Ədəbiyyat
24.01.2019 / 12:00

Xəyallarımın qadını

Xəyallarımın qadını
Xalidə Xalid


HEKAYƏ


Əvvəli burada:http://inform.az/index.php?newsid=38098

Alınan bütün şeylər ən bahalı markalar idi.
Səlma: “ Adi bir jurnalistdə bu imkanlar haradandı axı? Yox, Kənan məndən əsl işini gizlədir. Soruşsam inciməz ki, görən?”-deyə düşündü.
Səlma donmuşdu. Axı Kənan onun zövqünü, bədən ölçüsünü hardan bilirdi?

“İlahi, bu oğlan həqiqətən, deyəsən, Allahın bir lütfüdür mənə,yada bilmədyim nələrsə var" - deyə qarderobdakı paltarlara göz gəzdirə-gəzdirə pıçıldadı.
Hamam xalatını götürub, tərliklərdən birini geyinəndə lap məəttəl qaldı: “İlahi, mən, deyəsən, dəli olacam, o biriləri bildik, bəs mənim ayağımın ölçüsünü bu adam haradan bilir?”-öz-özünə danışaraq otaqdan çıxıb vanna otağına yollandı. Səlma “Bu qismətmi, ya təsadüf? ” - deyə beynində təhlil etməyə başladı. Duşu açdı: “Bəlkə soyuq duş alım, hə, bəlkə ayıldım. Yox, qaynar olsun. Bəlkə bədənim yana, mən də bu röyadan oyanam”,- yenə öz-özü ilə danışırdı.
Nə soyuq, nə də qaynar suya girə bildi.Soyuq üşütdü, qaynar yandırdı. Suyu normal vəziyyətə gətirdi, duşun altında durub bir müddət tərpənmədi. Hey düşündü, düşündü. Tək bildiyi şey bu olanların bir yuxu olduğuna inanmaq istəyi idi. Çimib çıxdı. Kənan yox idi. Deyəsən, həyətdəydi.
“ Belə daha yaxşıdı, rahat hazırlaşaram”, - deyib paltarlarını geyinməyə başladı, saçlarını fenlə qurudub güzgünün önünə keçdi. Çantasından kosmetika qabını çıxarmışdı ki, Kənanın səsini eşitdi:
- Ömrüm, ömrüm, bu nədir, bunları niyə geyindin? Bu paltarlar mənim olana qədər geyindiklərindi, artıq mənimsən və sənə aldığım libaslardan geyin.
Səlma karıxdı:
- Anlamadım, Kənan, niyə?
- Necə niyə? Mənim sultanım artıq mənim sevdiyim, ona layiq olan ən bahalı libasları, brend malları geyinməlidir.
- Anlamadım, Kənan, mənim geyindiklərimə nə olub ki, elə mənimkilər də brenddir də, -deyə Səlma incik halda dilləndi.
- Eh, ömrüm, incidinmi? Vallah, elə demək istəmədim, demək istədiyim odur ki, biləsən sən mənimsən və bu gündən etibarən sənin hər istəyin, diləyin mənim üçün qanundur. Eləcə də mənim istəklərimi dəyərləndirməni istəyirəm. Balamdı mənim, küsmə, oldumu? - Kənan onu sinəsinə sıxdı:
- Hə, bu da sənin kosmetikan, - deyib tarşerin çəkməcəsini açdı. Burda hər şey var, bəzən-düzən, çıxaq.
İlahi, Səlma dəli olmaq dərəcəsinə çatırdı.
"Bu oğlan nə etmək istəyir? Bu boyda yalan olarmı?"
Səlma artıq Kənanın tam ciddi olduğuna əmin olmağa çalışırdı. Beləcə Kənanın aldığı paltarlar olan qarderoba yaxınlaşıb seçim etməyə başladı. Firuzəyi rəngli don diqqətini çəkdi. Asılqandan onu götürüb geyindi. Paltar sanki, əyninə biçilmişdi. Çox yaraşırdı. Saçlarını arxaya topladı, kosmetik vasitələrdən çox istifadə etmədi, cüzi, hər şeydən bir az.
Həyətə enəndə Kənanın maşının yanında durub onu gözlədiyini gördü. Kənan:
- Allahım, bu nə gözəllik, ya Rəbbim, bu nə lütf?!-deyərək ona yaxınlaşdı:
- Öpüm? Yox, makiyajın pozular, -deyə gülümsəyərək əlindən tutub maşına sarı addımladı.
Qapını acdı:
- Buyurun, sultanım, - deyib oturmasına yardım etdi. Səlma nə deyəcəyini bilmirdi. Artıq fərqli düşünürdü: “ Ola bilməz, bu sevgi yalan ola bilməz.”
- Hə ömrümün bəzəyi, sənə daha bir sürprizim var.
Maşının istiqamətindən şəhərdən çıxacaqları aydın idi.
- Hara gedirik?
- Onu deməzlər, görəcəksən.
Yenə Kənan onu təəccübləndirməyə davam edirdi. İlhan Eremin ”Yemyeşil bir deniz senin gözlerin” mahnısı ətrafa yayıldı.
- Hə, ömrüm, nə sözün var daha?
- Daha nə sözüm olacaq ki, məni özünə təslim edən sürprizlərinlə? Məni kimsə bu günədək təəccübləndirə bilmədi, sənsə üç gündə məni şoka saldın.
- Hə, bəs indi, indi yenəmi inanmırsan mənim sevgimə?
Səlma susurdu, çünki daha deyəcək heç bir sözü qalmamışdı. Onlar şəhərdən xeyli uzaqlaşmışdılar. Maşın Mərdəkan istiqamətində hərəkət edirdi.
- Səninlə nağıl dünyam olsun istəyirəm, ömrüm, sən mənim xəyallarımın qadınısan, bunu unutma.
Dəniz kənarında yerləşən istirahət mərkəzlərinin birinin həyətinə girəndə qız yenə çaşdı. Yox, bu dəfə Kənanın gerçək insan olduğuna şübhələnirdi. “Kənan mələk ola bilərdimi?
Axı, insan bu qədər şeyi bilə bilməzdi. Bu, mümkün deyildi. O hardan bilirdi, Səlmanın bu mərkəzi çox sevdiyini, amma bu sevginin keçmişlə bağlı xatirələrə büründüyünü?”
- Hə, ömrüm, enəkmi?
Kənanın bu sualı onu xəyallardan ayırdı. Gecə buraları qəribə gözəlliyə qərq etmişdi. Onlar ləpədöyəndə qoyulmuş masaya yaxınlaşdılar. Qəribəydi, burada tək bir masa vardı. Masanın üstündə hər şey qırmızı rəngdə idi. Ürək formasında qırmızı şam, qırmızı qızılgül ləçəkləri...Səlma sanki nağıllar aləmində idi.

