşdu, sanki göy üzündə pəmbə bulud idi, yavaş-yavaş Kənanın öpüşlərinin həzzindən məst olaraq yatağa dağılırdı.

Xəyallarımın qadını

Kənan:
- Ömrüm, hardaydın axı, sən indiyə kimi? Mən sanki bu ana kimi həyat yaşamamışam.
Kənanın bu sözləri ona sanki həzin bir layla çalırdı. Bu sözlərin şirinliyi ona yaşadığı sevincin ləzzətini daddırırdı. Nə vaxt yuxuya getdiyindən xəbəri belə olmadı. Gözünü açanda Kənanın dirsəklənərək ona baxdığını gördü.
- Ay, mən nə vaxt yatmışam, ömrüm?
- Sən məgər yatmısan, mələyim? Sən mənim qollarımın arasında sadəcə dincəlmisən.
- Saat neçədir ki? İşə gecikmişəm eləmi?
- Əvvəla saat ikidir, ikincisi də ki, bu gün bazardır, xanım qız.
- Ay doğurdan e, vay... ömrüm, nahar vaxtıdı, mənsə hələ yataqdayam - deyə Səlma qalxıb xalatı geyindi. Güzgüyə ötəri nəzər salıb vanna otağına keçdi. Duş alıb çıxdı. Yataq otağına keçib xalatı Kənanın aldığı atlas sarafanla əvəzlədi. Yüngül makiyaj edib qonaq otağına keçəndə donub qaldı. Yemək masası xüsusi zövqlə bəzədilmış, çeşid-çeşid yeməklər düzülmüşdü. Kənan yox idi.
" Kənan, ömrüm hardasan" demək istəyirdi ki, birdən
“Arım, balım, pətəyim” mahnısının skripkada ifası ətrafı bürüdü. Səlma qapıya sarı çevriləndə gözlərinə inanmadı; ifasına aşına olduğu gənc skripkaçı Səlimi Kənanla birlikdə otağa daxil olduqlarını gördü. Səlim gözəl ifaçı idi, Səlma onu çox sevirdi. Səlim ürəkdən ifa etdiyi mahnının ağuşunda Səlmaya yaxınlaşıb oxumağa başladı:
Göz yaşım sərab olsa,
Hər günüm əzab olsa,
Gəncliyim harab olsa,
Yenə səni sevəcəyim...
Kənan ona yaxınlaşıb, rəqs etmək üçün belindən tutdu. Səlma bir anlıq özünü məşhur türk aktrisası və bu mahnının təkrarsız ifaçısı Türkan Şoray kimi film qəhrəmanı olaraq hiss etdi. Artıq Kənana daha sıx sarılaraq rəqs etməyə başladı.
Bu səhnə onun xəyalları idi...Həmişə arzulamışdı, sevdiyi insan ona bu anı yaşatsın. Amma bu arzu elə xəyal olaraq da qalmışdı.
Kənan onun bu xəyalını gerçəkləşdirmişdi. Səlmanın ürəyindən qəribə bir gizilti keçdi, sevinmək istəyirdi, sevinə bilmirdi.Çünki bu mahnıda da Nihadın xatirəsi vardı.
Özünü toplamalıydı, artıq Kənanın sevgisinə xatirləriylə xəyanət edə bilməzdi:
- Dəlim mənim, bu nədir? Sən nə zamana kimi sürprizlərlə məni dəli edəcəksən?
- Nə qədər ömrüm var, nə qədər yanımdasan həmişə belə olacaq-deyə Kənan rəqs edə-edə onun saçlarını oxşamağa başladı. Hər şey çox gözəl idi.
Əsrarəngiz bir gün yaşanırdı. Səlma indi özünü eyni həmin filmin qəhrəmanı kimi hiss edirdi. Başını Kənanın sinəsinə qoyub gözlərini yummuşdu. Skripkanın həzin ifası onları başqa bir aləmə aparmışdı. O aləmdə yalnız ikisi vardı. Mahnı bitdi. Kənan musiqiçiləri yola saldı. İkisi baş-başa qaldılar.
Xoşbəxtlik bu idi- iki sevən insanın sevərək baxışması, bu baxışlardan həzz alması.
