Ədəbiyyat
26.01.2019 / 12:00

Xəyallarımın qadını

Xəyallarımın qadını
Xalidə Xalid


HEKAYƏ


Əvvəli burada:http://inform.az/index.php?newsid=38166

Onunla göz-gözə dayanan, yanındakı vulqar geyimli bir qızla rəqs edərək ona yaxınlaşıb ona baxan Nihad idi.
Səlmanın gözləri qaraldı, başı fırlandı. Kənana söykənərək:
- Bəsdi, yoruldum, - deyə başını qaldırmadan dilləndi.
- Ömrüm, sənə nə oldu axı? Bu gözəl günümüzü qəmli notlarla bitirməyək də, olmazmı?
Səlma dinmədi. Musiqi davam edirdi. Nihad sanki ona acıq verirmiş kimi qadına daha bərk sarılmışdı.
Səlma sanki bu dünyadan təcrid olunmuşdu. Artıq nə oxunan mahnını eşıdır, nə də Kənanı görürdü. Bildiyi tək şey Nihadı illərdən sonra belə görməsi idi.
- Sultanım, ömrüm, nə oldu sənə? Məni niyə incidirsən, niyə bu xoşbəxt anlarımızı haram edirsən axı? Nə oldu sənə?
Səlma:
- Kənan, gedək burdan, -deyib onun gözlərinə baxmaqdan belə çəkindi. Hər şey deyəsən başladığı kimi də bitəcəkdi.
- Tamam, gedək, amma sən özünü topla.
Səlma qalxmaq istəsə də, bacarmadı. Gözləri qaraldı, yenidən oturdu.
- Ömrüm, nə oldu axı sənə?
Kənan Səlmanı qolundan tutub qaldırdı. Sonra isə qucaqlayıb asta addımlarla maşına sarı apardı. Kənanın onu Nihadın oturduğu stolun yanından apardığını Səlma Nihadla göz-gözə gələndə hiss etdi. Artıq gec idi, yolu dəyişə bilməzdi.
- Gəl, ömrüm, gəl, bir bilsəm sənə nə oldu?
Kənan maşının qapısını açdı, Səlmanı qabaq oturacaqda oturtdu. Sükan arxasına kecib yenə Səlmaya:
- Of, ömrüm, səni belə görməkdənsə, ölsəm, daha yaxşıdır. Nə oldu axı qəşəngcə əylənirdik?
Kənan danışır, Səlma sanki onu eşitmir, keyimiş baxışlarla yola baxırdı. Nəhayət, gəlib evə çatdılar.
Səlma birdən:
- Məni öz evimə apar, Kənan, öz evimə, yalqızlığımla baş-başa qaldığım evə, eşidirsən, öz evimə.
Kənan donub qalmışdı, Səlmanı bu duruma nəyin saldığını anlamaq istəsə də, heç nə anlaya bilmirdi, heç nə.
- Ömrüm, bura sənin evin deyilmi, sən daha yalqız deyilsən. Mən varam sənin həyatında, artıq mən varam, bunu anlamanı istəyirəm.
- Yetər, yetər, məni rahat burax! Heç nə istəmirəm, heç nə. Tək qalmaq istəyirəm.
-Yaxşı, yaxşı, sakit ol. Aparıram, təki sən sakit ol.
Kənan sükanı fırladıb hirslə maşının sürətini artırdı, həyətdən çıxdı.
Səlma:
- Səndə Kayahanın “Ömür sayfam” mahnısı varmı?
Kənan duruxdu:
- Var.
- Onu qoy.
Az keçmədi ki, maşını musiqi başına götürdü.
“İçimdə xatıralar delik-deşik...”
Bu misra oxunan an hönkürtüsünə özü diksindi. Kənan maşını saxladı:
Xəyallarımın qadını

- Qurban olum, gülüm, niyə belə edirsən, niyə ürəyimi partladırsan axı?
Səlma cavab vermir, xısın-xısın ağlayırdı. Kor olmuş taleyinə, nakam qalmış sevgisinə yas tutub ağlayırdı.
Kənan onu özünə sıxıb saçlarını tumarlamağa başladı:
- Sakit ol, körpəm, sakit ol, heç nə düşünmə. Özümüzü düşün, xoşbəxt yaşayacağımız günləri düşün. Sən bundan sonra heç nəyin fikrini çəkməyəcəksən, səni xoşbəxt qadın edəcəm. Səlma, əmin ol, sən mənim xəyallarımın qadınısan.
Səlma sanki yuxudan ayıldı, "xəyallarımın qadını" kəlməsi onu yuxudan oyatdı.
- Hara gedirik, Kənan?
Kənan çaşaraq:
- Evimə apar məni, deyə təkid etdin, evə gedirik.
- Hansı evə?
Kənan yenə fərqli addımını atdı:
- Bizim Qarayevdəki evə.
Səlma susdu.
”Bizim Qarayevdəki evə”. Bu söz onu utandırdı.
-Mənimlə qalarsanmı, bu gün məni tək qoyma, Kənan.
Səlma artıq qonşuların nə düşünəcəklərinin belə fərqində deyildi.
Kənan Səlmanın səsindəki titrəyişdən kövrəldi:
- Mən səni heç vaxt tək qoymayacam, sultanım, buna əmin ol.
Səlma başını onun çiyninə qoyub "mane olmuram ki sənə?"-deyə soruşdu.
- Yox, əzizim, əksinə, bu hərəkətin mənə güc verir.
- Kənan, nə əcəb, mahnı yoxdu?
- Eh, ömrüm, elə hala qoydun ki, məni, yadıma düşsün? Hansı mahnını istəyirsən?
- Nə bilim, ürəyin hansını istəyir.
- Hə, o zaman Ədaləti dinləyək, - demişdi ki, Səlma:
- Bəsdi, bəsdi, məni bu hərəkətlərinlə dəli etdin! Ay insan, sənin özünün sevdiyin heç bir şey yoxdurmu? Niyə yalnız mənim bəyəndiyim və ya mənə acı yaşadan şeyləri mənə təqdim edirsən, hə? Niyə, niyə?
Səlma hönkürtü vuraraq qışqırır, maşının qapısını döyəcləyərək:
- Saxla maşını, düşürəm, məni rahat burax, burax.
Kənan nə edəcəyini bilmirdi. Birdən maşını saxladı. Səlmanın qolundan tutub:
- Bəsdir, məni dəli etmisən, bəsdir. Özünü topla, dərdini də, biz də bilək. Yaxşı, istəmirsən, bitsin hər şey. Sənə zorla özümü sevdirməyəcəm ki? Çataq, düş get, bitsin hər şey, -deyib maşına oturdu.

Xəyallarımın qadını




Ardı var...

Baxış sayı: 270