Ədəbiyyat
18.01.2019 / 12:00

Xəyallarımın qadını

Xəyallarımın qadını
Xalidə Xalid


HEKAYƏ


Əvvəli burada:http://inform.az/index.php?newsid=37844

- Hə, çatdıq… Sürücünün kobud səsi Səlmanı diksindirdi.

Kənan maşından düşüb Səlma üçün qapını açdı.

Səlma endi:

- Çox sağ olun ,Kənan, minnətdaram, zəhmət verdim. Haqqınızı halal edin.

- Buyurun, halal xoşunuz olsun, mən nə elədim ki, bu bir kişinin bir xanıma qarşı diqqətidir, vəssalam.

Ayrıldılar. Səlma hələ də bugünkü olanlara inanmırdı. Sanki yuxuda idi, oyanmağa qorxurdu.

Evə girib paltarını dəyişmədən yatağa uzandı.

Gözlərini tavanda bir nöqtəyə zillədi. Gülümsədi və gözlərini qapadı.

Pıçıltıyla: “Kənan, Kənanım, kaş indi yanımda olaydın, kaş indi başımı sinənə qoyub, ürəyinin döyüntüsünü dinləyəydim.”

Elə bu düşüncələrlə yuxuya getdi. Üşüməsə idi, elə beləcə də yatacaqdı.

Gözünü açıb saata baxdı : “ Ay da, sabaha az qalıb ki…”

Qalxıb əynini dəyişdi, vanna otağına keçib duş aldı. Çıxıb mətbəxə keçdi. Çayı isidib süzdü.

Qonaq otağına keçib divanda oturdu. Bilgisayarını dizi üstünə qoyub əvvələr olduğu kimi yenə də saytlarda Kənanı axtarmağa başladı, facebooku açdı.

Kənanın səhifəsinə baş vurdu. Gözlərinə inanmadı. Onun yeni yazdığı statusu görəndə özünü itirdi: “Xəyallarımın qadını - həyatıma xoş gəldin”.

Səlmanı sanki elektrik çarpdı: “Ya Rəbbim, özün məni şeytani hislərdən qoru, hislərimə sahib çıxmama yardımçı ol,ilahi”.

Kənan səhifəsində Səlmanı səsləyirmiş kimi statuslar paylaşırdı.

“Mən ömrümü sənə hədiyyə etdim, qarşılıq istəmədən” və yaxud “Bilsəm ömürlük könül mülkümə sahib olacaqsan, səni o mülkə sultan edərəm” və yaxud “Qolların boynuma kəmənd olsa, boğulmağa hazıram”.

Səlma xoşbəxt idi. Elə xoşbəxt idi ki, sanki sevincindən qanad taxmışdı, sevinc yaşları gözlərində göllənmişdi, ağlayırdı. O, hələ də Kənanın onu sevdiyinə inanmırdı.

Amma inanmaq istəyirdi, çünki onun da bütün qadınlar kimi sevgiyə çox ehtiyacı vardı.

Xəyallarımın qadını

Mən ömrümü yelə verdim.
Nədən verdim, niyə verdim?
Sevgi deyib dad edərkən,
Xosbəxtliyi yelə verdim.

Səlma bu misraları statusunda paylasdı. Sabah açılırdı, amma onun yuxusu başqa ünvanda kirayədə idi. Divana uzanıb gözlərini yumdu. Kənanı düşünməyə başladı. Onunla ən gözəl anlarının rəsmini xəyalına həkk edirdi. Kənan onun üçün şirin bir röya, gerçək olmayan bir dünya idi.

Səlma nə qədər istəsə də, Kənanın sevgisinə inana bilmirdi. Virtual aləmdən tanıdığı bu adama axı necə inanaydı?

Həyatını qurban verdiyi biri ona xəyanət edərkən, onu yalanları ilə param-parça edərkən, illərdən sonra virtualda tanıdığı birinə necə inanaydı?

