Diaspora Akademiyası
20.01.2019 / 00:30

Bakıda və Riqada yanvarın 20-də törədilən faciələr anılıb/FOTO

Bakıda və Riqada yanvarın 20-də törədilən faciələr anılıb/FOTO
Azərbaycanın Latviyadakı səfirliyi və Riqada yerləşən Barrikada Muzeyinin birgə təşkilatçılığı ilə 1990-cı ildə Bakıda və 1991-ci ildə Riqa şəhərində törədilmiş 20 Yanvar faciələrinin birgə anım tədbiri keçirilib.

İnform.az
-ın Trend-in verilən məlumatına istinadən verdiyi xəbərə görə, tədbir hər iki ölkədə eyni gündə baş verən faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Latviya ictimaiyyəti, hökumət nümaayəndələri və Azərbaycan icmasının tanınmış şəxslərinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Riqada, sonra Bakıda törədilən 20 Yanvar faciəsinə aid sənədli film nümayiş etdirilib.

20 Yanvar hadisəsinin canlı şahidi olduğunu qeyd edən səfir Cavanşir Axundov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqının qoşun hissələrinin Azərbaycanda milli azadlıq hərəkatını boğmaq üçün Bakı şəhərinə yeridilərək dinc əhaliyə divan tutduğunu və yüzlərlə insanı qətlə yetirdiyini söyləyib. Hər iki ölkədə baş vermiş oxşar faciələri heç vaxt unudulmayacaq və yaddaşlara qanla yazılmış azadlıq günü kimi dəyərləndirən səfir azərbaycan və latış xalqlarının iradəsi sayəsində tarixin dəyişdiyini vurğulayıb.

Xüsusi qəddarlıqla törədilən bu cinayətin təfərrüatlarından bəhs edən səfir həlak olanlar arasında qadınlar, uşaqlar və qocaların da olduğunu bildirib. Tankların qarşısına əliyalın çıxan xalq əzmini nümayiş etdirib. Azərbaycan qadınları da ərlərindən, atalarından, oğullarından geri qalmadan ölüm mübarizəsinə qoşularaq şücaət göstərib. Lakin qabaqcadan hazırlanmış bu təcavüz aktı Azərbaycan xalqının demokratiya, milli azadlıq və ərazi bütövlüyü uğrunda əzmini qıra bilməyib.

Bir il sonra eyni hadisənin 20 yanvar tarixində Riqada baş verdiyini qeyd edən C.Axundov xalqlarımızın bu zamana qədər sovet ideologiyasına əsaslanan yalan və saxtakarlıqlarla dolu bir cəmiyyətdə yaşadığına bir daha əmin olduğunu qeyd edib.

Azərbaycanda törədilən bu qanlı hadisəyə ilk olaraq ümummilli lider Heydər Əliyevin münasibət bildirdiyini qeyd edən səfir deyib ki, faciədən bir gün sonra ulu öndər Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək hadisəni kəskin şəkildə pisləyərək Kommunist Patiyası sıralarından çıxdığını bəyan edib. Ümummilli liderin hakimiyyətə qayıdışından sonra isə qanlı Yanvar hadisələrinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.

Barrikada Muzeyinin direktoru Renars Zalais Azərbaycanda törədilən 20 Yanvar faciəsinin 1991-ci ildə Riqada baş verən hadisələr ilə oxşarlıq təşkil etdiyini bildirib. 20 Yanvar tarixinin hər iki xalqı birləşdirdiyini qeyd edən direktor bu tarixin hər iki ölkədə azadlıq və demokratiyanın müdafiəsi naminə həlak olanların xatirəsinin anım günü olduğunu söyləyib.

Həmin gün Riqaya yeridilən sovet qoşun hissələrinin qabağını almaq üçün şəhərdə müxtəlif blok və barrikadaların qurulduğunu qeyd edən direktor bu barrikadaların qurulmasında həmin vaxt Riqada yaşayan çoxlu sayda azərbaycanlının da iştirak etdiyini deyib.

1990-92-ci illarda Latviya xalq cebhesi hərəkatının sədri Romualds Razuks çıxış edərək yaradılmış informasiya blokadası səbəbindən Azərbaycandakı hadisələrdən az məlumatlı olduqlarından azadlıq qələbəsinin belə faciəvi qazanılacağını təsəvvür etmədiklərini vurğulayıb. " Biz elə bilirdik ki, Moskva ilə danışıqlarda hər şeyi sülh yolu ilə həll edəcəyik. Lakin 1991-ci ilin qanlı yanvar günündən bir neçə ay əvvəl demokratiyanın sülhlə qazanılmayacağını anladıq." deyən partiya sədri hər iki xalqın qanla əsas dəyərini - öz müqəddəratını həll etmək ixtiyarını qazandığını qeyd edib.

Latviya prezidentinin etnik azlıqlar üzrə müşaviri Roman Əliyev də çıxış edərək ötən əsrin son onilliyində baş vermiş və tarixə Qara Yanvar kimi keçmiş həmin günü Azərbaycan və latış xalqının bənzər azadlıq mübarizəsi adlandırıb. Latış xalqı heç vaxt bu tarixi unutmayacaq, çünki məhz Bakı faciəsi onları müəyyən mənada xilas etdi. Bakıda baş vermiş qətliam bir ildən sonra Riqada təkrarlanıb. Riqanın "barrikada günləri" rəsmi Moskvaya bir daha sübut etdi ki, insanlar azadlıqları uğrunda sonadək gedəcəklər. "Mən 1990-cı ilin 20 yanvar tarixini yaxşı xatırlayıram. Mən həmin gecə barədə latış dostlarıma informasiya verəndə onlar bu qəddarlıqdan dəhşətə gəlmişdilər. Biz, Latviya azərbaycanlıları barrikadaarda latış xalqı ilə birlikdə keşik çəkirdik, biz ayrılmaz idik. Biz bilirdik ki, Qara Yanvar şəhidləri qanını boşa axıtmayıb. Bu gün xalqımız onların- azadlıq uğrunda can verənlərin əziz xatirəsini yaşadır"deyə o bildirib.

Sonra hər iki ölkədə baş vermiş faciə qurbanlarının xatirəsinə ehsan süfrəsi açılıb.

Bakıda və Riqada yanvarın 20-də törədilən faciələr anılıb/FOTO


Bakıda və Riqada yanvarın 20-də törədilən faciələr anılıb/FOTO


Bakıda və Riqada yanvarın 20-də törədilən faciələr anılıb/FOTO


Bakıda və Riqada yanvarın 20-də törədilən faciələr anılıb/FOTO




İnform.az

Baxış sayı: 71