Ədəbiyyat
30.01.2019 / 01:20

Xamut

Xamut
Tural Turan


HEKAYƏ


Uşaqlıqda harada cırıq kəndir görsəm, yumalayıb xamut düzəldərdim. Xamut eşşəyi arabaya qoşmaq üçün boynunun keçirildiyi andıra deyirlər.
Qonum-qonşunun eşşək arabalarının xamutu çürüyəndə üstümə yüyürərdi. Mən də xamutları birini iki “məmməd”ə itələyirdim. O hadisədən sonra bir daha xamut düzəltmədim…
Həmin il yaz yağarlı-yağmurlu gəlmişdi. Boz ayın çənli-çisəkli günləri boydu-boyduya vermişdi. Elə bil Tanrı da yağışı ələkdən keçirib tökürdü. Ətəyi göyərmiş narın-narın gillədirdi. Gah siləmə yağışın, gah da şırhaşırın arası kəsmirdi. Qarının borcu təzəcə verilmişdi. Olacaqların bacaları açılmışdı. Xora yerləri sucuqlamağa başlayırdı. Moruq kollarının keçi qılını çəngə-çəngə boynuna dolayan vədələr idi. Di gəl ki, havalar dinşəmək bilmirdi. Göy üzü göy əskiyə bükülmüşdü.
Mən də yorğan-döşəkdən təzəcə qalxmışdım. Gəzənlərdən olmuşdum. Asqırıq-öskürək kələyimi kəsmişdi. Quluncumdan qılıcıma kimi qart bağlamışdı. Çilənin soyuğunu canıma hopdurmuşdum. Nə təhər azarlamışdımsa, əldə-ovucda pulun olmayan vədəsində bizim kişi haradansa borca pul tapıb evə həkim gətirmişdi. Orama-burama baxdırmışdı. Belimi bankaladıb, xamıra, kələmə bükdükdən sonra iki həftəyə ayağa qalxa bildim.
Atam məni ayağa qaldırmağa tələsirdi. Çünki əl-ayaq verəni yox idi. Çoban tək qaldısa, davarın zilləti yavaş-yavaş adamı küncə qısnayıb girəvələyirdi. Anasından əmdiyini burnundan gilə-gilə gətirirdi… Atam məni işə basdığı kimi, yadına düşəndə havadan da qorğanırdı. Ağır işə öz çiynini versə də yüngülünü mənə təlimişdi. Yeri gəlmişkən “təlimək” sözünə siz tərəflərdə “həvalə” deyirlər.
Daha qoyun-qozunu irəməyə - örüşə aparmaq da çətinləşmişdi. Gəllədarlar demiş, palçıq bütün cütdırnaqlıların ayağını güvələmişdi. Bir-iki… bir bölük heyvan axsamaqdan arıq-axsaq novatına dönürdü. Her-heyvanı örüşə aparmağın xeyri yox idi. Məcbur qalıb davarı tövlədə, axurda yemləyəsi olurduq. Otunu, suyunu qapıda verirdik; axurlara dən səpirdik. Ağtüklülərin başı qarışırdı. Atam bir-bir damları kürüyür, mən də tayanın başına çıxıb bir-iki bağlama ot salırdım. Tövlələrin gərmələri çıxarıldıqdan, davarın “ayaqaltı” yerini küləşlə, quru samanla quruladıqdan sonra qoyunları başqa bir xalxala salır, tayadan aşırdığım ot bağlamalarını tarlara düzürdük. Qoyun-keçini küçəyə çıxarır, arxa doğru haylayır, sulayıb tövləyə dürtmələyirdik. Yağış təkcə bizim kələyimizi kəsməmişdi. Ağtüklü saxlayanların hamısının dizini yerə gətirmişdi. Özaramızdı, elat ayında da heyvan qapımı tanıyar?..