Bu düşüncələrlə yuxuya gedən Səlma bir də günorta oyandı.

İşə gecikmişdi ,"Of, bu nədir, ilahi? Olmaya, mən yenə sevməyə başlayıram?

Qurban olum sənə, ya Rəbbim, əgər bu da mənə acılar yaşadacaqsa, imkan vermə mən yenidən sevim", - deyə pıçıldadı.

Nahar edib evdən çıxırdı ki, telefon yenidən zəng çaldı. Ani olaraq o, yenə özünü itirdi. Bu zəngin Kənanın olduğu sanki ürəyinə damdı. O idi:

- Bəli eşidirəm ,- deyə astaca cavab verdi.

- Dəniz gözlüm, günün aydın olsun.

Səlmanı infarkt vurmadısa, şükür etdi. Kənan isə etiraz etməyə yol saxlamadı:

- Hardasınız, işdəmi?

- Xeyr, yuxuya qalmışam, işə çıxa bilmədim. İndi kitabxanaya gedirəm.

- Hə, demək yolumuz birdi.

- Necə yəni?,- Səlma çaşdı.

- Hə, hə, mənim də o tərəflərdə işlərim var, gözləyin indi gəlib sizi götürüm, gedək.

- Yox, Kənan, zəhmət çəkməyin, özüm gedirəm.

- Olmadı ki, etiraz qəbul olunmur,-deyə Kənan yenə də ərkyanalıq elədi.

Səlmanın etiraz etməyə imkanı qalmadı. Aşağı endi. Evlərinin yaxınlığındakı avtobus daynacağına sarı addımlayırdı ki:

- Səlma xanım, buyurun,-deyən Kənanın səsini eşitdi.

Yanında qara rəngli BMW-720 markalı avtomobil dayanmışdı.

Bu qədər təsadüf ola bilərdimi?!

Bu maşın Səlmanın xəyalları idi. Avtomobillər haqqında çox oxuyurdu.

Uşaqlıqdan maşın sürmək arzusundaydı. BMW markası haqqında öyrənəndən sonra isə "720"-yə aşıq olmuşdu.

Amma onun BMW-720 barədəki sevgisini yalnız çox yaxın çevrəsi bilirdi. Kənan hardan bilərdi ki?

Kənanın maşından düşüb qapını açması onu düşüncəsindən ayırdı. Bir anlığa özünü Kənanın xanımı olaraq təsəvvür etdi, maşına oturdu.

Sürücünü gözü aradı, Kənanın sükan arxasına kecdiyini görəndə duruxdu.

Kənan qızın verə biləcəyi sualı sanki hiss etmişdi:

- Mənimdi, sadəcə ilk görüşə özüm bununla gəlmədim ki, məni yanlış anlamayasınız.

Bu sözdən sonra Kənana olan sevgisi daha da artdı. Bu zəmanədə gənc bir oğlanın belə dərindən düşünməsi ona ləzzət eləmişdi. Kənan güzgüdən ona baxırdı. Səlma bu baxışların tilsiminə düşmüşdü.

- Əzizim, siz axı niyə bu qədər utanırsınız, mən sizi özümə yad bilmirəm, axı siz mənə çox əziz və doğmasınız. Siz mənim xəyallarımın qadınısınız, mən sizə çox bağlanmışam, çox.

Həyatımda olmanızı istəyirəm, mənə aid olmanızı istəyirəm. Artıq sizli-bizli müraciət formasını sənlə əvəzləmək istəyirəm. Axı, mən də insanam. Mənim sizə olan saf hislərimi yanlış anlamayın.

Səlma:

- Kənan, hər şeyin zamana ehtiyacı var. Məni sıxışdırmayın, mən sizin təsəvvür etdiyiniz qədər xoşbəxt qadın olmamışam. Həyat çox hədiyyələr verib mənə, təbii sevindirici olmayan. Məni həyata bağlayan tək ilahi eşqim olub. İnsan deyilən məxluqun nə sevgisinə, nə səmimiyyətinə artıq inanmıram. Hislərinizi anlayışla qarşılayıram, amma rica edirəm, mənə zaman verin. Hər şeyi zamana buraxaq.

