Baş xəbər, Sosial
26.01.2019 / 11:30

“ 2018-ci ildə yol infrastrukturu sahəsində görülmüş işlər" - Saleh Məmmədovun sinxronu

“ 2018-ci ildə yol infrastrukturu sahəsində görülmüş işlər" -
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2018-ci ilin yekunlarına və 2019-cuilqarşıda duran vəzifələrin icrasına həsr olunan kollegiya iclası keçirilib.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, iclas iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.

Daha sonra dövlət agentliyinin akt zalında keçirilən iclası giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıb.

Saleh Məmmədov Prezident İlham Əliyevin birbaşa dəstəyi və qayğısı nəticəsində son bir il ərzində yol infrastrukturun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görüldüyünü, respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirilməklə bir sıra nailiyyətlər əldə edildiyini bildirib.

Qeyd olunub ki, ölkə başçısının sədrliyi ilə 2018-ci il 10 yanvar tarixində keçirilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, cənab Prezident iqtisadiyyatın bütün sahələri ilə yanaşı, respublikanın avtomobil yollarında yerinə yetirilən işlərdən də danışmış, 500 yaşayış məntəqəsini əhatə edən 1300 km uzunluğunda yol salındığını, bunun çox böyük göstərici olduğunu xüsusi olaraq vurğulamış və 2018-ci ildə agentlik qarşısında ən azı 600 kəndi birləşdirəcək 2000 km-dən çox avtomobil yolu çəkilməsi kimi çox məsuliyyətli tapşırıq qoymuşdu.

Bu mühüm tapşırıq Dövlət Agentliyi tərəfindən uğurla yerinə yetirilib. Belə ki, 2018-ci il üçün tərtib edilmiş Tədbirlər Planına uyğun olaraq, respublikanın 54 rayonunda, Bakı və Sumqayıt şəhərində 90 layihə başa çatıb.

Bura 10 respublika əhəmiyyətli, 64 kəndlərarası, 11 Bakı şəhərinin qəsəbələrarası və 2 ümumşəhər əhəmiyyətli avtomobil yolu layihələri, 2 körpü və bir avtomobil yolu tunelinin tikintisi işləri daxildir. Bu layihələr 2,2 milyon nəfər əhalinin yaşadığı 920 yaşayış məntəqəsini əhatə edən 2042,3 km uzunluğunda avtomobil yollarıdır. Yolların yenidən qurulması sərnişin və yük daşımasının yaxşılaşmasına, ən əsası isə həmin ərazilərdə kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxarır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov məhz əhalinin və nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ötən il 33 körpü, 29 yol ötürücüsü, 4 tunelin tikilərək istifadəyə verildiyini, maddi-texniki bazanı gücləndirmək məqsədilə 221 adda maşın və mexanizmlərin alındığını iclas iştirakçılarının diqqətinə çatdırıb. Saleh Məmmədov əlavə edib ki, aparılmış kompleks tədirlər çərçivəsində birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu 2015-ci ildə 461 km təşkil edirdisə, bu gün 448.5 km artaraq 909,5 km olub.

Kollegiya iclası zamanı o da xüsusi olaraq vurğulanıb ki, Prezident İlham Əliyev yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlərə xüsusi əhəmiyyət verərək bu sahədə həyata keçirilən tədbirlərin gedişi ilə şəxsən maraqlanır, ötən il ərzində tikintisi başa çatan layihələrdə daxil olmaqla 40 dəfə avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma və tanışlıq mərasimlərində iştirak edərək, öz dəyərli tövsiyə və tapşırıqlarını verib.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun açılışı ötən il ən yadda qalan hadisələrdən biri oldu.
2018-ci ilin sentyabr ayının 18-də Möhtərəm cənab Prezidentin iştirakı ilə tikintisi başa çatan və uzunluğu 202 km olan Ələt-Astara-İran İslam Respublikası ilə Dövlət sərhədi avtomobil yolunun açılış mərasimi keçirildi. Magistral yol Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edir və yolun tikintisi bu bölgədə turizmin, kənd təsərrüfatının inkişafına və beynəlxalq yükdaşımaların həcminin artmasına müsbət təsir göstərəcək.

Hazırda yeni magistral avtomobil yolunun 170 km-lik hissəsinin ödənişli olması ilə bağlı müvafiq işlər həyata keçirilir.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin digər hissəsini təşkil edən və 2017-ci ilin sonunda prezident İlham Əliyevin təməlini qoyduğu Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 92 km hissəsinin 2018-ci ildə tikintisinə başlanıldı. Hazırda magistral yolun uzunluğu 29,9 km olan hissəsində işlər sürətlə davam edir. Yeni yolun 7,5 km hissəsində asfalt-beton örtüyün üst layı istisna olmaqla bütün işlər artıq başa çatıb.

Tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında mühüm əhəmiyyətə malik olan daha bir yol Mingəçevir-Bəhramtəpə avtomobil yolu hesab olunur ki, Oktyabr ayının 22-də Möhtərəm cənab Prezidentin iştirakı ilə sözügedən yolun 112 km-lik Qarağacı-Bəhramtəpə hissəsinin də açılışı ötən ilin yol infrastrukturu sahəsində ən mühüm hadisələrindən biri oldu.
Mingəçevir-Bəhramtəpə avtomobil yolu respublikamızın regionları, o cümlədən Yevlax, Bərdə, Beyləqan rayonları arasında iqtisadi əlaqələrin, həmçinin turizmin və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu xüsusiyyətlərlə yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini əlaqələndirən bir magistral olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.
Beləliklə Azərbaycanda yol infratsrukturunun təkmilləşdirilməsi, yeni körpülərin və yolayrıcılarının tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından da mühüm əhəmiyyət kəsb edir. Məhz bunun məntiqi nəticəsidir ki, Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə bir çox inkişaf etmiş ölkələri qabaqlayır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov prezident İlham Əliyevin regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələrin icra edilməsinin, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizmin və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq kənd və qəsəbələrarası, qəsəbədaxili avtomobil yollarının tikintisinin vacibliyi barədə səsləndirdiyi tövsiyyə və tapşırıqlarına əsasən 2019-ci ildə də bu istiqamətdə genişmiqyaslı işlərin aparılacağını qeyd edib.

Qeyd olunub ki, 2019-cu ildə ilkin mərhələdə ümumi uzunluğu min km-dən artıq olan 43 rayon üzrə rayon və qəsəbədaxili, kənd və qəsəbələrarası avtomobil yollarını əhatə edən 50 yol infrastrukturu layihəsi icra olunacaq.

Bundan başqa respublika əhəmiyyətli və magistral yolların da tikintisi aparılacaq. Maddi-texniki bazanın gücləndirilməsi məqsədi ilə 270 adda yeni maşın və mexanızmin alınması da nəzərdə tutulub.

Sonda 2018-ci il ərzində yol infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilmiş layihələr barədə film nümayiş olunub.





İnform.az

Baxış sayı: 309