Bu minvalla bir həftə davam elədi. Amma yeddicə bitdi, yağış kəsmədi. Axırda qağam –ölöm, biz tərəfdə atıyı bu cür çağırellar – dilə gəldi. Üzünü turşudub dedi ki, eşşək arabasını qoş, yarma üyüt gətir. Çünki göy otdan kəsilmiş qoyun ətini tökməsin, arıqlamasın deyə, yarma yemi hökmən olmalı idi. Arıq qoyunları yaz bazarına diri və əti üstündə çıxarmağın başqa çarası ağıla gəlmirdi. Bu həm də dədən-babadan gələn sınanmış üsul idi.
Məcbur olub eşşək arabasını qoşdum. Əl damındakı tığdan eşşək arabasına iki xaşa dən yüklədim. Üz tutdum dəyirmana. Bayırda boz çisək qara yağışa dönüşürdü. Çal eşşəyimizin canı bərk olsa da, arabanı ağır-ağır çəkirdi. Lığ-bartdaq arabanın oxuna qədər bulaşmışdı. Küçədə-yolaqda bir inni-cini bəşər yox idi. Hamı yuvasına çəkilmişdi. Hamı yelə-yağışa qapısını bağlamışdı. Küçələrdə addım izini at, araba, qoyun-keçi dırnaqlarının bədizləri tutmuşdu.
…Yolun yarısında yiyəsi ölmüş yerimədi. Öldürsən də getmərəm-dedi. Baxdım ki, yolun solundakı qaz durbasının yanındakı tükləri bozarmış qoduğa sarı uşqanır. Yolu yarılamışdım. Geriyə qayıtmağa üzüm kəsmədi. Getməliydim. Atamın bir xasiyyəti var, özü belə getdiyi işin arxasından əliboş dönəndə evdə arvad-uşağın, qapıda itin-pişiyin üzünə baxa bilmir. İndi mən geri qayıtsaydım, kim bilir nə sifət göstərəcəkdi. Çənəsi sallanacaqdı. Hələ Qaşlarının kor düyünə düşməsindən danışmıram. Deməsə də bircə baxışı bəs idi. Söyülüb-döyülmək bir yana, qağamın yanında etibarı itirmək istəmirdim...
Eşşəyin boynunu xamutundan çıxardım. Qarınaltısını açdım. Buraxan kimi eşşək gedib qonşununun eşşək axurundakı qoduqla imsiləşdi, bir-birinin boynunu-qulağını qoxuladılar. Erkək olsa, qızıxmasından şübhələnərdim. Amma bizimki dişi idi. Kal vaxtlarım idi. Qammazlığıma saldım. Əhəmiyyət vermədim. Arabanın altına özüm keçəsi oldum. Çisəkli yağış da başımdan elə tökür-elə tökür ki, gəl görəsən. Xamutu başıma keçirib arabanı darta-darta gətirib dəyirmana çıxardım.
Dəyirmançı Külbaş Söyün bir arabaya baxdı, bir mənə. Saçlarının rəngi kül rəngində olduğu üçün Söyün kişini Qarabaldırda hamı bu cür çağırırdı. Cibindən bir “Astra” çıxardı:
-Neçə yaşın var əə, sənin?
-12.
-Evdən bura kimi necə gətirə bildin bə?
-Yarı yoldan özüm çəkmişəm. Xamutu boynuma salanda rahat olur. Bir azcana qolub üyüşüb.
-Yolda kimsə varıydımı?
-Olsun dana. Əmbə yoxuydu. Bu yağışda it bağda durmur, bəşərin nə iti azıb?!
-Dədənə deyəcəm.
Siqaretini yandırıb halqalı bir qullab aldı. “Dədənə deyəcəm”i elə xırıldadı ki, ətim ürpəşdi. Öskürdü. Öskürəkli gülüşünü dişlərinin arasından çıxan tüstü bürüdü. Dən xaşasını arabadan düşürdüm. Birini Külbaş çiyninə vurdu, o birini də mən. Apardıq çarxın ağzına.