- Olsun, amma məndən qaçmayın. İmkan verin istədiyim kimi qulluğunuzda durum. Sizə bundan sonra xoşbəxt həyat yaşadacağıma əminəm.

Səlma gülümsəyərək:

- Necə də tanışdı bu kəlmələr. Siz kişilər sanki hamınız eyni bulaqdan su içmiş kimisiniz. İstədiyinizə çatmaq üçün eyni kitabdan sitat gətirisiniz.

Səlmanın bu sözü Kənanı bıçaq kimi kəsdi:

- Olmadı ki, əzizim. Sən niyə bir nəfərə görə hamıya eyni gözlə baxırsan? Olmaz, əzizim, olmaz.

-Yaşayaq, görərik,- deyə Səlma istehza ilə gülümsədi.

Kənan maqnitofonun səsini ucaltdı .Soner Arıca idi oxuyan. “Yüreyime ekdim seni” mahnısı ilə.

Bu, Səlmanın çox sevdiyi müğənnilərdən idi. Kənan onun sevdiyi mahnıları hardan bilirdi?

Sonra anladı ki, o tez-tez facebookda sevdiyi mahnıları paylaşırdı.

- Ee? Əzizim, Soner də mi mənim eşqimdən heç nə demir sənə?

“Yüreyime ekdim seni”, bax mənim dilimdən söyləyir.

Səlma susurdu, gözlərindən axan yaş damlaları yanaqlarında nizama düzülürdü.

- Səlma, nə oldu sənə? Səni ağladan nədir, nə olar, məndən heç nə gizlətmə, paylaş mənimlə.

Səlma susurdu, çünki Kənana hələ də inana bilmirdi. Qorxurdu, yenə yanılmaqdan qorxurdu. Qorxurdu , qorxurdu ki, onu sevə, Kənan da ona xəyanət edə. Qorxurdu və hiss edirdi ki, bu münasibət heç də ona gözlədiyi sevinci tam verməyəcək. Beləcə, Səlma sakit-sakit ağlayır, Kənansa onu ovundurmağa söz tapmırdı.

- Səlma, nə olar, sakit ol, bax sən tək deyilsən, artıq mən varam. Daha kimsə səni incidə bilməz, kimsə.

İnanmırdı, amma ona inanmaq, ömrünün sonunadək onun olmaq istəyirdi, amma deyir, sən saydığını say, gör fələk nə sayır...

Artıq kitabxananın önündə idilər. Kənan maşından enib Səlma üçün qapını açdı:

- Dəniz gözlüm, buyur, - deyə əlindən tutub enməyinə yardım etdi.

Səlma müvəqqəti də olsa, xoşbəxt idi. Müvəqqəti... bəli, müvəqqəti, çünki bilirdi, bu sevdanın sonunun olduğunu. Amma özünü aldatmağa çalışırdı.

- Nə vaxt bitəcək burada işin? Gəlib səni götürüm, gedək bizə. Evimi, yox, yox, evimizi tanı. Evimizi ha!

- Burdan son çıxan oxucu mən oluram həmişə, yenə mən olacağam.

- Hə,anladım, demək, saat 6.00-da

- Aha.

Ayrıldılar. Səlma asta addımlarla kitabxananın pillələrini qalxmağa başladı. Ani olaraq arxaya çevrildi. Kənan getməmişdi, maşının açıq qalan qapısına dayanıb onun ardınca baxırdı.

Səlma gülümsədi, bu gülüşdə nələr yox idi, kinayə, ümidsizlik, həsrət və sonu bilinməyən acı həqiqət.

Kənan əlini yelləyərək sağollaşdı.

Xəyallarımın qadını



Ardı var...

Baxış sayı: 528