Baş xəbər, Hüquq
24.01.2019 / 17:35

Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib/ FOTO

Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib/
Yanvarın 24-də Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları işçilərinin iştirakı ilə 2018-ci ildə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş əməliyyat müşavirəsi keçirilib.

İnform.az Respublika Baş prokurorluğunun Mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov hesabat dövründə şəhərin prokurorluq orqanları cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində paytaxtın digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək müəyyən nəticələr əldə edildiyini bildirib.

Qeyd edilib ki, 2017-ci ildə şəhər ərazisində prokurorluq və polis orqanları üzrə 12122 hadisə qeydə alındığı halda 2018-ci ildə 309 hadisə, yəni 2,5% azalaraq 11813 hadisə olmuş, qeydə alınmış cinayətlərin açılma faizi 0,2% çoxalaraq 80,2%, ağır və ya xüsusilə ağır cinayətlərin sayı isə 582 hadisə və ya 30,8% azalaraq 1308 olub.

2018-ci ildə qeydə alınmış 66 qəsdən adam öldürmə cinayətinin (2017-ci ildə 59 hadisə) 4-ü istisna olmaqla (3 fakt şəxslərin xəbərsiz itkin düşməsi ilə bağlı olmuşdur), habelə 32 qəsdən adam öldürməyə cəhd cinayətinin (2017-ci ildə 38 hadisə) açılması təmin edilib.

Hesabat dövründə 76 quldurluq hadisəsi əvvəlki illə müqayisədə 8 hadisə çox olmuş, onlardan 8-i, qeydə alınmış ölümlə nəticələnən 212 yol-nəqliyyat hadisəsindən isə 3-ü bağlı qalıb.

2018-ci ildə şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluqda icraatda olan 1115 işdən 547-i, daxili işlər orqanlarının istintaq aparatlarının icraatında olan 12390 cinayət işindən 4226-nın istintaqı tamamlanıb.

2018-ci ildə baş vermiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən Bakı şəhər prokurorluğunun İstintaq idarəsində aparılan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 6 milyon 518 min manat maddi ziyandan 4 milyon 386 min manatı (67.3%), polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 28 milyon 862 min manat maddi ziyandan 25 milyon 80 min manatı (86,9%) istintaq zamanı ödətdirilıb.

Nəzərə çatdırılmışdır ki, vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqları rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, mütəmadi olaraq Bakı şəhər, rayon prokurorluqlarında, eləcə də yaşayış yerlərində vətəndaşların qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılıb, şikayətləri yaradan səbəblərin aradan qaldırılmasına, qanunauyğun və ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilib.

Hesabat dövründə şəhər prokurorluğu orqanlarına 15745 müraciət daxil olub, həmin müraciətlərdən 4105-i həll edilib, o cümlədən 1404 müraciət təmin edilib.

2018-ci il ərzində 5866 vətəndaş qəbul edilib.

Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı yol verilmiş nöqsanlar hər bir rayon prokurorunun diqqətinə çatdırılıb.

Eyni zamanda qəsdən adam öldürmə, quldurluq və yol nəqliyyat hadisələrindən bağlı qalan cinayət faktlarının, eləcə də bağlı oğurluq hadisələrinin tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi, habelə axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayət nəticəsində vurulmuş ziyanın istintaq zamanı ödətdirilməsi sahəsində olan nöqsanların aradan qaldırılmasının zəruriliyi vurğulanıb.

Həmçinin istintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları, süründürməçilik halları təhlil edilərək onların aradan qaldırılması tələb edilib.

Əməliyyat müşavirəsində bildirilmişdir ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.

2018-ci ildə müxtəlif xətalar törətdiklərinə görə Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmrləri ilə 12 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 3 nəfər tutduğu vəzifədən azad olunmuş, 2 nəfər prokurorluq orqanlarından xaric edilib.

Tələb edilib ki, şəhər prokurorluğunun bütün struktur qurumlarında xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.

Bakı şəhər prokurorunun müavini Azər Əsgərov, Bakı şəhərinin rayon prokurorları hesabat dövründə görülmüş işlər, yol verilmiş nöqsanlar və qarşıda duran vəzifələr barədə müşavirə iştirakçılarına ətraflı məlumat veriblər.

Yekunda şəhər prokuroru İlqar Abbasov hər bir prokurorluq əməkdaşının prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən böyük etimadı doğruldacağına, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində öz qulluq və vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edib.

Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib/


Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib/




İnform.az

Baxış sayı: 153