Baş xəbər, Elm-təhsil
24.01.2019 / 16:25

Elm tarixində qara səhifə

Elm tarixində qara səhifə
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi doqquz il keçir.

Keçmiş sovet dövlətinin hərbi qüvvələrinin həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz illər keçsə də insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalır.

Vəhşi terror aktının ən ağır cinayətlərindən biri isə 29 il əvvəl yanvarın 24-də baş verib.

O gün vətənpərvər beş elm fədaisi çalışdıqları instituta gedərkən sovet faşizminin amansızlığına tuş gəldilər.

Sovet ordusunun Azərbaycana yeridilən böyük kontingentinin tankı xüsusi amansızlıqla yolun kənarında nasazlığı səbəbi ilə dayanan maşının üstündən keçərək hadisə yerindən uzaqlaşdı.

Hər biri öz sahəsində sözünü demiş beş alimi qanlı faciədən sonra işə aparan onların elmə bağlılığı, işlərinə olan sədaqəti idi.

O hadisədə beş alimdən üçü elm yolunda şəhid oldular. Faciə zamanı professorlar İbrahim İbrahimov və Svetlana Məmmədova hadisə yerində, İsmayıl Mursaqulov isə üç gündən sonra dünyalarını dəyişdilər.

Parlaq Mustafayeva və İdris Əhmədov uzun müddət müalicə aldıqdan sonra sağlamlıqlarına qovuşdular.

Vəhşi cinayətin üç qurbanarı ömürlərinin çiçəkləndiyi, yaradıcılıqlarının bulaq kimi qaynadığı bir vaxtda həyatdan vaxtsız köçdülər, iki alim isə unuda bilməyəcəkləri vəhşiliyin, amansızlığın şahidi oldular.

29 il əvvəl möcüzəli şəkildə sağ qalan professor İdris Əhmədov məhz bu ilin 20 yanvarında dünyasını dəyişdi.

Artıq 29 ildir ki, AMEA Polimer Materialları İnstitunda hər il 20 Yanvar şəhidlərinin anım tədbirləri keçirilir, yanvarın 20-də Şəhidlər xiyabanına, yanvarın 24-də isə institut əməkdaşlarının amansızca qətlə yetirildiyi Bakı-Quba yolundakı xatirə abidəsinə ziyarət təşkil olunur. Yolun 24-cü kilometrliyində qoyulan anım lövhəsi elm adamlarının ziyarət yerinə çevrilib.

Elm tarixində qara səhifə



Esmira İmanova
AMEA Polimer Materialları İnstitutunun
Beynəlxalq/ictimaiyyətlə əlaqələr və qrant layihələri şöbəsinin müdiri

Baxış sayı: 271