Elm-təhsil
17.01.2019 / 17:00

AMEA Naxçıvan Bölməsində “Əli və Nino” romanı müzakirə olunub

AMEA Naxçıvan Bölməsində “Əli və Nino” romanı müzakirə olunub
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda Qurban Səidin “Əli və Nino” romanının müzakirəsi keçirilib.

Bölmənin İnformasiya şöbəsindən İnform.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 28 avqust 2017-ci il tarixli Sərəncamına əsasən baş tutan tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açıb.

O, bildirib ki, dünyanın 30-dan çox dilinə tərcümə olunan əsərdə müəllif əcdadlarının adət-ənənələrinə sadiq qalan, Vətəni uğrunda həyatını qurban verməyə hər an hazır olan Əli və gürcü Ninonun obrazını yaradıb.

Əbülfəz Quliyev romanda hadisələrin əsasən Bakıda cərəyan etdiyini, həmçinin Əlinin Dağıstan, Qarabağ, Gürcüstan və İrana səyahətindən söhbət açdığını deyib.

Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra Əli və Ninonun birlikdə yenidən Bakıya qayıtması və dövlətin mədəni həyatında fəal iştirakının qələmə alındığını vurğulayıb.

Tədbirdə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Milli istiqlal və multikultural düşüncəyə həsr olunan roman” mövzusunda məruzəsi dinlənilib.

Daha sonra Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimov və bölmənin Mərkəzi Elmi Kitabxanasının direktoru Sahab Əliyeva çıxış edərək sözügedən romanın dəyərindən bəhs ediblər.



İnform.az

Baxış sayı: 186