Diaspora Akademiyası
17.01.2019 / 16:00

Bişkekdə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib/ FOTO

Bişkekdə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib/
2019-cı ilin yanvar ayının 17-də Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyində 20 Yanvar müsibətinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Səfirlikdən İnform.az-a verilən məlumata görə, tədbirdə Qırğız Respublikası Joqorku Keneşinin (Parlamentin) Azərbaycan Respublikası ilə dostluq qrupunun rəhbəri Tazabek İkramov, Hökumətinin təmsilçiləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri, rektorlar, ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun üzvləri və ölkənin kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edblər.

Tədbirin əvvəlində qonaqlar Səfirliyin foyesində 20 Yanvar müsibətindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitab sərgisi ilə tanış olublar.

Daha sonra 20 Yanvar müsibətini özündə əks etdirən foto sərgiyə baxış keçirilmiş, iştirakçılara press-relizlər təqdim edilib.

Tədbirin açılışında ölkəmizin CBC televiziya kanalının rus dilində çəkdiyi 20 Yanvar müsibətindən bəhs edən “Qara Yanvar” adlı sənədli film nümayiş olunub.

Sonra 20 Yanvar şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanların ruhu ehtiramla yad olunmuş, Bişkekdəki “İmam Əli” məscidin axundu hacı İlqar Radjev tərəfindən Qurandan ayələr oxunub.

Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov tədbiri açaraq Qanlı Yanvar hadisələrinin şəhidlərinin xatirələrini bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib.

Səfir 20 Yanvar müsibətinin törədilməsi cinayətlərinin yalnız Azərbaycan xalqına qarşı deyil bütün bəşəriyyətə qarşı vandallıq nümunəsi olduğunu əsaslı dəlillərlə mərasim iştirakçılarının diqqətinə çatdırıb.

Səfir sovet ordu hissələrinin, daxili qoşunların və xüsusi təyinatlı dəstələrin iri kontingentinin Bakıya yeridilərək, xüsusi qəddarlıq və görünməmiş vəhşiliklər törədildiyini, 134 insan qətlə yetirildiyii, 744 insanın yaralandığını, 841 nəfərin əsassız olaraq həbs edildiyini bildirib.

Səfir Ulu Öndər Heydər Əliyevin 20 Yanvar müsibətindən dərhal sonra Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək, qətliamı törədənləri ifşa etdiyini və onların cinayət məsuliyyətinə cəlb olunmalarını tələb etməsini diqqətə çatdırıb.

Hidayət Orucov, 20 Yanvar gününün Azərbaycan xalqının tarixində qanlı fəlakət ilə yanaşı, həm də qəhrəmanlıq salnaməsi kimi iz buraxdığını, hər bir insan ölümünün faciə olduğunu söyləyərək, lakin öz ölkəsinin azadlığı və müstəqilliyi yolunda canından keçən Azərbaycan övladlarının həlak olmaları ilə qəhrəmanlıq salnaməsinin mühüm bir səhifəsinə tarix yazdıqlarını bildirib.

Diplomat 20 Yanvar 1990-ci ildə Azərbaycan xalqının hərbi, siyasi və mənəvi təzyiqlərə məruz qalsa da öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu qeyd edərək, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb.

Daha sonra çıxış edənlər: “Azəri” İctimai Birliyinin sədri, Qırğızıstanın Əməkdar hüquqşünası Əzizağa Əliyev, Böyük Vətən Müharibəsinin veteranı, Qırğızstanın Əməkdar inşaatçısı Əsəd Həsənov, Qırğızstanın Kant şəhər Parlamentinin deputatı Rəhim Rəhimov, Əməkdar həkim, Qırğız-Rus Slavyan Universitetinin kafedra müdiri professor Zakir Qəmərli, Bişkekdəki 44 saylı orta məktəbin direktoru Flora Xəlilova və başqaları Azərbaycanın keçmiş sovetlər birliyi ölkələri arasında müstəqillik üçün mücadilə aparan dövlətlərdən biri olduğunu, sovet rəhbərliyinin öz əhalisinin qırğınına rahatlıqla göz yummasının onların qeyri-konstruktiv mövqeyinin, satqın siyasətinin bariz sübutu olduğunu bildirib.

Onlar sovet ordusu tərəfindən Bakıda və ölkəmizin bir sıra digər ərazilərində törədilmiş vəhşiliklərdən, bu qanlı müsibətdə, başda Mixail Qorbaçov olmaqla, onların bütün beynəlxalq hüquq normalarına zidd hərəkət etmələri barədə danışıblar.

Sonda səfir Hidayət Orucov tədbiri yekunlaşdıraraq iştirakçılara ətraflı çıxışlara görə təşəkkür edərək qeyd edib ki, bu ağır cinayət həm də ona görə dərindən öyrənilməli və həmişə xatırlanmalıdır ki, bundan sonra dünyanın heç bir güşəsində belə hadisə bir daha baş verməsin.

Bişkekdə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib/


Bişkekdə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib/


Bişkekdə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib/


Bişkekdə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib/


Bişkekdə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib/




İnform.az

Baxış sayı: 246