Xəyallarımın qadını

- Ömrüm, bunu mən belə sifariş etmişəm. Axı sən dənizi çox sevirsən, ləpələrin sənin ayağına salama gəlməsini istədim.
Səlma gülümsündü. Kənan onun stulunu çəkdi, əlindən tutub oturtdu.
- Hə, indi mənim balam desin, nə yemək istəyir.
Səlma utandı desin ki, "elə yedizdirmisən ki, məni, bir ay yemək yeməsəm, aclığımı hiss etmərəm..."
- Bilmirəm, sən nə yesən.
- Oldu, o zaman balıq yeyək. Hansı balığı sevir mənim balam? Nərə yoxsa kütüm?
- İndi sən seç, hansından yesən.
- Oldu, nərənin kababını, kütümün qızartmasını.
Kənan ofisiantı çağırdı, sifariş verəndən sonra onun qulağına nəsə pıçıldadı. Ofisiant getdi. Az sonra isə Eyyub Yaqubovun “Mənə dəniz verin” mahnısının həzin sədaları ətrafa yayıldı.
Səlma gülümsədi. Bu da Kənanın ona daha bir sürprizi oldu. Az sonra yemək gəldi.
- Ömrüm, rahatsanmı, hər şey qaydasındadır?
- Əlbəttə, bu qədər sürprizlərlə qarşılaşan insanın səncə rahatsızlığı olarmı? Hər şeyə görə çox sağ ol, əzizim. "Məni kimsə daha təəccübləndirə bilməz", - deyə düşünürdüm. Amma sən mənim bu fikrimi alt-üst etdin. Hər şey əladı, rahatam.
Kənan balıqdan kəsdi, üzərinə narşərabı töküb çəngəllə Səlmanın ağzına yaxınlaşdırdı. Səlma özünü itirdi:
- Mənim bayam ayzını açsın, - deyə Kənan sanki uşaq yedizdirirmiş kimi uşaq səsi ilə dedi.
Səlma ağzını açdı. O da uşaq kimi ağzını büzüşdürərək yeməyə başladı. Beləcə, bu cütlük həyatın ən gözəl anlarını yaşamağın ilk gününün lentini kəsdilər...
Səlma xoşbəxtliyin ağuşunda sanki mürgüləyirdi.
- Sultanım, rəqs edəkmi?
- Olar, -deyə Səlma gülümsünərək əlini Kənana uzatdı. Kənan onun əlindən tutub astaca özünə sarı çəkərək xırda addımlarla addımladı.
- Gülüm, az gözlə, -deyərək musiqiçilərə tərəf getdi.
Və.. və yenə Səlmanı təəccübləndirən jest etdi.
Səlmanın içində hələ də qaysaq bağlamayan, son nəfəsinədək unuda biləcəyinə inanmadığı nakam sevgisinin yadigarı olan məşhur türk müğənnisi Kayahanın “Ömür sayfam” mahnısı səslənməyə başladı. Kənan ona yaxınlaşdı. Səlmanın gözlərinə yenə yaz buludları çökmüşdü.

Xəyallarımın qadını

- Sultanım, nə oldu yenə?
Kənan ona sarıldı. Səlma sanki heç nə eşitmir, musiqinin qanadlarında sevgisindən doymadığı Nihadı düşünürdü. Birdən sanki masalardan birindən kiminsə ona baxdığını hiss etdi. Ağlayırdı, rəqs edə-edə ağlayırdı. Özünü Nihadın qollarında hiss edərək ağlayırdı. Qəfildən dəyişən musiqi parçası onu başını qaldırıb ətrafa baxmağa məcbur etdi.
“Arım, balım, pətəyim...”
Hmm... Deyəsən, Yaradan Səlmanın qəsdinə durmuşdu. Ürəyi partlamaq dərəcəsindəydi...

Ardı var...

Baxış sayı: 345