Külbaş Söyünün kimi kimsəsi bu bir tərəfi uçuq dəyirman idi. Gecəsi-gündüzü burada keçirdi. Dəyirmanın uçuq yerinə ot bağlamalarından bulul yığmışdı ki, içəriyə yağış, külək keçməsin. Bir-iki sırıxlını yerə salıb, yatacaq yeri salmışdı özünə. Qənd xaşasının içərisinə də küləş basıb özünə yappa balış düzəltmişdi.
Çarpayısının yanında çala qazıb özünə ocaq yeri də hazırlamışdı. Əl boyda odun parçalarını həmin çuxura atır, kağızı neftə batırır, sonra da od vururdu. On – on beş dəqiqə sonra dəyirmanın divarları tərləməyə, aynaları təndirin dibi kimi ağarmağa başlayırdı…
Söyünün ocağına sarı çöməlib əlimi qızdırırdım. Yarmanın üyünməsinə hələ vardı. Birdən yadıma düşdü ki, gedim eşşəyi gətirim, qayıdanda yolda kimsə olar, biabır olaram…
Eşşəyi açıb buraxdığım yerə üz qoydum. Bağdan açılmış alabay dönməsi kimi fitillədim. Bir də gördüm ki, dədəm boz eşşəyi qabağına salıb bayaq imsiləşdiyi qoduqla gətirir. Bu dəfə də başı aşağı idi. Sanki getdiyi işin arxasından yarımçıq qayıtmışdı. Çathaçatda “noluf” –deyə soruşdum:
-Öz balasıdır. İki ay qabaq sən xəstələnəndə 20 “şirvan”a İmirə satmışdım. İndi pulunu verib geri aldım.
Gözlərim bərəldi. Eşşəyin niyə yeriməyib xamutdan çıxmaq üçün dartındığı gün üzünə çıxdı:
-Niyə? Niyə qaytardın ki, ay qağa?
-Gördüm səni. İstədim qışqıram. Səsim çıxmadı. Qışqırsaydım, camaat səs-küyə yola boylanacaqdı. Səni də görərdilər. Anan xırman üstəymiş, yaxşı ki, küçədə heç kim yoxuydu. Yoxsa evə çatana kimi adını “eşşək Miri” qoymuşdular. Tanrı yanlışımnan keşsin, eşşəyin balasını saa görə satdım, hərriyib-fırrayıb sənin boynunu eşşəyin xamutuna ilişdirdi.
Utandım, başımı aşağı saldım. Atamın görməyini həzm edə bilmirdim. Camaat heç e, öz atam məni gözünün saplağından bircə dəfə “eşşək Miri” kimi keçiribsə, ta heç nə... – Bəs necə razı saldın İmiri? – deyə qızara-qızara soruşdum:
-Ayə, razı olmurdu. Zora gedəsi olduq. Eşşəyin dirəyinə bağlayıb yanbızına bir-iki şapalax çəhdim. Sooram razılaşdı.
Atam bunu deyib şaqqanaq çəkdi. Bə Külbaş nə soruşdu?- deyə xəbər aldı.
-Heç nə. Dedi atana deyəcəm.
-Yenə yaxşı qurtardıq. Bədbəxt oğlu o qədər yalan danışıb ki, heç kəs inanmıyajax. Sən qayıt evə, başını qurula. Yorğana gir.
Sırıxlısının döş cibindən bir popiros çıxarıb arxasını küləyə sarı çevirdi. Kibriti ovucunda bələyib giləsini qarasına çəkdi:
-Yağış kəsir, dəhmərrən, özü də yeyin get. Qoyun-quzunun arxa çıxan vaxtıdı. Qayıdanbaşı qoy camaat arabanın üstündə məni görsün. Bir də xamut məsələsi təkrarranmasın ha… Görən olsa, gərəh köçəh qışdaxdan.

2015-2019



İnform.az

Baxış sayı: 380