- Ömrüm, bu günə nə planlaşdıraq?-deyə Səlmanın burnuna çırtma vurdu:
- Nə istəyirsən, edək.
- Oldu,o zaman gedirik karaokeyə.
Səlma gülümsədi:
- Uraaa, getdik.
- Ömrüm, mən səhər işdə olmalıyam. Elə edək ki, yenə yatıb yuxuya qalmayım.
-Baş üstə, rəis.
-Gülüm, səndən xahiş edirəm, köç gəl mənim yanıma, mən sənsiz qala bilmirəm.
- Kənan, o ev mənə əmanətdi, oranı tək qoya bilmirəm. Nə vaxt ev sahibi gələr, o zaman mən də köçərəm.
- Anlamadım, o ev məgər kirayə deyil?
- Yox, əzizim. O ev mənə çox əziz olan ailənindi. Otuz ilin dostuyuq. Onlar xaricdə yaşayırlar, İtaliyada. Gedəndə evi mənə əmanət etdilər. Dedilər ki, bacı, bu evi bilirsən, çox əziyyətlə qurmuşuq. Nə kirayə vermək istəmirik, nə də səndən başqa güvəndiyimiz kimsə yox. Nə zaman dönsək, o zaman da sən bizimlə qalarsan. Kənan, onlar da bilirdilər ki, mən söz vermişəm, daha kimsəyə inanıb sevməyəcəyəm. Amma deyir, sən saydığını say, gör fələk nə sayır, - deyə Səlma qımışaraq:
- Sözümü tuta bilmədim, yenə aşiq oldum.
Kənan:
-Ömrüm, o zaman belə danışaq, Üç gün orda qalarıq, dörd gün burda,-dedi.
- Yox, Kənan mən səninlə orda qala bilmərəm, qonşulardan ayıbdır.
-Anlamıram e, sən nə danışırsan, qonşu həyat yaşamır məgər və ya şəxsi həyatımızla bağlı millətə hesabmı verməliyik?
- Yox, dedim, olmaz.
-Olsun, həftənin dörd gününü sənlə keçirim, üç gününü isə yaradıcılığıma həsr edərəm.
Kənan qaşlarını düyünləyib divana oturdu. Səlma ona yaxınlaşıb yanında oturdu:
- Ömrüm, bəlkə belə daha yaxşıdı, belə məni daha çox sevərsən. Həyatın qanunudu, insan istədiyini əldə edəndən sonra dəyişir...
Kənan başını onun dizi üstə qoyub:
- Eh, axı sən mənim çəkdiklərimi hardan biləcəksən?
- Təbii, mən nə bilirəm ki?
- Mən çıxmalıyam, bir az işlərim var.
Səlma qalxdı, Kənan da qalxıb həyətə endi. Səlma pəncərəyə yaxınlaşıb onun ardınca baxmağa başladı. Kənan qanı qara halda maşına oturub həyətdən çıxdı. Səlma nə edəcəyini bilmədən gah maşının ardı ilə boylanır, gah da əlindəki telefona baxırdı. Zəng vursunmu, razılıq versinmi onunla qalmağa? Bu suallar onu çaşdırdı. Yox, bu mümkün deyildi. Kənanın ailəsi onun Səlma ilə evlənməsinə razı olmazdılar. Kənanın da bir dəfə evli olub boşanmasına baxmayaraq, yəqin ki, ona özündən yaşda böyük olan bir qadınla evlənməsinə izn verməyəcəklərinə Səlma əmin idi. Amma qurduğu xəyal dünyasında artıq rəsmi evli idilər. Yox, Kənangil tərəfdən tam arxayın olmayınca, onun evinə daşına bilməzdi.
Beynində qarışmış bu fikirlərlə masanı yığışdırmağa başladı. Mətbəxdəki televizoru açdı, çox sevdiyi Türkiyənin Fox kanalını tapdı. Sevdiyi film başlamışdı:”Yer, Gök, Aşk”.
Filmi izləmək istəsə də, fikri çox dağınıq olduğu üçün televizoru söndürüb yatağa uzandı.
Xəyallarımın qadını



Ardı var...

Baxış sayı: 372