---
24.01.2019 / 12:49

İTV "Eurovision-2019" üçün mahnı qəbulunu elan edir

İctimai Televiziya və Radio Yayımları Şirkəti "Eurovision-2019" üçün
mahnı qəbulunu elan edir
Qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsi xəbər verir ki, "Eurovision" mahnı
müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı milli seçim turunda mahnı qəbuluna
başlanılıb.
Azərbaycan üzrə rəsmi yayım hüququna sahib İctimai Televiziya bu ilin mayında
İsrailin Tel-Əviv şəhərində keçiriləcək "Eurovision 2019" mahnı müsabiqəsində
ölkəmizin təmsil olunacağı mahnı seçiminə dair şərtləri də açıqlayıb.
Belə ki, həm yerli, həm də xarici bəstəkarlara müraciətdə qeyd edilir: “Söz
yazarları və bəstəkarlar müsabiqə üçün göndərəcəkləri musiqi və mətni “MP3”
versiyasında təqdim etməlidirlər. Göndərilən mahnının xronometrajı "Eurovision" mahnı
müsabiqəsinin təşkilatçısı - Avropa Yayımları Birliyinin (EBU) şərtlərinə uyğun şəkildə
maksimum 3 dəqiqə təşkil etməlidir. Mahnı 2018-ci ilin sentyabrın 1-dən öncə
ictimaiyyətdə, eləcə də rəsmi olaraq hər hansısa mediada (televiziya, radio və ya internet
resursları) yayımlanmamalıdır. Seçim turuna təqdim edilən mahnı, digər musiqiçilərin
“cover” mahnıları ola bilməz, həm musiqi, həm də mahnıda musiqi alətlərinin istifadəsi
original olmalı, musiqi bir-birini təkrarlamamalıdır. Mahnı seçimi turunda iştirak edən
hər kəs özü haqqında məlumat da yollamalıdır.”
Qeyd edək ki, müsabiqə üçün təqdim olunan mahnıların hansı müğənninin
ifasında səsləndirilməsi seçimi yalnız “Eurovision”nın rəsmi yayımçısı İctimai Televiziya
və Radio Yayımları Şirkətinə məxsusdur.
“Eurovision - 2019” üçün mahnı seçimində iştirak etmək istəyənlər öz ərizələrini
bu gündən etibarən eurovision2019@gmail.com ünvanına göndərə bilərlər.
Mahnı seçimi ilə bağlı ərizələrin qəbulu 7-fevral 2019-cu il tarixində
yekunlaşacaq.

Baxış sayı: 115