Din
31.07.2015 / 22:07

Qeydiyyata alınan dini icmaların sayı

Qeydiyyata alınan dini icmaların sayı

Azərbaycanda bu il dövlət qeydiyyatına alınan dini icmaların sayı açıqlanıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində bu ilin 6 ayının yekunlarına həsr olunan kollegiya iclasında bildirilib ki, dini qurumların dövlət qeydiyyatına alınması prosesi cari ilin altı ayında da davam etdirilib, onların ümumi sayı 632-yə çatıb.

Ötən dövrdə 672 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 147 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

Kollegiyada həmçinin qeyd olunub ki, cari ilin birinci yarısında ölkədə dini durumun təhlili həyata keçirilib, zərərli dini cərəyanların təbliğat üsul və metodlarının analizi, bu cərəyanların təbliğində geosiyasi amillərin rolu, zərərli cərəyanların ölkədə yayılma coğrafiyası və hədəfə aldığı sosial bazanın xarakterik cəhətləri, eləcə də bütün bunlardan yarana biləcək mümkün təhdidlər araşdırılıb, həmçinin ayrı-ayrılıqda fərqli din və məzhəblərə mənsub cərəyan ardıcıllarının etiqad baxışlarının davranışlarındakı təzahür formaları təhlil edilib.

Regionlarda vətəndaşların qəbul günləri qrafikinə uyğun olaraq respublikanın 6 bölgəsində vətəndaşlar Komitə sədri tərəfindən qəbul edilib. Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerində həll edilib, bəziləri isə nəzarətə götürülərək həlli istiqamətində müvafiq iş aparılıb.

İnform.az

Baxış sayı: 196